Sevinc Babayevanın şəxsi sənədləri tapılmayıb

04.01.2013

“Sevinc Babayevanın cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşdirmə işləri xəstəxananın onun ölümünü təsdiqləyən arayışa və Azərbaycandan gəlmiş hüquq-mühafizə orqanları təmsilçilərinin gətirdikləri sənədə əsasən aparıldı” 

BBC Azərbaycancaya müsahibəsində Azərbaycanın İstanbula baş konsulu Həsən Zeynalov bildirib.

O deyib ki, Sevinc Babayevanın ölümündən sonra yaşadığı evdə aparılmış axtarışlar zamanı onun şəxsiyyətini təsdiq edən sənədi aşkar etmək mümkün olmayıb. “Mərhumun üstündə də heç bir sənəd olmayıb”, baş konsul əlavə edib.

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ötən şənbə BBC Azərbaycancaya müsahibəsində bildirmişdi ki, anası sentyabr ayında Türkiyəyə öz adına olan pasportla daxil olub. “Məryəm Solmaz adını isə o, Türkiyədə istifadə edirdi”, Ayxan Məmmədov deyib.
Ötən şənbə baş konsul Həsən Zeynalov ehtimal etdi ki, “Sevinc Babayevanın üzərində şəxsiyyətini təsdiq edən sənədlərin olmamasını Türkiyə hüquq-mühafizə orqanları şübhəli fakt kimi araşdıracaq”.
Dövlət xəstəxanasindan özəl xəstəxanaya niyə köçürüldü?
“26 dekabr səhər saat 8 radələrində “Məryəm Solmaz” adlı xəstə 112 təcili yardım xidmətilə xəstəxanamıza gətirilib”, Esenyurd dövlət xəstəxanasının mətbuat sözçüsü Hande Alioğlu BBC Azərbaycancaya deyib.
Xəstəxanaya daxil olarkən “Məryəm Solmaz”ın doğum tarixi 1 yanvar 1975-ci il kimi göstərilib. Xəstə reanimasiya şöbəsinə qəbul olunub, lakin ona ürəktutma diaqnozu qoyulub.
“Məryəm Solmaz” kimi qeydiyyatdan keçən xəstəni təcili yardım həkimi Meral Tandoğan müayinə edib. Müayinədən sonra xəstəxanada kardioloji xidmət bölümü olmaması səbəindən xəstə 112 təcili yardım xidməti tərəfindən başqa bir xəstəxanaya göndərilib, o əlavə edib.
Bundan sonra adı rəsmi sənədlərdə Məryəm Solmaz kimi göstərilən Sevinc Babayeva 112 təcili yardım xidməti vasitəsi ilə Medicana İnternational xəstəxanasına sövq edilib. “Lakin göstərilən müdaxilələrə baxmayaraq saat 19.15-də xəstənin həyati funksiyaları dayanmış və xəstəmiz həyatını itirmişdir” xəstəxananın rəsmi açıqlamasında bildirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button