Seymur Həzini oğurlayıb döydülər!

“Azadlıq” qəzetinin əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi ötən gecə naməlum şəxslər tərəfindən oğurlanaraq vəhşicəsinə döyülüb…

Hadisə ilə bağlı Seymur Həzi mətbuat konfransı keçirib. «Azadlıq» qəzetinin əməkdaşı deyir ki, işdən evə gəlirmiş və hadisə də qəsəbədəki avtobus dayanacaqlarının birində baş verib:

«6 nəfər maskalı şəxs mənə basqın edib başıma torba keçirdi. Məni döyüb işgəncə verdilər. Döyülmə və işgəncə prosesini də videoya çəkdilər.Mənə dedilər ki, başını aşağı sal, yaşa. Hamı bu ölkədə necə yaşayırsa, sən də elə yaşa. Yoxsa daha betər faciələrlə üzləşərsən».

Seymur Həziyev deyir ki, küt alətlərlə bədəninə vurublar. Çətin nəfəs alır və indi ona elə gəlir ki, 2 qabırğası batıb. Ancaq hansı xəsarət aldığı ona həkim müayinəsindən keçdikdən sonra bəlli olacaq.

Mətbuat konfransında AXCP sədri Əli Kərimli, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetiin baş redaktoru Qənimət Zahid, jurnalist Şahvələd Çobanoğlu və başqa tanınmış simalar iştirak ediblər.

S.Həziyev bildirib ki, o, maskalı basqınçıların xüsusi xidmət orqanlarının əməkdaşları olduğunu düşünür. Onlar jurnalistdən dövlət başçısı İlham Əliyevi əleyhinə yazılar yazmamağı tələb ediblər.
Seymur Həzinin zorakılığa məruz qalması ilə bağlı media və ictimaiyyət nümayəndələrinin bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

“Ötən gecə “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyə qarşı cinayət hadisəsi baş verib. O, oğurlanaraq, döyülüb, ləyaqətsiz rəftara məruz qalıb. Bu hadisənin kəskin tənqidi və analitik yazıları ilə tanınan müəllifə qarşı törədilməsi Azərbaycanda yenidən azad düşüncəyə qarşı repressiyaların şiddətləndiyindən xəbər verir.

Jurnalistlər qarşı fiziki zorakılıqlar bir başa söz azadlığına qəsddir, daxili senzuranın güclənməsinə, danışan dillərin susdurulmasına hesablanan düşünülmüş administrativ plandır.

Media və ictimaiyyət nümayəndələri Azərbaycan hakimiyyətini, onun rəhbərliyini azad və fərqli düşüncəyə, qarşı münasibətini dərhal dəyişmətəyi tələb edir. İnsanlarla, jurnalistlərlə kriminal davranış dayandırmalı, söz və fikir azadlığına əməl olunmalıdır. Seymur Həziyə qarşı törədilən cinayət hərəkəti ciddi araşdırılmalı və olaya obyektiv hüquqi qiymət verilməlidir”.

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button