Şeyx niyə susur?

İlham Tumas
ilham_tumas@mail.ru

Təriqət zəminində gündə bir-birlərinin qanını tökən İraqdan belə töhmət eşidirik…

«Mən bu mövzuda danışmaq istəmirəm… Hələ bir sözə bax! Elə bil bunu şou-bizneslə bağlı dəyirmi masaya çağırırlar. Bu millətin vəkilisən, zəhmət çək, gəl fikrini bildir…»

«El İçində»nin hicabla bağlı müzakirəsinə tanınmışlardan artıq neçənci dəfə aldığımız imtina cavabından sonra bəndənizin deyinmələrindən epizodik xatırlamadır. Hə, sən demə, bir çox cənablar dinlə bağlı məsələlərdə ürək eləyib ürəklərindəkini dillərinə gətirməkdən çəkinirlər. Ona görə indinin özündə də davam eləyən hicab qalmaqalına münasibət bildirənlər həmişə məlum mövzuda danışanlar, fikirlərini açıq söyləyənlərdir. Qeyri vaxtlarda sinələrinə döyənlərin heç birinin səsini, mövqeyini eşitmədik. Susanların hələ Allah ölənlərinə rəhmət eləsin. Axşamdan-səhərə demokratik dəyərlərdən danışanların qəzetləri, saytları od püskürdülər, özlərini İslamın şanlı müdafiəçiləri, dindarların havadarları kimi sırımağa çalışdılar. Ancaq bütün hallarda susanları da, danışanları da başa düşmək olar. Adamların biri millət vəkilidir, qeyrisi siyasi avantaj qazanmaq istəyir, o biri ağasından qorxur, digəri ömrü boyu belə məsələlərdə quyruğunu belinə atanlardandır, neyləməli? Məni daha çox ilgiləndirən Azərbaycanın da yox, Qafqaz müsəlmanlarının idarəsi olan qurumun susqunluğudur. Bəlkə bu idarədə hesab edirlər ki, onların müxtəlif dini tədbirlərin tarixlərinin xalqa elan olunmasından savayı heç bir vəzifə və səlahiyyətləri yoxdur? Bəlkə bütün Qafqazın Şeyxi, hörmətli Şeyxülislam həzrətləri olaylar başlayandan İranın höccətülislamlarının, ayətullahların Azərbaycana tərəf ünvanlanan hədə qarışıq bəyanatlarından xəbərsizdir? Görünür, bir daha xatırlatmaq lazımdır…

Ayətullahül üzma Şeyx Məhəmməd Fazil Lənkəraninin oğlu Ayətullah Cavad Lənkərani deyib: «Xalqı oyadın. Nə üçün 80 faizi şiə olan bir məmləkətdə kimsə Qurana hücum etməlidir? Əgər məlun Rafiq Tağı Peyğəmbəri təhqir edəndə Azərbaycan xalqı onu lazımınca cəzalandırsaydı, bu gün vəziyyət başqa şəkildə olardı». Maraqlıdı, görəsən, hörmətli Ayətullah Cavad Lənkərani dini zəmində təfriqə salma ittihamı ilə iki ilə yaxın həbsdə yatan Rafiq Tağının Azərbaycan xalqı (?) tərəfindən «lazımınca» nə cür cəzalandırılmasını istəyir?

Yaxud başqa bir ayətullah Fatimeyi-Zəhra məscidi ilə bağlı məsələdə Azərbaycanı hədələyib, xalqı açıq iğtişaşa və terrora çağırırdı.

Yenə heç nəyə baxmayaraq, xütbələrdə səslənən bu kimi fikirlərin nə üçün söyləndiyini də anlamaq asandır. Qısası, hörmətli höccətüslamların, ayətullahların niyə belə fikrilər səsləndirmələrinin səbəbi var. Di gəl, Qafqaz Müsəlmanları İdarəsindən və şəxsən hörmətli Şeyximizdən yenə soraq yoxdur. İrandan, hətta İraqdan (günümüzə bax, təriqət zəminində gündə bir-birlərinin qanını tökən İraqdan belə…) alovlu məktubların, bəyanatların ardı-arası kəsilmir, fəqət faydası yoxdur, Şeyximiz susur. Sağ olsunlar, aradabir bəzi siyasilər dilə gəlir, Azərbaycanın daxili işlərinə heç kimin müdaxilə eləməyə haqqının çatmadığını deyir. Ancaq və yenə ancaq ki, bu hədələrin qarşısına birinci çıxmalı şəxs varsa, o da Şeyx həzrətləridir. Axı, ölkədə dini məsələlərlə bağlı həqiqətən müəyyən narahatçılıqların olduğu, bu narahatçılığın kimlərsə tərəfindən qəsdən, kimlər tərəfindənsə bilməyərəkdən körükləndiyi göz qabağındadır. İndi də eşitməyəndə başqa nə vaxt Şeyximizin səsini, mövqeyini eşidəcəyik? Qonşumuzun adı «İran İslam Respublikası»dırsa, gərək elə dinlə bağlı dünyanın sonuna qədər qonşumuzun din başbilənlərinin töhmətlərini eşidək, yaşadıqları dövlətin quruluşuna, sisteminə, qayda-qanununa uyğun bildikləri məqamları dəqiqədənbir başımıza taqqıldatsınlar? Bəs hanı o boyda Qafqazın o boyda Şeyxi?..

Nardaran ağsaqqallarından biri özlərinin dini nöqteyi-nəzərdən İrandakı müctəhidlərə tabe olduqlarını deyir. Ağsaqqal elə beləcə də söyləyir: “Əgər həmin müctəhidlər fətva versələr, mən o fətvanı öz həyatımda tətbiq etməliyəm. Şiəliyin elə əsas məsələsi budur”.

Sonra da Hacı Allahşükür Paşazadənin Şeyxülislamlığını qəbul etmədiklərini deyir: “Şəriət hökmlərində onun Şeyxülislam statusunu qəbul etmirəm”.

Qafqaz Müsəlmanları İdarəsi bu bəyanatı şərh etmək istəmir, hörmətli Şeyxülislam isə susur…

…Hörmətli millət vəkili Aqil Abbasın gözəl bir sözü var: «Dövlətin bayrağı dinin bayrağından yüksəkdir». Doğrudan da bu dünyada millətlər də çoxdur, dinlər, təriqətlər də. Ancaq 4 min millətin içində bizim bəxtimizə də dövlətimizi qurmaq xoşbəxtliyi və qorumaq məsuliyyəti düşüb. Azərbaycan xoşbəxtlik və məsuliyyəti Qafqaz müsəlmanlarının Şeyxinin də bölüşdüyünə inanmaq istəyir…

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button