Şeyxə müraciət edən Lənkəran dindarları təqib edilir

Qəni Axundzadə həqiqəti söyləyənləri İranla şantaj edir

Lənkəran məscidlərində baş verən nalayiq hərəkətlər barədə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyxulislam Hacı Allahşükür Paşazadəyə müraciət edən dindarlar təqib edilir. Bu barədə redaksiyamıza müraciəti imzalayan dindarlar məlumat veriblər. Dindarların sözlərinə görə, onlar hörmətli Şeyxulislama Lənkəranda dindarların durumu, QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadənin və onun məscidlərə təyin etdiyi axundlar barədə müraciət məktubu göndəriblər.  Şikayət məktubu QMİ-yə daxil olub. QMİ-nin məktublar şöbəsi isə müraciəti imzalayan şəxslərin siyahısını Q.Axundzadəyə təqdim edib. Dindarların sözlərinə görə, bundan sonra müraciəti imzalayanların təqib olunmasına başlanılıb: “Qəni Axundzadənin göstərişi ilə “Hüsniyyə” məscidinin Həmdulla adlı mütəvvəli-böyük vəzifəsini daşıyan şəxs qapı-qapı gəzib müraciəti imzalayanları təhdid edir. O, bizi şantaj edərək deyir ki, “O gün “Olaylar” qəzetinə müsahibə verərkən İran casuslarından danışmışam. Elə eləməyin ki, sizin İrana işlədiyinizi bildirim ”. Ümumiyyətlə, indi Qəni Axundzadənin qanunsuzluqlarından narazı olanlar ya həbs edilir, ya da İranla bağlı şantaja məruz qalır”.

Qeyd edək ki, “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev Lənkəran məscidlərində baş verənlərlə bağlı geniş məqalələr yazmışdı. Bu məqalələrdən sonra A.Canıyev Q.Axundzadə tərəfindən təhdid edilirdi. A.Canıyev elə Q.Axundzadənin adamları tərəfindən provokasiyaya cəlb edildi. Q.Axundzadə isə A.Canıyevə qarşı məhkəmə iddiası qaldırdığını bəyan edib.

Sonda onu da qeyd edək ki, Lənkəran məscidlərində baş verən nalayiq hərəkətləri özündə əks etdirən videogörüntülər redaksiyamıza təqdim edilib. Həmin videoğörüntülər ekspertlər tərəfindən tam araşdırıldıqdan sonra qəzetimizin internet saytında yerləşdiriləcək.

 Əfqan

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button