Selcanın məmləkəti-4

O zaman da bugünkü kimi idi. 10 il bundan əvvəl, 2001-ci il. «Vətəndaş Həmrəyliyi» qəzetinə baş redaktor kimi dəvət olunmuşdum və oktyabrın 17-də qəzetin mənim baş redaktorluğumda ilk sayı işıq üzü görəcəkdi. Qəzetin ilk sayının ayın 18-nə düşməsini də özümüz planlaşdırmışdıq. Müstəqillik günü münasibətilə özəl sayı çıxarmaq istəyirdik. Qızğın iş gedirdi və mən çox narahat idim. İlk övladım dünyaya gələcəkdi, amma bu gəlişin ya bir gün əvvəl, ya da bir gün sonra olmasını istəyirdim. Axı ayın 17-si mənim üçün çox kritik tarix idi. Qəzet çıxırdı.

Hə, Sən bax elə həmin gün gəldin. Nə yedin-nə içdin, düz axşam saat 19.00 padələrində ananı xəstəxanaya apardın və axşam saat 22.00 radələrində dünyamıza təşrif buyurdun. Biz o zaman iş rejimimizi pozmadan işlədik. Gecənin gec saatlarına qədər qəzeti çapa hazırladıq və «Azadlığın 10 ili» manşeti ilə işıq üzü gördük. Yəni mən ənənəvi ata ola bilmədim – Sənin dünyaya gəlişini xəstəxananın qarşısında qarşılaya bilmədim.

O gün-bu gün… Bax, 10 yaşın tamam oldu. Eyni hal. O zamandan fərqli olaraq indi Sənə olub-bitənləri danışıram və Səninlə dərdləşirəm. Artıq mənə kömək edirsən, yazı yazırsan, qəzetin işlərində iştirak edirsən. 10 il keçib – artıq azadlığımızın 20 ili gəlir bu gün. Biz yenə 10 il bundan əvvəlki zamanda olduğu kimi tələsik idik. Apar-topar yığışdıq, tələsik tortunu kəsdik, iş yoldaşların – biz də daxil olmaqla – ad gününü qeyd etdik. 10 il bizim həyatımızda elə bir şey dəyişməyib demək ki. Sadəcə o zaman Sən hələ yenicə dünyaya gəlirdin, indi isə Sən mənim silahdaşlarımdan birisən.

Sən həm də mənə Azərbaycanın müstəqilliyini çağrışdırırsan. Sən həm də mənim üçün müstəqil Azərbaycan qədər əzizsən. Sən gəlməsəydin, mənim həyatım necə olardı? Təsəvvür edirsənmi, Azərbaycan müstəqil olmasaydı, bizim həyatımız necə olardı? Sənsiz də elə olardım.

Amma Tanrı rəva görmədi. Səni, ardınca da ikinci mələyi göndərdi ki, məni hər zaman formada saxlayasınız. Hə, məhz formada saxlayasınız…

Mənim insanları xüsusi təbrik etmək vərdişim yoxdur. Mənim atam da elə idi – məni ən uğurlu işlərimdə belə təbrik etməzdi. O, məndən ən əlanı gözləyirdi. Mən ən yaxşı olmalı idim, ən yaxşı qiymətləri almalı, hamıdan seçilməli, hamını ötüb keçməli idim. Ki, Sənin gözəl baban, mənim əziz atam məni tərifləsin, təbrik etsin, mənə «5» versin. Xasiyyətimdəki ağırlıq və tələbkarlıq bəlkə də ondan gəlib. Bu qədər çox işləmək və yorulmadan işləmək də Onun təsiridir, bilirəm. Nəsildən-nəsilə keçir ya, baxıram, Səndə də o əlamətlər var. Bu yaşında məsuliyyətlisən, işgüzarsan, səliqə-sahmanın da yerindədir. Amma mən heç bir zaman ən böyük və ən yüksək olmayınca qəbul etməyəcəm, indidən deyirəm.

Biləsən, biz Avropadan və müasir dünyadan azı 200 il geridəyik. Başımızda olanlar bizi daha da gerilərə atmaqla məşğuldurlar. Nə etməliyik? Müasir alman gəncindən, ingilis gəncindən, fransız gəncindən ən azı 200 dəfə çox çalışmalı, işləməli, oxumalıyıq ki, gəlib onlara çataq və onları ötüb keçək. Bizim dünya lideri olmaq üçün imkanlarımız var. Pulumuz var, sərvətimiz var, ağlımız var  – hər şeyimiz var. Sadəcə o qədər oxumalıyıq ki, müasir mədəniyyətə çatmaq yollarını kəşf edə bilək. Dünyanı dəyişdirək, dəyişdirmək gücündə olaq.

Biz bölünmüş və parçalanmış bir millətik. İçimizdə bizi bir qurd kimi gəmirənlər var. Dünyaya səpələnmiş milyonlarla başsız qalan soydaşlarımız var. Hər yerdə bir-birimizi didib-parçalamağa hazır vəziyyətə gətirilmişik. Elə etməliyik ki, bütün bu naqisliklərimizi ortadan qaldıraq. Özümüzə, sərvətlərimizə, taleyimizə, tariximizə sahib dura bilməliyik. Bunun üçün az oxumaq olmaz, «4» almaq olmaz, universitet imtahanlarında «699» balla kifayətlənmək olmaz. Bunun üçün hər zaman «5», «100» almaq, universitetə ən azı «700» bal toplamaq lazımdır. Yoxsa məndən təqdir almaq, təbrik eşitmək yox, mənim gözəl balam! Tamammı?

Səni təbrik edirəm, Selcanım! Azərbaycanın 20, Sənin 10 yaşın var, Vətəninlə məsud ol, qızım!

Mənim məmləkətim qədər gözəl balam!

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button