Sevinc Sadıqova: Əfqan Sadıqov aclıq aksiyasını dayandırmayacaq

Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova yanvarın 6-da Ədliyyə Nazirliyininin Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşüb

Bu barədə Əfqan Sadıqovun həyat yoldaşı Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Əfqan Sadıqovun səhhəti daha da ağırlaşıb və buna baxmayaraq aclıq aksiyasını davam etdirir.

Sevinc Sadıqova deyir ki, Əfqan Sadıqov aclıq aksiyasını 64 gündür davam etdirir və dayandırmaq fikri yoxdur.

“Bu gün uşaqları apardım atalarını görsünlər. Vəziyyəti çox pis idi. İstəmizdim uşaqlar onu bu vəziyyətdə görsün, amma çox darıxmışdılar.

Səhhəti ilə bağlı onu deyə bilərəm ki, mədəsi, qaraciyər və böyrəkləri büzüşüb. Rentgendə uşaq böyrəyi kimi görünür. Orqanlar sıradan çıxıb. Bağırsaqları sap kimi nazilib.

Reanimasiya şöbəsinə getməyə razılıq vermir. Deyir ki, nə qədər ağlım yerindədir razı olmayacağam. Çünkü burda reanimasiyaya “ölülər şöbəsi” deyirlər deyir. Olduqca natəmizlikdir. Huşsuz vəziyyətdə, aparata kislaroda qoşulmuş xəstələrdir. Əfqan hər an komaya düşə bilər və biz onu komadan çıxartmağa çalışmaq üçün təcili reanimasiyaya aparmaq məcburiyyətində qalacağıq” – deyə, bildirirlər. “o deyib.

Bu fikirlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olub.

Ombudsman Aparatından bir müddət əvvəl bildiriblər ki, Ombudsmanın tapşırığı ilə Əfqan Sadıqovun səhhəti diqqət mərkəzindədir:

“Dekabrın 28-də Penitensiar Xidmətin Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, Əfqan Sadıqovun səhhəti tam nəzarətdədir. Əvvəlki kimi qida qəbulundan imtina edir,” Ombudsman Aparatından bildiriblər.

Dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə jurnalist Əfqan Sadıqovun şikayətinə ilkin baxış olub.

Vəkil Elçin Sadıqov bildirib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini məhkəmə təmin etməyib.

Vəkilin sözlərinə görə, səhhəti ilə bağlı jurnalist məhkəmə prosesində iştirak edə bilməyib. İnternet əlaqəsi olmadığından Əfqan Sadıqov məhkəməyə onlayn formatında da qoşula bilməyib.

Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.

Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 20 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.

“O, tez-tez huşunu itirir. Həkimlər Əfqanın hər an komaya düşə biləcəyini deyir. Əfqana nə qədər xahiş etsəm də inadından dönmür. Deyir ki, ya məhkəmədə ədalət bərpa ediləcək, ya da ölənədək aclığı davam etdirəcək,” Sevinc Sadıqova Amerikanın Səsinə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button