Sevda Həsənovadan Əflatun Amaşova sərt cavab

Sevda Həsənovadan Mətbuat Şurasının sədrinə CAVAB:

“Yoxsa artıq elə bilirsiniz ki, sual verməyə qoyulan və getdikcə artan yasaqlar siyahısında Əflatun Amaşovun da adı var?!”

Əlbəttə, Azərbaycanda yəqin ki, mətbuat azadlığı var və görünür, Mətbuat Şurasının sədri Əflatun Amaşova da elə gəlir ki, ən azad söz demək haqqına o malikdir, çünki Sədrdir. Özu də Mətbuatın Sədri! Olsun, amma bir peşəkar jurnalist, normal insan və Şəhid bacısı, vətəndaş olaraq mən də söz haqqımdan istifadə edə bilərəm. Əflatun müəllim Mətbuat Şurasının sədri vəzifəsinə inzibati kürsü tək yanaşır. Hətta istipress.com-u düşmən dəyirmanına su tökməkdə günahlandıra biləcək həddə cəsarət nümayiş etdirir. Mən Qarabağ müharibəsini keçmis bir reportyor, Azərbaycana görə, bu gün bu ölkədə yaşayanlara, deməli, həm də Əflatuna görə Şəhid olmuş Ruslanın bacısı olaraq, Amaşovun düşünmədən, sovetden qalma plakatçılıqla söylədiyi fikri rədd edirəm, pisləyirəm! Ayıbdır!
Nə edib istipress.com? Məlumat verib ki, əsgərimizi əsir götürüblər. Müdafiə Nazirliyinin rəsmi məlumatını yayıb, itmiş şəxsin ailəsinə baş çəkib, Anasından müsahibə alıb, dərin iztirab və sarsıntı içində olan bir insanın fikirlərini çatdırıb. Özu də bunu etməzdən əvvəl yenə də Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb, qurumun İsa İsmayılov adlı əməkdaşına Ananın fikirləri barədə məlumat verib və ondan bu barədə də açıqlama istəyib. O isə “Nə vermişiksə, odur” deyib. Axı ən azı məlumatı araşdırılana qədər verməmək xahiş edilə və ya hansısa tövsiyələr verilə bilərdi. İş işdən keçəndən, material yayılandan sonra fəallaşmağın səbəbləri, bizcə vətənpərvərlik mövzusunda dərs keçmək deyil, hansısa naşı və məsuliyyətsiz qurumun hərəkətini ört-basdır etməkdir! Bəlkə məlumatla peşəkar rəftar edə bilməyən informasiya məmurlarının iş üsulunu təftiş edək? Bəlkə soruşaq ki, niyə mətbuata hərtərəfli, ətraflı, hüquq və qanun dövlətinə layiq məlumat verilmir? İtmiş şəxsin hərbçi və ya mülki şəxs olmasını məgər İstipress.com iddia edib? Axı bu fikirləri onun doğma Anası bildirib. Əgər bu dövlət əhəmiyyətli məlumat idisə, niyə həmin ünvana dövlətin müvafiq qurumları öz nümayəndələrini bizə qədər göndərməmiş və oğlunun hələ də hərbi xidmət etdiyini düşünən ananı dəqiq məlumatla təlimatlandırmamışdılar?
İstipress.com-da müharibə reportyorluğu keçmişinə malik vətəndaşlar çalışır. Onlar bu xəbəri yayarkən ilk novbədə dövlətin öz vətəndaşını qorumaq borcunu önə çəkiblər. Biz Prezident və Ali Baş Komandanın dirimiz ve ölümüz uğrunda necə mübarizə apardığının şahidləriyik. Ramil Səfərovun Azərbaycana ekstradisiyasını təmin etməyi bacaran, Mübariz İbrahimovun meyitini qaytaran bir Prezident üçün əsl məqsədin Vətəndaş olduğu göz qabağındadır. Bəs Əflatun Amaşovun məqsədi nədir? Düşmən və dəyirman mövzusunda bir-iki plakatvari fikir deyəndən, 37-ci illərin ruhunda çıxış edəndən sonra Sədr öz atəşkəsli həyatına qovuşdu, ailəsinin içinə getdi, bəlkə də ona zəng vuran özü kimilərin təşəkkür və komplimentlərinə cavab verdi… Bəs o bədbəxt əsgər və ya keçmiş əsgər??? Axı o əsirlikdə, girovluqda qaldı, axı o, düşmən əlindədir. Mən əsirlə, girovla necə rəftar olunduğu barədə məlumatlıyam. Onlar haqqında Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti ilə bir neçə ölkədə materiallar hazırlamışam… Amma siz deyəsən, bunu bilmirsiniz – baxın, (əsəbləri və ürəyi zəif olan oxucularımız baxmasın:

https://www.youtube.com/watch?v=khABifolyYo (1.05.02-ci dəqiqədən)

Yəqin, “yoldaş” Amaşov da Dilqəm və Şahbazın hansı zülmün cəhənnəmində olduğunu bilir… O, bu saat Azərbaycandan kömək gözləyir. Daha gözləmirdi ki, onu, az qala, cinayətkar kimi təqdim edəcəklər, sistemli pozuntulara görə ordudan ləğv edildiyini bildirəcəklər. Lap elə bu belədirsə də, niyə bunu indi elan etmək lazım idi?
Əflatun Amaşov! Siz özünüzü onun yerinə qoyun. Təsəvvür edin ki, kömək gözlədikləriniz sizi belə sözlərlə qamçılayır və sizin bu yazdıqlarınızı erməni əks-kəşfiyyatçıları ona dəlil-sübut kimi göstərir… Vətəninin ondan üz döndərdiyini məharətlə sübut etməyə çalışır… Belə olan halda o kimi seçməlidir? Bizi, ya onları?
İstipress.com hər şeyi jurnalistika ve dövlət maraqlarına istinadla edib. Cəmiyyətimiz Dilqəm, Şahbaz kimi dirilərimizin, Çingiz kimi şəhidimizin ardınca daha bir insanımızın, vətəndaşımızın düşmən əlinə keçməsini necə qarşılayır, bilirsiniz? Və bu, ermənilərin Bakiya qayıtmasını sevinclə elan etməyimizlə eyni vaxtda baş verir! Vətəndaş əmin olmalıdır ki, onu dövləti qoruyacaq; bic uşaq kimi imtina etməyəcək!
Azərbaycan Müdafiə Nazirliyinin KİV-lə münasibətlərini tənzimləyən sənədlə yaxşı tanışam. Hər abzasının müzakirəsində iştirak etmişəm. Amma bu sənədə yalnız jurnalistlər yox, elə hamı, məmurlar da riayət etməlidir. Əks təqdirdə jurnalistikanın əsas məzmunu və prinsipi – sual verib cavab almaq xüsusiyyəti öz əhəmiyyətini itirir. “Gülənə niyə sual vermisən, Lavrova niyə sual vermisən, Anaya niyə sual vermisən?” – siyahı getdikcə daha cox uzanır… Belə getsə, sual vermək hüququ yalnız müstəntiqlərdə qalacaq. Bu müstəntiqlərdən isə bizə Müşfiqlər, Cavidlər miras qalıb…
Bizə sovet təbliğatı ənənələri çərçivəsində jurnalistika kursu keçməkdənsə, bəlkə Əflatun Amaşov Mətbuat Şurasının sədri kimi ermənistanlı həmkarına müraciət edəydi?! Neytral bir ölkədə, lap elə Gürcüstanda xalq diplomatiyasına uyğun tərzdə erməni-azərbaycanlı göruşü keçirəydi?! Ermənilərdən ölümüzu, dirimizi, ən azı tələb edəydi!!! Özu demişkən, ilk növbədə vətənpərvər bir vətəndaşlıq nümunəsi göstərəydi! Amma mən Əflatun Amaşovu 90-cı illərdə də görmüşəm…
Baxın, görün, bu gün Rusiya və İsrail öz vətəndaşları olan Lapşınə görə necə mübarizə aparır. Onun cinayətləri haqda heç düşünmədən – əsas məqsəd olaraq onu heç kimə, hətta dost bir ölkəyə təhvil vermək niyyətində deyil və bir vətəndaşa görə hətta düşünülmüş şəkildə tərəfdaşları ilə əməkdaşlığı zərbə altına qoymağa hazırdırlar… Öz vətəndaşlarını başqa bir ölkənin maraqlarına qurban vermirlər… Hətta Belarus Prezidentinin Lapşinin Azərbaycana ekstradisiya edilməsi barədə qəti qərarına baxmayaraq.
İstipress.com Azərbaycanın bir dövlət olaraq dəyərini yaxşı bilir, ola bilər ki, Əflatun müəllim bu dövlətin quruculuğunun yalnız mülki mərhələsində Arif Əliyevin Yeni Nəslinin böyründə alternativ “ruh” kimi, sonralar Heydər Əliyevə müxalifətdə iştirak edib, cəbhədə, döyüşdə olmayıb, amma mən davadan çıxmışam, bizi düşmən dəyirmanına su tökməkdə günahlandıran Sədrdən, sadəcə, soruşmaq istəyirəm: Siz düşünmürsünüz ki, dediklərinizə görə cavab verə bilərsiniz?! Yoxsa artıq elə bilirsiniz ki, sual verməyə qoyulan və getdikcə artan yasaqlar siyahısında Əflatun Amaşovun da adı var?! Elə deyil. Sual və Cavab vermək mutləq lazımdır! Lazım gələcək. Sizdən rica edirik: Vətəndaşı Dövlətdən iyrəndirməyin! İmkan verin, onu sevək! Düşmən əlində olan insanlarmızla birlikdə sevək. Elə edək ki, sabah növbəti Elnur hərbçi olmasa belə, hətta ozbaşına olsa da, düşmən üstünə qalxmaq istəsin!!! Bunu ürəkdən istəsin! Əmin olsun ki, onu ardınca söyməyəcəklər! Sevəcəklər!

 

xural.com

Yazı Mirşahinin “Fan Klub” səhifəsindən götürülüb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button