Sevən qadın və zorba kişi!

Zümrüd Yağmur

Özünüzü seçin, cəhənnəmdən qorunun…

 Esse

 Fərd  “biz”lə deyil, “sən” və “mən”lə yaşayır…

“Sən” daha çox qadının qarşısındakı adama, sevdiyinə görə müəyyən etdiyidir, qadın birini sevirsə “sən”cilləşir, hər şeyini, bütün arzu, istək, planlarını qarşısındakı “sən”ə görə qurur, həyata daha çox “sən”in nəzərləri, yanaşmaları ilə baxmağa çalışır, hətta sevdiyinin arzularını həyata keçirmək üçün öz “mən”indən vaz keçib tamamilə sevdiyi adamda, qarşısındakı “sən”də itib-batır. Bütün fədakarlıqlar, acılar, əzablar, kədər, qüssə, fəryadlar məhz qadının “sən”cillləşməsi ilə bağlı olur, çünki qadın həyatla bağlı bütün dalğalarını sevdiyinin dalğalarına tuşlayır, onunla nəfəs almağa başlayır, hətta tək bununla qalmır, sevdiyini nəfəsinə çəkib öz içində saxlamağa, onu öz sevgi qəfəsində qorumağa, özümsəməyə çalışır. Bu, eqoistlik, ya da məncillik deyil, yad olan birini özümsəmək üçün bütün əzablara rəğmən onu içində tuta bilmək, ruhuna köçürə bilmək mücadiləsidir. Qarşındakının gözlərində, bəbəklərində bir gün yoxa çıxmasının qorxusunu yaşamaq üçün etdiyi fədakarlıqların bir gün ona yardım edəcəyini düşünərək verdiyi qurbanlıqdır.

Mahiyyətdə qadının xarakterindəki fədakarlıq onun öz seçimi deyil, hətta bəlkə də dünyanın acımasızcasına kimsəsizləşmə ağrısını yaşatmaq üşün qadının ürəyinə yüklədiyi yükdür, ya da dünya öz qurbanlığını qadın olaraq seçib ona tələ qurmuşdur… Çünki dünya, insan fədakarlığını və “sən”cilliyi qaldıracaq qədər alicənab deyil.

Qadın sevdiyinin “sən”ində itdikcə, dünyasının bu sevgidə bərqərar olduğunu sanır. “Sən” onun mənini əzməyəcək, əksinə, qoruyacaq. Beləcə, uşaq yaşlarından qızların röyalarını güclü, at üstündə oturmuş şahzadə  bəzəyir, bütün qadınlar bu yuxunun şirinliyi, romantikliyi, rəngarəngliyi ilə böyüyür. Pəri nağılları ilə böyüyən qadın bir azdan rastlaşdığının məhz atlı şahzadə olduğunu güman edib onun qoruyucu missiyasına tabe edir özünü… Çünki bu onun inanmaq istədiyidir və qadın inanmaq istədiyini özü belə hiss etmədən yaratmağa başlayır. Şahzadəsini özü yaradır, atın üzərində dik duruşunu, qürurunu, gözəl görünüşünü uydurduğu nağıllardakı kimi formalaşdırmağa başlayır. Bəzən şahzadə atın üstündən əyilir, az qalır yıxılsın, amma qadın dayanmadan işləyir, şahzadəsini belə asanlıqla və tez itirmək istəmir, onu atın üzərində oturtmaq və nağıl qəhrəmanının zədələnməməsi üçün bütün əzabları gözə alır.

Bu zaman qarşıdakı şahzadəsinin “sən”cilinə çevrildiyindən, bir azdan özünün yaratdığı şahzadə qarşısında əslində bir köləyə çevrildiyinin fərqinə belə varmır.

Qadın şahzadəsini yaradan kimi daha əzab-əziyyətin geridə qaldığnı zənn edir, of, nəhayət ki, o, xoşbəxt və rahat ola bilər…

Bilərmi?! Yox, çünki “mən”i unudub şahzadə yaradanda özünü o qədər “sən”in kölgəsinə salıb əzmiş ki, yaratdığı şahzadə onu bəyənmək, şahzadə kimi dəyərləndirib qəbullanmaq istəmir. İllərin şahzadə yaratmaq zəhməti qadını yorğun salmış, gözlərinin işiğı sönmüş… O, yaratdığı şahzadənin qarşısında daha şahzadəyə layiq biri kimi dura bilmir, daha doğrusu, fədakarlıq deyil, parıltı aşiqi olan “mən”cil şəhzadə indi doğrudan da şahzadə olduğuna inanmağa başlayıb dünyanı ayaqları altında zənn edir. Belə olan halda şahzadənin yanına bu yorğun, artıq təravətini itirmiş qadın yaraşmır. “Mən”in kişi eqosu və dönüklüyü ortaya girir və yanına yaraşan qadını seçib onu şahzadəyə çevirəni “atının tərkindən” vurub salır.

Beləcə, “sən” və “mən” arasındakı məsafə uzanmış və onlar…

…Bir-birinə yaddır.

Kişi qarşısındakı “sən”lə deyil, “mən”lə yaşayır, o, heç vaxt “sən”cil deyil, hər zaman “mən”cildir. O, qarşısındakını “mən” olaraq qəbullanmır, kişi gücünün, adətlərin ona tanıdığı bütün imkanları işə salıb “sən”i zədələməyə, əzməyə, ya da ən yaxşı halda unutdurmağa çalışır. Kişi “sən”ə heç nə vermir, ancaq alır, istismar edir, hər şeyi kişilik şəhvətinin qurbanlığı kimi gördüyündən, qarşısındakının fədakarlığını ona ediləcək borc kimi dəyərləndirir. Fədakarlıq edilmədiyindən, ancaq qəbul edildiyindən kişi, onu şahzadəyə çevirmiş qadının çəkdiyi əzabları heç zanan xatırlamır, onun bu yöndəki yaddaşı balıq yaddaşı qədər zəifdir, çünki fədakarlıq kişinin təbiətinə ziddir.

Dünya kişinin başına fırlanmadığı halda, onlar məhz belə olduğuna inanırlar və “sən” və “mən” qarşı-qarşıya durub konfliktə girərlərsə, hər zaman da “mən kişiyəm, mənə olar” düşüncəsinin onlara verdiyi məncilliklə qarşı tərəfdəki “mən”i əzməyə çalışarlar.

Qadın qorunmaq duyğusu, kimsənin ona sahiblənməsi hissi ilə formalaşıb böyüyərkən, kişi də məhz təbiətinin  ona verdiyi eqoizmin zəhəri ilə formalaşıb zəhərlənir. Nəticədə qadının pəri nağıllarına inanması, bu ruhda böyüməsi özünə şahzadə deyil, DİV yetişdirməsi ilə nəticələnir və özünü deyil, bir başqasını, sevdiyi “düşməni” özünə qəhrəman yaradan qadın, əslində, bu nağılların baş qəhrəmanının özü ola biləcəyini xəyal edib düşünmür. Qadının incə ruhundakı çırpıntıların qorunmasının ən qısa yolu isə, kimsəni deyil, məhz özünü şahzadə elan etməsidir.

Kişi deyil, qadının qəhrəmanı, şahzadəsi özü olmalıdır. O, kimsədən qəhrəman, şahzadə yaratmamalıdır, özünü məhz şahzadə kimi yetişdirməlidir və qarşındakının məncilliyini deyil, özünün mənini qoruyub formalaşdırmağın qayğısına qalmalıdır.

Qadın qarşısındakının “sən”i ilə deyil, öz “mən”i ilə yaşamalıdır. Məncil olmalıdır, yoxsa o, təbiəti dünya, həyatın təbiəti qədər qaba olan kişi ilə baş edə bilməyəcək.

Qadın birini sevirsə, hər şeyi onun ayaqları altına atır. Bütün gələcək planlarını, arzularını sevdiyinə tabe edir və bunu elə asanlıqla edir ki, bir müddət sonra qarşılaşacağı əzabları ona söyləyənə belə düşmən kimi baxır. O, milyon illərdir baş verənlərin onun həyatında olmayacağına, sevdiyinin fərqli olacağına inanır, amma az sonra, çox az sonra yanılanda başqalarının həqiqətinin ağırlığı altında əzilir və yorğun düşmüş çiyinləri ilə nələrisə yenidən qaldırmaq məcburiyyətində qalır. Bu zaman kişi qadın qədər bədbəxt deyil, o, kişi olmasına arxayındır, cəmiyyət, adətlər onun arxasında dağ kimi durub və o, özünə arxayın şəkildə qarşısındakının “acizliyinə” tamaşa edib, əsrlər öncə kütləvi tamaşalarda təlxəkləri oynadıb güldükləri kimi gülür, çünki o, biləyinin kişi gücünə sahibdir, gücsə qarşısındakını zəif gördüsə, ya da belə zənn etdisə, heç bir vaxt mərhəmətlə birləşmir, o zülmü, zalımlığı özünə müttəfiq seçir.

Amma qadının zəif halı kişinin bu güclü halından daha üstündür. Nədən? Çünki hər şeyə rəğmən, dünya zor və güclə idarə olunsa da, sonda mərhəmətə möhtacdır, çünki o, öz varlığını mücərrəd hesab olunan qəzəbdən qorumaq üşün mütləq sonda mərhəməti seçməlidir, əks halda öz gücü ilə birgə məhv olar.

Qadın hər zaman ağlar, hönkürər. Kişilər ağlamaz, kişilər “qüdrətlidir”, amma nədənsə bu qüdrətlilər az çətinə düşən kimi, ancaq qol gücü ilə ondan zəif olanın üstünə şığıyır və o andakı bütün acığını qarşısındakından çıxır. Amma qadın deyil, onu sinirləndirən özündən güclü, qolu zorlu olursa, kişi bu gücə qarşı yumruq qolazlamaqa cəsarət etmir. Belə olan halda kişi öz gücü ilə öyünə bilməz… Çünki qarşıya çıxan mənzərə başqa şeylər anladır…

Bütün qadınlar az sonra şahzadə-filan olmadığını anlayır və bir-birinə bənzəməyə başlayır. Əsəbləri pozulmuş, gərgin, az yorğun və qarşısında onu gözləyən uzun illərin məchulluğu… Bu məchulluqda bəlli olan bir şey var, o da kişini, bir zamanlar sevdiyini, hətta əlindən tutub cəhənnəmə getməyə hazır olduğun adamın təbiətindən doğan nankorluq…

Biri demiş axı… “Başqası cəhənnəmdi”…

Elə isə özünüzə başqasını deyil, özünüzü seçin və cəhənnəmdən qorunun…

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Qeyidlərinizlə təmamən raziyam.Kişilər qadınlara nisbətən daha cox günah sahıbləridir.Amma özlərində cəsarət tapa bilmədikləri üçün aciz məxluq qarşısında bunu etiraf edə bilmirlər.Odur ki kişilər nə qədər güclü görünsələrdə əslində mərifət sahibi olan qadınlar qarşısında bir o qədər də acizdirlər. Qadın evin dirəyidir dunun qiymətini kişi bilməsə ev başına uçar..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button