Separatçı rejimin rəhbərlərinin həbs müddəti uzadılıb

Yayımlandı: 11 Oktyabr 2024 20:09

14 nəfər haqqında istintaq işi davam edir

Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 14 nəfərin haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, onların haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinin vəsatətlərinə və Baş prokurorun təqdimatlarına Binəqədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatları təmin edib. Qərara əsasən, sözügedən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Onların haqqında araşdırmaları Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının əməkdaşlarından ibarət birgə istintaq qrupu aparır.

“Cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub”, – Baş Prokurorluqdan bildirilib.

Sentyabrın əvvəlində Baş prokuror Kamran Əliyev Rusiya mediasına açıqlamasında separatçılarla bağlı istintaqın yekunlaşdığını və yaxın vaxtlarda cinayət işinin materiallarının məhkəməyə göndəriləcəyini bildirmişdi:

“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək ”.

Kamran Əliyev vurğulayıb ki, təqsirləndirilən şəxslərin ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun bütün hüquqları təmin olunub:

Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.

2023-cü il sentyabrın 19-da Azərbaycanın keçirdiyi hərbi əməliyyatdan sonra Qarabağda separatçı rejimin bir sıra vəzifəli şəxsləri saxlanılaraq, Bakıya gətirilib. Onların arasında yuxarıda adları çəkilənlərlə yanaşı, keçmiş “dövlət naziri” Ruben Vardanyan və başqaları da var.

Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) maddələrilə ittiham irəli sürülüb. Bu ittihamlarda 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar Azərbaycan ərazilərinin minalanması, 2020-ci ildə Gəncə və Bərdəyə raket atılması, nəticədə mülki əhalinin öldürülməsi, terror hücumlarının təşkili və başqa çoxsaylı cinayətlərdə ittiham olunurlar.
Həbsdə olanların bu ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button