Senator Türkiyəyə qarşı “ağır sanksiya”nın ipuclarını verdi

Türkiyə ilə ABŞ arasında S-400-lərlə bağlı gərginlik artıb.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, “Voice of America”nın suallarına cavab verən ABŞ Senatının Xarici əlaqələr Komitəsinin rəhbəri Cim Riç ötən gün Ərdoğanın “Türkiyə Rusiyadan alınan S-400-lərdən vaz keçməyəcək” bəyanatına şərh verib.

O bildirib ki, ABŞ-ın Türkiyəyə tətbiq edəcəyi “ağır sanksiya” sənədi artıq qapıdadır: “Bu sanksiya “ABŞ-ın beynəlxalq təhlükəsizliyi və İŞİD-in canlanmasının qarşısını almaq” adı altında qəbul ediləcək. Sənəddə Türkiyənin Milli Müdafiə naziri başda olmaqla, üst səviyyəli məmurlarına sanksiya tətbiq edilməsi ilə yanaşı, Türkiyənin Suriyada istifadə etməsi təxmin olunan silah tədarükünün qadağan olunmasından bəhs edilir. Buraya Rusiyadan alınan S-400-lərlə bağlı digər sanksiya növlərinin əlavə ediləcəyinə də şübhə olmamalıdır”.

Senator bildirib ki, S-400 məsələsində Türkiyəyə çox səbr göstəriblər: “Artıq yolun sonuna gəldik. Bayram sona çatdı”.

Senator Trampla Ərdoğanın Londondakı son görüşünün sanksiyanın ertələnməsinə səbəb olub-olmayacağı haqda suala isə belə cavab verib:

“Prezidentin adından danışa bilmərəm. Bizim baxışlarımız hər zaman üst-üstə düşməyə bilər. Ancaq Tramp da artıq sanksiyanın tətbiq edilməsinin vacibliyinin fərqindədir. Məncə, onun da səbri artıq daralıb”.

“Bəs, sanksiya nə vaxt tətbiq olunacaq” sualına isə senator “Dəqiq tarix yoxdur, ancaq biz mümkün olduğu qədər sürətli hərəkət edirik”, – deyə cavab verib.

O, sonda F-35-lərlə bağlı yaranan problemdən də danışıb: “Bilirsiniz ki, Türkiyə S-400 raketlərinə görə F-35 layihəsindəki ortaqlıqdan çıxarılıb. Bəli, Türkiyə 115 ədəd F-35 sifariş verib, onun da 5-nin pulu ödənilib, sifariş hazırlanıb. Lakin S-400 Türkiyədə olduğu müddətdə, bu qırıcılar ABŞ-dan ayrılmayacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button