Şeytana sığınan imansızlar

Dörd ilə yaxın zaman keçib. Məhkəmədəydim və hakimin ədalətsiz qərar verəcəyinə heç bir şübhəm yox idi. Çünki tapşırığın haradan gəldiyini hər ikimiz – hakim də, mən də – çox gözəl bilirdik.

Ancaq son sözümdə hakimə iki romandan iki epizod xatırlatdım.

Biri «Səfillər»dən idi: Yepiskop meydanda asılan iki binəvanın taleyini soruşur, «yalançı şahidlərlə ədalətsiz hakimin qurbanları» cavabını alınca, «narahat olmayın, siz ədalətsiz hakimlərə ədalətli hökmün harada çıxarılacağını bilirsiniz» deyir.

İkinci «Yüz ilin tənhalığı»ndan idi: Yaddaşsızlıq xəstəliyinin yayıldığı yerdə bir nəfər tapılır ki, «Allah var»ı yazıb gələcək nəsillərin oxuması üçün hasar daşlarının arasına qoyur.

Hakim – Araz Hüseynov – «məni hədələyirsən» deyə soruşdu. «Əstəğfürullah – dedim, – sadəcə, yaddaşı pozulanlara xatırladıram ki, Allah var və O, ədalətsizləri ədalətlə mütləq mühakimə edəcək!»

Mənə ədalətsiz hökm çıxarıldı…

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Aradan dörd ilə yaxın zaman keçirb – nə qədər xatırlatsaq da, ədalətsiz hökmlərin ardı-arası kəsilmir. Biz növbəti ədalətsizliyin təntənəsi gününü gözləyirik. Bu ölkənin Ana Yasasındakı hüququndan istifadə edib mitinq keçirən «2 aprelçilər»ə hökm çıxarılasıdır. Allahı onların yadına salmağa və ədalətsiz hökmdən çəkindirmək kimi mənasız cəhdlərə ehtiyac yoxdur. Zatən onların da cavabları hazırdır. Hansı hakimə yaxınlaşsan, deyəcək ki, «mən eləməsəm də, başqası bu sifarişi yerinə yetirəcək. Ancaq məni işdən qovacaqlar, ac qalacam!»

«Sən eləməsən, o biri eləməsə və bütün hakimlər «mən eləməyim» fikirləşsə, bu ədalətsiz hökmü kim çıxara bilər, rejimin sifarişini yerinə yetirmək üçün allahsızın, ədalətsizin birisi haradan tapılar» deyə sual da etmirəm. Hər zaman bir nadürüst tapılar, cəmiyyət başdan-başa dürüstlərdən ibarət olmaz ki!

Təəssüf ki, bizdə sifariş yerinə yetirməyən dürüstü tapmaq çox çətindir. Sanki bir-birinin bəhsinə giriblər, «ac qalarıq», «işdən qovularıq» yarışı ilə bir-birindən daha insafsız, daha ədalətsiz, daha imansız olurlar.

İş və çörək sınağı ilə üzləşməkdən qorxanların nəzərinə məcburam Qurani-Kərimin Bəqərə surəsinin 268-ci ayəsini çatdıram: «Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir».

Bu, Viktor Hüqonun, ya da Qabriel Qarisio Markesin əsərindən parça deyil, Allah kəlamıdır. Buna da inanmırsınız?

Əmin ola bilərsiniz. Ki, sizi yoxsulluqla qorxudan, alçaqlığa, üzəduranlığa, yalaq və yaltaqlığa, ədalətsizliyə sövq edən şeytandır. Siz şeytanın diqtəsilə oturub-durursunuz, Allahın «bağışlanmaq» və «bərəkət» vədəsini unutmusunuz. Bunun cəzası bilirsinizmi nədir?

Siz ey soydaşını satanlar, üzə duranlar, iş itirmək düşüncəsi ilə bütün alçaqlığa gedənlər, aclıq qorxusu ilə şərəfsizliyə imza atanlar, varlanmaq naminə izzəti-nəfsini qurban verənlər, karyera həsrətilə ləyaqəti bir kənara tullayanlar, vicdanı itirənlər, riyakarlar, yalaqlar, yaltaqlar, həyasızlar, abırsızlar, Arif Hacılının canını qoyub qurduğu dövlətdə kef çəkənlər, Eldar Novruzovun qoruduğu məmləkəti basıb yeyənlər… Allah sizi xəbərdar edir, axı!

Əmin olmayın ki, bütün cəzalar Qiyamətə qalır. Qətiyyən! Bu dünyada da cəza verilir – üzümə duranların aqibətindən bilirəm. Bəlkə, Allahın 40 illik səbrinə arxayınsınız?

Onun 20 ili gedib artıq – xatırlatmaq məndən.

Sonra? Daha nəyə və kimə arxayınsınız? Nə qədər ömrünüz qalıb ki?!

Mən Allahdan rica edirəm, yalvarıram, ətəyindən öpürəm, sizə daha 50 il ömür versin, sizin varınızı-dövlətinizi 50 dəfə də artırsın. Bəs sonra? Dünyanı tutub duracağınızımı zənn edirsiniz? Qurdla qiyamətəmi qalacaqsınız?

Yəni doğrudanmı dərk etmirsiniz ki, Allah var?!

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button