Şeyx hakimiyyətə bu qədər yaxın olmamalıdır!

Elbrus Ərud: “Röya hakimiyyətin arzulamadığı bir sənətçidir”

 “Ünsiyyət” rubrikasının bu dəfəki qonağı Azərbaycanda qısa bir vaxt ərzində oxunaqlı və tələbat olan “Qafqazinfo.az” internet qəzetinin baş direktoru, jurnalist Elbrus Əruddur. Səhər məni yuxudan oyadan “varlı olacaqsan, səsini tanımadım”-dedim. “Onsuz da bu ölkədə heç kəs xoşbəxt olmaq haqqında düşünmür, hamı varlı olmaq arzusundadır”-cavabını verdi. Amma yuxudan oyadıb tələsdirsə də məni portalın ofisində gözlədən də Elbrus oldu. Bəhanəsi tutarlıydı – sayta yeni xəbərlər yerləşdirirdi deyə, səbrlə gözlədim. Onunla elə iş yerinin düz yanında, yeni açılışı olan kafedə oturduq. Bir vaxtlar narıncı rəngin dəbdə olmağını xatırlayıb, adama bir fincan çay sifariş verib başladıq. Onun belə cəsarətli jurnalist olmasına baxmayın, diktafon görəndə az da olsa özünü yığışdırıb, utancaq görkəm aldı. Xeyli söhbət etdik, nələrdən, kimlərdən danışmadıq ki… Elbrus güldü də, təəccübləndi də, hirsləndi də, kövrəldi də… Gündəlik informasiya yayan və müntəzəm köşə yazan birinin heç kimə danışmadığı söhbəti olarmı? Sən demə varmış…

 Əvvəli ötən saylarımızda

 – Bu gün Azərbaycanda Nobel Mükafatına namizəd kimi adı çəkilən bir alimimiz var, professor Rafiq Əliyev. Ötən ilin dekabr ayında agentliklərdən biri xəbər yaymışdı. Guya bu il Nobel Sülh Mükafatı Şeyxə veriləcəkdi (?!) Bax, siz gələcəkdə mükafatın kimə verilməsini istəyərdiniz? Allahşükür Paşazadəyə, yoxsa Rafiq Əliyevə?

– Məncə Rafiq Əliyevə verilməlidir. Mənim bildiyimə görə, Rafiq Əliyev Elmlər Akademiyasına yaxın buraxılmasa da, dünya miqyaslı bir alimdir. Azərbaycanda da hamı onu sevir və hörmət edir. Bizdə bu mükafata layiq adamlar tapmaq olar.

Qaldı Şeyxə,  o, Nobel Mükafatını almağa bir o qədər də can atmır. Onun kifayət qədər nüfuzu var. Açığı, mənim qəbul etmədiyim təkcə Şeyxin hakimiyyətə bu qədər yaxın olmasıdı. Amma bunu da yəqin ki, dövlətçilik naminə edir. Bu gün Şeyx fərqində olmalıdır ki, o, həm də tarix yazır və hakimiyyətə bu qədər yaxın olmamalıdır. Şeyxin mövqeyi son illər bir az yumşalıb. Əslində, Şeyx tərəf olmamalıdır.

– Azərbaycanda din dövlətdən ayrıdır. Şeyxin tərəf tutmasına ehtiyac varmı?

– Azərbaycanda din dövlətdən ayrıdır, amma dindar dövlətdən ayrı deyil axı… Ölkədə son zamanlar baş verən proseslərdə biz Şeyxin susduğunu gördük. Amma əvvəllər belə deyildi. Mövqeyini ortaya qoyur və bir çox məsələlərin həllinə köməklik edirdi.

Susqunluğun səbəbini nədə görürsünüz?

– Mən dəqiq deyə bilmərəm. Hər halda, o, gələcək üçün tarix yazdığını nəzərə almalıdır.

– Son vaxtlar mətbuatdan oxuyuruq ki, Şeyx kimlərisə tutdurur, yaxud kimisə işdən atdırır. Sizin bunlara münasibətiniz necədir?

Onu şəxsən tanıyan bir insan kimi mən yazılanlara inanmıram və qəbul eləmirəm. Çox iddialar ola bilər… Kim yazır?

Müstəqil olduqlarını deyib, adlarını çəkdiyiniz qəzetlər yazırlar… Bəs, mətbuatda yazılan o, Şeyxin qudalarının etdiklərinə münasibətiniz necədir? Sizcə o, öz qudalarına təsir edə bilmir?

– Camaat öz ailəsinə təsir edə bilmir. O ki qaldı kimsə öz qudasına desin, belə etmə və yaxud belə et. Bildiyim qədəri ilə Şeyx qudalarının işlərinə qarışmır və bu məsələ onu maraqlandırmır.

– Saytınızda “Bunlardan hansı canlı əfsanə ola bilər” adlı sorğu var. Sizcə, onlardan hansı canlı əfsanədir?

– Brilliant Dadaşova, Röya Ayxan.

Onlar həm də sorğuda liderlik edirlər.

– Oxucular səs verirlər ki, liderlik edirlər də… Canlı sənətçi olmaq üçün yaxşı oxumaq kifayət deyil. Burada sənətçi xarizması, sənətçi tutumu da lazımdır.

Sizin saytda belə bir məlumat yayılmışdı ki, Röya Hüseyn Abdullayevin mahnılarını oxuduğuna görə, ona Əməkdar Artist adı verilməyib. Amma Hüseyn Abdullayevin mahnılarını oxuyan Aygün də, Zülfiyyə də, Brilliant da hamısı Xalq Artisti adını alıblar.

– Məncə, Röya hakimiyyətin arzulamadığı bir sənətçidir. Yəni, Röyadan hər şey gözləmək olar.

Röyanın hansı mahnısını xatırlayırsız? Hansı mahnısı elə indi yadınıza düşdü…

– Sonuncu “Sənə görə” və bir də “Bahar” mahnısı.

– “Bahar” mahnısını Kəmaləddin Heydərov yazmayıb?

– Ola bilər. Kəmaləddin Heydərovun da gözəl mahnıları var. Alim Qasımovun oxuduğu “İlahi” mahnısı əladır. Amma Röya nə oxuyur oxusun, çox gözəl oxuyur. Hüseyn Abdullayevin də mahnıları çox gözəl olur. Elə götürək, Zülfiyyənin oxuduğu “Azərbaycan” mahnısını. Onun sonuncu yazdığı simfoniya da yaxşı alınıb. Yalnız azərbaycanlı Amerikada baş verən terror hadisələrinə elə gözəl yanaşa bilərdi.

Hüseyn Abdullayev bəstəkardırsa, bəs Üzeyir Hacıbəyli kimdir?

– Üzeyir Hacıbəyli bizim dünyaya təqdim etdiyimiz böyük fenomendir. Bir də müqayisə heç vaxt uğurlu ola bilməz.

– Sizcə, Hüseyn Abdullayev üç saatlıq mahnı və ya bir-birinin davamı olan mahnılar seriyası yaza bilər?

– Gözəl əsər ortaya qoymaq üçün üç saat vaxt lazım deyil. Həm də indi üç saatlıq əsər də dəbdə deyil. İndi hər şeyin qısası dəbdədir. Digət tərəfdən də, əgər adam üç dəqiqəlik möhtəşəm bir mahnı yaza bilirsə, onun üç saatlıq əsər yazmasına niyə inanmayaq? Məncə birinci daha çətindir…

– Hüseyn Abdullayevin bəstəkarlığı ictimai-siyasi fəaliyyətini geridə qoymadı ki?

– Qiymətləndirmə ortaya qoyulan məhsulla hesablanır. Baxaq ki, indiki Azərbaycan bəstəkarlarından hansı bir etirazı, vətəndaş mövqeyi ilə yadda qalıb? Mən Hüseyn Abdullayevi tərifləmək istəmirəm, amma o, parlamentdə heç kəsin etmədiyini etdi. Bircə cümlə ilə ifadə etsək, Azərbaycan tarixinə yazılacaq bir etiraz nümayiş etdirdi. Siz ancaq insanların görünən tərəflərini bilirsiniz, məsələnin görünməyən tərəfləri də var axı.

Mənim güclü müşahidə qabiliyyətim olduğunu deyirlər. Maraqlıdır, siz mənim adlarını çəkdiyimiz insanlarda görmədiyim hansı görünməyən tərəfləri bilirsiniz?

– (Bir anlıq cavab verməyə tərəddüd edir…) Mən niyə sizə nəyisə deməliyəm?..

– Yox, axı siz özünüz dediniz ki, mən görünməyən tərəfləri görmürəm. Mənə çox maraqlı gəldi…

– (Gülümsünür…) Məsəlçün, siz nəyi bilmək istəyirsiniz?

– Mənə sizin gördüyünüz, amma mənim görə bilmədiyim bir elementi deyin…

– Tutaq ki, insanlar var, gedirlər xaricə, qayıdıb uzun-uzadı xəbərlər verirlər öz görüşlərindən. Amma elələri də var ki, gedirlər də, görüşürlər də, qayıdıb heç ağızlarını da açmırlar. Onlar üçün belə şeyləri ictimailəşdirmək ucuz şou kimi bir şeydir. Yəni məsələ heç də bizim kənardan gördüyümüz kimi deyil.

– Cəmiyyətin bu gün daha çox nəyə ehtiyacı var?

– Vətəndaş mövqeyinə… Problemlərin əksəriyyəti vətəndaş mövqeyindən keçir. Biz gec-tez ortalığa mövqe qoymağı bacarmalıyıq. Məsələn, Azərbaycan əsgərinin üzü çürüyüb öldü və biz sayt olaraq bunu gündəmə gətirdik. Mən öz işlərimdən danışmaq arzusunda deyiləm, onsuz da bunu hamı gördü. Mənimçün çox ağırdır ki, həmin hadisədən sonra Azərbaycanda yüz nəfər, üç yüz nəfər çıxıb Müdafiə Nazirliyindən hesab sormadı. İnsanlar Müdafiə Nazirliyinin qarşısına toplaşmalıydı, mən bunu görmədim. Buna ehtiyacımız var. Məsələn, hər gün görürük, Azərbaycanda avtomobil terroru baş verir. İnsanlar buna etiraz eləmir. “Cip”lər günahsız insanların üstündən keçir, maşınlar toqquşurlar, hər gün dəhşətli qəzalar baş verir. Hər gün ölkədə qətllər, intiharlar baş verir. Soruşan yoxdur ki, niyə Azərbaycanda bu qədər insan özünü öldürür.

– Dəhşətlidir ki, intiharlar hər yaşda və hər iki cinsdə çoxalıb…

– Bəli. Bu hətta insanı intihara qədər sürükləyən çox ağır bir mövzudur. (Kövrəlir)…

– Bəs, cəmiyyətin bu qədər mənəvi aşınmaya məruz qalmasına səbəb nədir?

– Bilirsiniz, bunu hökumətin də üstünə atmaq olar, müxalifətin də.

– Bəlkə, elə ikisinin də günahı var… 

– Burada məsuliyyət daha çox hakimiyyətin üzərində qalır. Çünki hərəkətverici qüvvə hakimiyyətdir. Hər şey hakimiyyətin əlindədir. Hakimiyyət cəmiyyəti yönləndirməlidir, imkan verməlidir ki, ölkədə bir dənə də olsa, azad televiziya olsun. Televiziya ilə xəbər portalının arasında böyük fərq var, çünki televiziyanın auditoriyası milyonlarla ölçülür. Hakimiyyət imkan verməlidir ki, insanlar sözlərini desinlər, motivasiya oluna bilsinlər. Çox ağır məsələdir. Mən bir dəfə bunu köşəmdə də yazmışdım. Əhməd Kayanın bir mahnısı var: “Nə kadar rəzil olursak, o kadar iyi…” Düşünürəm ki, bizi nə qədər döysələr, nə qədər əzsələr, nə qədər sındırsalar o qədər yaxşıdır. O qədər də yaxşı olacaq, daha tez nəticə verəcək. Yara nə qədər çox qanasa, o qədər tez sağalacaq.

– Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, internet xəbər saytları quruma üzv olmalıdır. Belə bir sistem yaradılsa, “Qafqazinfo” MŞ-nın üzvü olacaq?

– Mən buna texniki məsələ kimi baxıram. “Qafqazinfo” istənilən bir qurumun üzvü ola bilər, amma yenə yazmaqda davam edəcək. Ona görədir ki, bizim saytımız ölkənin ən çox üz tutulan portalıdır. Mənim arzum “Qafqazinfo”ya yüz min İP (ay-pi) yığmaqdır.

– Sizin bu arzunuz, sovet dövründəki kolxozçuların 5 illik planlarını 3 ilə doldurmağa bənzədi.

– Olsun. Zatən indi də 5 illik proqramlar var də… Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı.

Sayta vaxtınız çox gedir. Ona görə, son zamanlarda yazıçı olaraq heç nə yazmırsız?

– Yazacağım mövzu beynimdə var. Bir hekayə haqqında düşünürəm. Süjetini də sizə danışmaq istəyirəm. Mən bir dəfə qəbiristanlığa, dəfnə getmişdim. Orada maraqlı bir məqam diqqətimi çəkdi. Bakı kəndlərindən birinin ətrafında olan qəbiristanlıqda ölülərlə dirilərin mübarizəsini gördüm. Elə bil ki, orada kəndlə qəbiristanlıq yarışırdı. Kənddə də villa tikirlər, qəbiristanlıqda da. Yəni bu ölkədə ölülərlə dirilər mübarizə aparırlar. Yazmaq istəyirəm, amma vaxtım yoxdur. Tək o deyil, həm də yaradıcılığımın ilham mənbəyi nənəm haqqında yazmaq istəyirəm.

– Nənənizin neçə yaşı var?

– Səksəni keçib. Hərdən telefonuma gecə vaxtı zəng gələndə, fikirləşirəm ki, nənəmlə bağlı nəsə deyəcəklər. Vaxtsız zənglərə hazırlayıram özümü. Hər gün gözləyirəm. Nənəm mənim həyatımda oriyentirimdi (gözləri dolur).

– Niyə gətirib özünüzlə saxlamırsınız?

– Mənim nənəm bizim tayımız deyil, kəndi şəhərə dəyişməz heç vaxt.

– O da onun mövqeyidir.

– Əgər mənim nənəmin mövqeyi bugünkü Azərbaycan cəmiyyətində olsaydı, biz çoxdan Avropa Birliyinin üzvü olardıq.

– Gör nə qədər demokratik qadındır.

– Həm də mənim nənəm çox bəşəridir.

– Lap tanış olmaq istədim nənənizlə.

– Nənəm haqqında hekayələrimi oxusanız, tanış olarsız.

Mən canlı ünsiyyətdə olmaq istəyirəm.

– Nənəmlə babamın – babam rəhmətə gedib – bir ailə sirrini sizə açacam. Dayım 25 yaşında, 1977-ci ildə xərçəng xəstəliyindən rəhmətə gedib. O, babamla nənəmin böyük övladları olub. Haradasa, 2001-ci ildə nənəmdən soruşdum ki, babam sənlə niyə yola getmir. Zarafat elədim ki, nənə bəlkə kişi səndən nəsə istəyir. Nənəm dedi ki, Sabir – yəni dayım – rəhmətə gedən gündən babanla mənim ar-arvadlığım bitib. Təsəvvür edirsiz, bu nə deməkdir? (gözləri yaşarır…) Yazıçının həyatında ona təsir edəcək bundan böyük nə ola bilər? Bu gün bizim elə şəhidlərimiz var ki, arvadları heç bir il dözmürlər, ərə gedirlər. Ümumiyyətlə, nənəmlə bağlı bir-iki başqa epizod da danışsam, bayaqdan haqlarında söhbət etdiyimiz adamlar maraqlarını itirəcəklər…

 Son

 Söhbətləşdi:

Elxan Xanəlizadə

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button