Sergey Şoyqu: “Avropa İttifaqının Ermənistandakı missiyasında hərbçi və kəşfiyyatçılar var”

Yayımlandı: 25 May 2023 13:46

“Qərb varlığını gücləndirmək və Rusiyanın sülhməramlı siyasətini gözdən salmaq üçün hər cür cəhd edir”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbi tənqid edib.

“Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.

Bunu mayın 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Dağlıq Qarabağda təhlükəsizliyi Rusiyanın sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb varlığını gücləndirmək  və Rusiyanın sülhməramlı siyasətini gözdən salmaq üçün hər cür cəhd edir”, – deyə Şoyqu iddia edib.

O deyib ki, Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır:

Qərb üçün əsas məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək. Buna misal olaraq Ermənistanda hərbi qulluqçuların və kəşfiyyatçıların daxil olduğu Avropa İttifaqının mülki missiyasını göstərmək olar. Düşünürəm ki, onların əslində nə işlə məşğul olduğunu izah etməyə ehtiyac yoxdur”.

Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, – deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

Mayın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar bəyanatla çıxış etmişdi.

Rusiyalı nazir demişdi ki, ABŞ Ermənistandan Rusiya hərbi bazasını öz ərazisindən çıxarmağı xahiş edir, bunun müqabilində respublikanın təhlükəsizliyini təmin edəcəyinə söz verir:

“Mən bilirəm ki, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhəddən də hərbçiləri çıxarın. Amerikalılar təhlükəsizliyin təmin edilməsinə kömək edəcək”.

S.Lavrov Vaşinqtonun bu addımını açıq təxribat adlandırmışdı:

Bu, diplomatiya deyil və artıq bu diplomatiya yoxdur. Birbaşa rüşvət var”.

Mayın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan demişdi ki, KTMT missiyası Ermənistan ərazisində fəaliyyət göstərməyəcək.

Bunun səbəbi onların Ermənistanın ərazi bütövlüyün tanımamalarıdır.

Əgər KTMT bunu bəyan edərsə ki, Ermənistan ərazisi nə qədərdir, o zaman problemlərin 90 faizi aradan qalxacaq”, – deyə Paşinyan əlavə etmişdi.

Fevralın 20-də Avropa İttifaqının 100 nəfərdən ibarət yeni missiyası ikiillik mandatla Ermənistana gəlib.

Missiyanın ictimaiyyətə açıqlanan məqsədləri bunlardır: sərhədyanı ərazilərdə sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün əlverişli mühitin təmin olunması.

Martın 10-da Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından imtina etmişdi.

Yanvarın əvvəlində isə Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.

1992-ci ildə yaranan KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button