Sevinc Babayevanın İstanbul günləri

9235_utecec56ur25.06.2013

“Gülərgeyt qalmaqalı”nın baş qəhrəmanının ölümdən əvvəlki həyatı günbəgün “Yeni Müsavat”da yayımlandı:

Əməkdaşımız mandat alveri vasitəçisinin izlərini İstanbulda axtardı

Atatürk Hava Limanının çıxışında… Əlimdə kiçik bir yol çantası, üzünü belə görmədiyim, amma bu günə qədər barəsində səhifə-səhifə yazdığım adamı gözləyirəm. Qulağımda isə həmkarım Aygün Muradxanlının zarafatla dediyi “Biz o adama bir Sevinc Telmanqızını verdik, Bakıya onun ölüsünü göndərdi. İkinci Sevinc Telmanqızını qurban vermək fikrimiz yox. Özünü qoru”, sözləri. Yadıma düşdükcə dodağım qaçır. Film kimi görünsə də, reallıqdır ki, var. Son 9 ayda triller kimi inkişaf edən, hələ də çözülməyən bir hekayənin tam ortasında…

Bir neçə dəqiqə sonra ortaboylu, çal saçlı birisi yaxınlaşır: “Bən Selcuk Ağlayan. İstanbula hoş geldiniz…”

Azərbaycan ictimaiyyətinin adını eşidib üzünü görmədiyi, “Gülərgeyt qalmaqalı”nın açar fiqurlarından biri olan Səlcuq Ağlayanı tapıb, danışdırmaq, bu danışığa razı salmaq üçün necə deyərlər, anamız ağladı. Bilməyənlərin nəzərinə çatdıraq ki, Türkiyə vətəndaşı olan S.Ağlayan S.Babayevanı İstanbulda himayə edən, onun gəlişindən son gününə qədər yanında olan adamdır. Bu günə qədər biz onu S.Babayevanın oğlu Ayxan Məmmədovun təbirincə desək, “Gülərin adamı” kimi tanımışıq. Yəni sabiq deputatın xahişi ilə S.Babayevaya İstanbulda hamilik edən, onu gizlədən bir iş adamı… Hətta və hətta bu adam barədə Azərbaycanda “Sevinc Babayevanı qətlə yetirən, qətl sifarişini icra edən şəxs” deyə də bəhs ediblər, zaman-zaman.  Bu günə qədər detallarla bunun əksini sübut edən çıxmayıb ortaya. Beyinlərdəki tablo budur.
Daha öncə bir neçə dəfə “Yeni Müsavat” S.Ağlayanla müsahibə götürməyə cəhd etsə də (xırda açıqlamalar istisna olmaqla), sonuncu Türkiyə polisi tərəfindən “mediaya danışmaq yasağı” qoyulduğundan bu söhbətdən imtina edib. Amma israrlı təkidlər öz işini görür və ötən şənbə günü ikigünlük İstanbul səfəri gerçəkləşdirib, cənab Ağlayanla görüşə bilirik. Məqsəd S.Babayevanın həyatındakı son 3 ayın hekayəsini yazmaqla yanaşı, bu ölümdəki sirr pərdəsini də açmaqdır.
Hələliksə S.Ağlayan özünü isbatlamaq çabalarındadır: “Siz ilk günden bəni yanlış tanıdınız, sevgili kardeşim. Bən burada binlerce insana ekmek kapısı açmış birisiyim. İnsaniyetlik yaptım, abilik yaptım Meryeme de. Başındakı beladan haberim bile yokdu. Her şeyden o, öldüyü gün haberdar oldum”…
S.Ağlayanın Meryem deyə bəhs etdiyi qadın Sevinc Babayevadır. İlk gündən onu Meryem Solmaz olaraq tanıyıb dediyinə görə. Sonra hekayəni danışır. Dəfələrlə. Günbəgün, saatbasaat bəhs edir S.Babayevanın həyatındakı son 3 aydan. Bütün bunların hamısını silsilə şəklində, qəzetimizin növbəti saylarında sizə təqdim edəcəyik. Hələliksə, “Gülərgeyt qalmaqalı”nın mərhum qəhrəmanının ilk vaxtlar yaşadığı hoteli, evi, alış-veriş etdiyi mağazaları, getdiyi gözəllik salonunu, restoranları, eləcə də müalicə olunduğu və dünyasını dəyişdiyi xəstəxananı gəzirik…

Aylıq kirayəsi 450 manat olan evdə yaşayıb

Şəkildə gördüyünüz hotel Beynova adlanır. S.Babayeva İstanbula gələn gündən etibarən iki həftə boyunca burada qalıb. Hoteldəki otaq S.Ağlayan adına tutulub, çünki həmin vaxt S.Babayeva pasportunu həkimə göndərdiyini, həkim onun xəstəlik kağızını və reseptlərini görəndən sonra sənədini geri qaytaracağını deyib. Hotel işçiləri ilə S.Babayeva barəsində söhbətə cəhd edirik, əksəriyyəti belə bir qadını tanımadığını deyir. 9 ay öncə, cəmi 15 gün qalmış sıradan bir müştəri olub onlar üçün. Hotel qeydiyyatında otağın kimin adına tutulması qeyd edilib, amma personal S.Babayevanı xatırlamır.
Araşdırmamız zamanı öyrəndik ki, qadın burada tam 15 gün qalıb. Amma İstanbul səfərinin uzun çəkəcəyi, hotel məsrəflərinin isə bahalı olduğu öyrəniləndə ona lüks bir binada lüks, əşyalı mənzil kirayələyiblər. Sözügedən binada da olduq. “Ay işığı” adlı site (bina yaşam kompleksi) orta təbəqəli kəsimdən olan sakinləri ilə seçilir. Öyrəndiyimizə görə, S.Babayevanın yaşadığı mənzilin də aylıq kirayəsi 900 TL(təxminən 450 manat) olub. Binanın administrasiyası ilə mərhum qadın barədə danışmaq cəhdlərimiz uğursuz alındı. Çünki o məşum olaydan sonra heç kim binanın bu formada xatırlanmasını istəmir. Bina sahibləri “Ay işığı”nın adının Meryem Solmazla paralel hallanmasından narazıdır.

Amma binanın qarşısında keçirdiyimiz bir neçə dəqiqə onun keçmiş qonşularını tanımaq imkanı qazandırdı. Adının çəkilməsini istəməyən orta yaşlı bir qadın S.Babayevanı şəxsən tanımadığını, amma hərdən binanın həyətində gördüyünü deyir: “Sıradan, sarışın bir qadındı. Azəri olduğunu bilirdik. Ən azı salamlaşmasından bəlli idi. Amma heç söhbətimiz olmayıb. Çox ünsiyyətcil olduğunu deyə bilmərəm. Böyük şəhərlərdə, xüsusən də belə binalarda qonşuluq ənənələri çox geniş yayılmayıb. Heç kəs istədiyi vaxt qonşusunun qapısını döyüb, söhbət etmir”.
Qonşuları S.Babayevanın ölümünü də bina təhlükəsizlik xidmətindən öyrəniblər. Ürək çatışmazlığından qəfil dünyasını dəyişib… Onların bildiyi hekayə bundan uzağa getmir. Sıradan bir ölüm. Biz də çox açıb-ağartmırıq. “Evinə kimlər gəlib gedərdi” deyə soruşuruq, qonşuların əksəriyyəti bir nəfəri təsvir edir: orta boylu, çal saçlı, maşınlı bir adam, türk idi… Aşağı-yuxarı S.Ağlayanı təsvir edirlər.

Ölümündən əvvəl saçının rəngini qaraldıb

Bina rəhbərliyinin razılığı olmadan binanın mühafizə xidmətindən heç kim danışmadığı üçün cəhdimizi yekunlaşdırıb, yola davam edirik. Növbədə S.Babayevanın getdiyi gözəllik salonu var. Yaşadığı evdən 100-150 metr məsafədəki “Fame” gözəllik salonu. 9 ay öncəki müştərini heç kimin xatırlamayacağı pessimizmi ilə salona daxil olsaq da, sonuc ürəyimizcə olur. Xoşbəxtlikdən(!) bura bizdən öncə dəfələrlə polislər gəlib, salon işçilərini danışdırıb, S.Babayeva haqda bildiklərini soruşublar. Ona görə də bu salonda Sevinc Babayeva az-çox məşhurdur. Salon işçilərinin onun barəsindəki təəssüratları isə aşağıdakı kimidir: “Estetikli xanım idi. Plastik əməliyyat keçirmişdi. Silikon vardı bir neçə yerində. Qolunda da döyməsi. Özünü də çox bəyənərdi. Biz tərəfdə belələrinə süslü, kokoş (bəzək-düzəyə meylli) qadın deyirlər. Həftədə bir-iki dəfə gələr, saçına, qaşına əl gəzdirdərdi. Çox şey danışmazdı. Hərdən sənətçilərdən, salona gələn qadınlardan ümumi nəsə söhbət düşəndə qısa rəylər verərdi. Amma son gəlişlərindən birində saçının rəngini dəyişdi. Qapqara elədi. Yaraşırdı, dəyişmişdi. Makiyajdan hədsiz istifadə edirdi. Üzü parıldayırdı içəri girəndə. O qədər krem vururdu ki,  adam dəhşətə gəlirdi. Bizdə qadınlar o cür hədsiz makiyajdan istifadə etmirlər. Pis qarşılanır aşırı makiyaj”.
Salon işçiləri S.Babayevanın şirin azəricə danışığını da xatırlayırlar. Saçını düzəltdirəndən sonra “necə görünürəm?” deyə onlardan fikir öyrənməyə çalışdığını yada salırlar. Bir də keçmiş müştərilərinin ürək xəstəsi olmasını: “Bəzən elə xırıldaması olurdu, Allah qorusun. Adama elə gəlirdi ki, indi canını təslim edəcək.  Xəstə adam halı var idi onda. Panik atak xəstəsi kimi daim narahat, ürəyi ovcunda kimi. Yadımda qalan budu. Bundan başqa xüsusi bir şey xatırlamıram, düzü”.

Pulu olmasa da, İstanbulda ən bahalı markaların paltarlarını geyinib

Növbəti dayanacağımız S.Babayevanın özünə pal-paltar aldığı mağazalardır. S.Ağlayandan daha öncə öyrəndiyimiz kimi, İstanbula kiçik bir əl çantası ilə gələn S.Babayevanın geyinməyə paltarı olmayıb. Buna görə də yaşadığı evin yaxınlığındakı “Sarar” mağazasından alış-veriş edib. Brendlərə üstünlük verən S.Babayeva Bakıdakı qarderobu, bahalı paltarları, bir sərvət dəyərində olan çantaları, ayaqqabıları ilə öyünürmüş. Marka asılılığından İstanbulda da əl çəkməyib. Pulu olmadığı üçün S.Ağlayanın maddi dəstəyi ilə (bunun səbəblərinə və detallara qayıdacağıq-S.T.) özünə qarderob düzəltsə də, daim bahalı, keyfiyyətli geyimlərdən istifadə edib.
S.Babayevanın getdiyi restoran, bazarlıq etdiyi market, oturduğu park… Hər birini qarış-qarış gəzib, ümumi təəssürat əldə edirik. Pis yaşayış  sayılmaz, standartlar da xeyli yüksək.

Amma bu gəzintinin sonunu xəstəxanalarda bitirmək zorundayıq. Çünki S.Babayevanın da həyat gəzintisi elə burada yekunlaşır. Öncə mərhumun təcili yardım maşını ilə gətirildiyi Esenyurd Dövlət Xəstəxanası. Adından da göründüyü kimi, dövlət xəstəxanasıdır və standartlar nisbətən aşağı səviyyədədir. Sözügedən xəstəxananın həkimi Onat Akyol da ibtidai istintaqa verdiyi ifadəsində deyib ki, ona burada ilk olaraq ürək masajı edilib. Şüuru bağlı, rəngi isə göy olub ilk dəqiqələrdə. Daha sonra isə xəstənin yaxını S.Ağlayana onu reanimasiya şəraiti daha yüksək olan bir xəstəxanaya köçürməsi təklif edilib.

Bu da “Medicana” xəstəxanası. Esenyurd Dövlət Xəstəxanası ilə “Medicana” arasındakı məsafəni maşınla cəmi 5 dəqiqə getmək olur. Sözügedən xəstəxana həm parametrlərinə, həm də yüksək səviyyəli personalına görə Esenyurd Dövlət Xəstəxanasından fərqlənir. Amma burada müalicə məsrəfləri xeyli yüksəkdir…

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/155417-Sevinc_Babayevan%C4%B1n_%C4%B0stanbul_g%C3%BCnl%C9%99ri

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button