Seyyidlərə nəzir vermək olmaz

elşad miriElşad Miri

Seyyidlər haqqında işlədilən “ağır seyyiddir, cəddi ağırdır” kimi sözlərin heç bir əhəmiyyəti yoxdur

Bu gün Azərbaycanda din adamlarına, dindarlara, din xadimlərinə xüsusi münasibət var. Bu münasibət mənfi və müsbət formada olmaq üzrə ikiyə haçalanır. Müsbət mənada qəbul edənlərin fikrinə görə, dindarlar onların əməl etmədiyi və ya edə bilmədiyi dinin atributlarını yerinə yetirdikləri üçün daha təmiz insanlardır. Mənfi mənada düşünənlər isə ya onların keçmişini, ya da dindən sadəcə olaraq pərdə kimi istifadə etdiyini düşünüb sözləri ilə əməllərinin uyğun düşmədiyini əsas götürürlər. Amma dindar olub-olmamasından asılı olmayaraq, dindəki qayda-qanunları yerinə yetirib-yetirməməsinə baxmayaraq hər kəs tərəfindən hörmət görən, «cəddi»nin «çəkisinə» görə sayğı göstərilən bir zümrə də var ki, bunlar haqqında hamı müsbət mənada rəy bildirir və ya bildirməyə cəhd göstərir. Bu təbəqə cədlərinin «ağırlığına» görə tanınan, Peyğəmbər nəslindən olduğuna inanılan, bu səbəbdən də başqalarından fərqləndiyi iddia edilən seyyidlərdir (dilimizdə bu söz hər nə qədər «seyid» yazılsa da, biz sözün əslinə sadiq qalaraq bu sözü «seyyid» kimi yazacağıq – E.M.). Bəs görəsən, bu seyyidlər kimlərdir? Həqiqətənmi onlar nəsillərinə görə başqalarından fərqlənirlər? Doğrudanmı onlara nəzir, sədəqə vermək lazımdır? Burada qeyd edilən məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Seyyid sözünün mənası

Seyyid sözünün mənası “bəy, nüfuzlu şəxs, rəis, əfəndi” deməkdir. Hazırda isə Hz.Peyğəmbərin qızı Fatimə ilə Rəsulullahın əmisi Əbu Talibin oğlu Əlinin ikinci övladı Hz.Hüseynin nəslindən gələnlərə verilən və ərəb dilindən gələn ümumi addır.

Peyğəmbərimiz Həzrəti Muhəmməd də bir çox mənbələrdə seyyid adlandırılıb. Lakin bu ifadə lüğətdəki mənalara uyğun olaraq qeyd edilib. Məsələn, Allah Rəsulu “Seyyidus-Səqəleyn” (dünya və axirətin əfəndisi), “Seyyidul-ənam” (yaradılanların böyüyü), “Seyyidul-ənbiya” (bütün peyğəmbərlərin rəhbəri) da adlandırılıb. Rəsulullahdan rəvayət edilən hədislərin birində belə buyurulur: “Mən adəmoğlunun (bəşərin) seyyidiyəm” (Əbu Davud, “Sunnə”, 13; İbn Macə, “Zuhd”, 37), “Mən qiyamət günündə insanların seyyidiyəm” (Buxari, “Ənbiya”, 3; Müslim, “İman”, 367, 369).

Hədislərdə “seyyid” kəlməsi qəbilə başçısı, tayfanın nüfuzlu şəxsləri kimi mənalarda da işlədilib. Bundan başqa, cümə günü də «günlərin seyyidi» olaraq adlandırılıb (İbn Macə, “İqamə”, 79).

Allah Rəsulunun səhabələri də seyyid kəlməsini aralarındakı fəzilətli adamları tərifləmək üçün istifadə ediblər. Hz.Ömər: “Əbu Bəkr seyyidinizdir. Seyyidiniz Bilalı azad edib” – deyib (Buxari, “Fədailul-əshab”, 23).

Hz.Peyğəmbər minbərdə olduğu əsnada yanındakı Həsəni göstərərək, belə buyurub: “Bu oğlum seyyiddir. Ümid edirəm ki, Allah onun vasitəsilə iki müsəlman qrupun barışmasını təmin edəcək” (Buxari, “Sülh”, 9; “Fədailul-əshab”, 22; Tirmizi, “Mənaqib, 31). Allah Rəsulu başqa bir hədisində də: “Həsən və Hüseyn cənnət əhlinin cavanlarının iki seyyididir” (Tirmizi, “Mənasiq”, 31) – söyləyib. Ənəs b. Malik Rəsulullahın qızı Fatimə haqqında: “Fatimə cənnətdəki qadınların seyyidəsidir” – buyurduğunu bildirib (Buxari, “Fədailul-əshab” 29; “Mənaqib”, 25).

Seyyidlərə hakimiyyətlərin münasibəti

Müsəlmanların Peyğəmbərə olan sevgisi onun vəfatından sonra nəvələrinə və onlardan dünyaya gələnlərə qarşı həmişə davam edib. Peyğəmbərin nəslindən gələnlər Əməvilər dövründə (661-750) müxtəlif təzyiqlərlə üzləşiblər (Həzrəti Hüseynin Kərbəlada şəhid edilməsini misal göstərmək kifayətdir). Ancaq sonrakı bütün İslama görə qurulan dövlətlərdə seyyidlər ən mötəbər şəxslər hesab ediliblər. Hətta bu zümrənin işləriylə məşğul olan bir müəssəsənin olması və bunun rəhbəri olan şəxsin (Naqibul-əşraf) ən mötəbər məqamlardan sayılması bunun ən açıq dəlilidir.

Hətta Samanilər dövlətində seyyidlərə məxsus olan torpaqlar vergiyə tabe edilməmişdi. Fatimilərin dövründə isə Misirdə Niqabətut-Talibiyyin adlı bir təşkilat təsis edilmişdi. Bu təşkilatın vəzifəsi seyyidlərin və şəriflərin (Hz.Həsənin nəslindən gələnlər «şərif» adlandırılır) şəcərəsini araşdırmaq, aralarındakı məsələləri həll etmək və onları nəsillərinə yaraşmayan hərəkətlərdən çəkindirmək idi.

Elxanlılarda da Qazan xanın müsəlman olmasından sonra “Naqibi-Nuqabayı Sadat” adında bir təşkilat təsis edilmişdi. Bu təsisatın vəzifəsi isə Peyğəmbərin nəslindən gələnlərin şəcərələrini müəyyənləşdirmək, onlara aid işləri yerinə yetirmək, maarifləndirmək və haqlarını qorumaq idi.

Şeyxülislamlıqdan yüksək məqam

Osmanlılar dövründə də Peyğəmbər nəslindən gələnlər üçün “Naqibul-əşraflıq” adı altında bir qurum yaradılmışdı. Naqibul-əşraflıq müftilikdən və şeyxülislamlıqdan yüksək məqam sayılıb. Seyyid və şəriflər xaq arasında «əmir» adlandırılıb, onları başqalarından fərqləndirən yaşıl əmmamələrə də «əmir əmmaməsi» deyilirdi. Bu nəsildən olanlardan hər hansı biri cinayət törətdikləri vaxt Naqibul-əşraflıq tərəfindən cəzalandırılardı. Seyyid və şəriflərin adlarının və şəcərələrinin (soy ağaclarının) qeyd edildiyi «şəcərəi mutayyibə» adındakı xüsusi yerlər və kitablar mövcud idi. Naqibul-əşrafın dövlət protokolunda da çox mühüm yeri vardı. Sonralar dövlətdə baş göstərən özbaşınalıqlar, sistemin laxlamasından sonra seyyidlərin malik olduqları imtiyazlardan istifadə etmək istəyən bir çox adam uydurma şəcərələr və yalançı şahidlərlə özlərini seyyid və ya şərif adlandıraraq Naqibul-əşraf dəftərlərinə qeyd etdirmişdilər.

Hazırda İranda başlarına qara, Türkiyədə isə yaşıl əmmamə bağlayanların seyyid olduğu bildirilir.

Hz.Fatimənin beş övladı olub

Bildiyiniz kimi Peyğəmbərimiz Həzrəti Muhəmmədin üç oğlu da uşaq ikən dünyalarını dəyişiblər. Rəsulullahın dörd qızından üçü də yenə Peyğəmbərin sağlığında vəfat edib. Həzrəti Fatimə Peyğəmbərin vəfatından sonra rəhmətə gedən yeganə qızıdır. Həmçinin Həzrəti Fatimə Peyğəmbərin nəslinin də davamçısıdır. Allah Rəsulunun nəsli qızı Fatimədən dünyaya gələn övladları vasitəsilə davam edib. Peyğəmbər qızı Fatiməni əmisi Əbu Talibin oğlu Əli ilə evləndirib. Bu evlilikdən Həsən, Hüseyn, Ümmü Gülsüm, Zeynəb və Muhsin adlı uşaqlar dünyaya gəlib. Əksəriyyət bu evlilikdən dünyaya gələn uşaqların ancaq Həsən və Hüseyn olduğunu güman edir. Digər uşaqların nəinki adlarını, heç mövcudluqlarını bilmirlər. Bilinməyən başqa bir məsələ də seyyidlərin ancaq Həzrəti Hüseynin nəslindən gələnlərə şamil edilməsidir. Hz.Əlinin və Hz.Fatimənin gözlərinin ilk nuru Hz.Həsənin nəslindən gələnlər seyyid sayılmır. Onun övladları əsasən «şərif» adlandırılır. Həzrəti Hüseynin nəslindən gələnlərin seyyid adlandırılması imamın xanımının fars olması ilə əlaqələndirilir.

Seyyidlərin üstünlükləri varmı?

Bəziləri sadəcə sözlə seyyid olduğunu bildirib özlərinə xal qazanmağa çalışır. Dini bilməyən bir çox insanımız da Peyğəmbər nəslinə olan hörmətlərinə görə həmin insanlara inanırlar. Lakin hər kəs bilməlidir ki, Allah yanında üstünlük ancaq və ancaq təqva ilədir. Bununla bağlı Allah Quranda belə buyurur: «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır» («Hucurat» surəsi, 13).

Ayədən də aydın olur ki, kimin hansı nəsildən gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Üstünlük ancaq Allahın buyruqlarını yerinə yetirməklə bağlıdır. Muhəmməd peyğəmbər də Vida xütbəsində: «Ey insanlar! Rəbbiniz birdir. Atanız birdir. Hər biriniz Adəmdənsiniz. Adəm də torpaqdandır. Allahın yanında ən üstün olanınız təqvaası ən çox olandır. Ərəblərin ərəb olmayanlara, ərəb olmayanların da ərəblərə heç bir üstünlüyü yoxdur», – buyurub. Bunlardan sonra kiminsə hansı nəsildən gəlməsinə görə üstün olduğunu bildirməsi sadəcə mənasız söz yığınıdır. Əgər Peyğəmbər nəslindən gəlmək üstünlükdürsə, yenə heç kim başqasından üstün deyil. Çünki hər kəs ilk peyğəmbər və ilk insan olan Həzrəti Adəmdən dünyaya gəlib.

Allahın Rəsuluna itaət etmək Quranda da bildirildiyi kimi Allahın bir əmridir. Ancaq onun nəslindən olduğunu göstərməyə çalışan “seyyid”lərə tabe olmaq buna daxildirmi!? Əlbəttə ki, yox. Həzrəti Peyğəmbər özündən bir parça olduğunu bildirdiyi Hz.Fatiməyə, əmisinə və s. qohumlarının adlarını çəkərək qiyamət günü kömək edə bilməyəcəyini bildirdiyi halda bu seyyidlər və ya onların nəslindən gələnlər, ata və ya babalarının “möcüzələrindən” danışanlar əcəba özlərinə kömək edə biləcəklərmi? Vəya insanlara guya kömək edən həmin seyyidlər axirət gününün dəhşətindən zəmanət alıblarmı? Orada seyyid olaraq bir ayrıseçkiliklə xüsusi yerə qoyulacaqlarmı?

Bircə dəfə Quranın ərəb dilində deyil, tərcüməsini oxuyanlar bu həqiqətləri dərk edəcəklər. Bəzilərinin bu cür hərəkətinin İslamla əlaqəsi yoxdur. İslam belələrinin etdiklərindən və dediklərindən ucadır və təmizdir.

Seyyidlərə nəzir vermək olmaz

Həzrəti Peyğəmbər sədəqə, nəzir, zəkat, xüms kimi ianələri almaz, bunların ona və əhli-beytinə haram olduğunu bildirərdi. Lakin bu gün özlərini “seyyid” adlandırıb dilənənlər, nəzir yığanlar, cəddlərinin çox ağır olduğunu bildirənlər insanların bu məsələdəki bilgisizliklərindən kifayət qədər “bəhrələnirlər”. Çünki seyyidlərlə bağlı məsələni bilən bir insan heç bir zaman yuxarıda saydıqlarımdan heç birini həmin insana verərək günah iş görmələrinə səbəb olmazlar.

Həzrəti Peyğəmbər: «Zəkat Muhəmmədə, Muhəmmədin qohumlarına verilməz. Çünki zəkat malın kiridir» (Müslim, «Zəkat», 167; Əhməd b. Hənbəl, V, 166), – buyuraraq bu qadağanı müsəlmanlara xəbər verib. Yenə Muhəmməd peyğəmbər bir hədisində bunu təkrarlayıb: «Biz əhli-beytik, bizə zəkat halal deyil» (Əbu Davud, «Zəkat», 29; Müslim, «Zəkat», 161). Peyğəmbər bu prinsipə çox diqqət edərdi. Hətta uşaq olmasına baxmayaraq böyük nəvəsi Həsənin də zəkat malı olan xurma yeməsinə icazə verməyib (Buxari, «Zəkat», 57, 60; «Cihad», 188; Müslim, «Zəkat», 161; Əhməd b. Hənbəl, I, 200).

Seyyidin ağırı, yüngülü olmur

Seyyidlər haqqında işlədilən «ağır seyyiddir, «cəddi ağırdır» və s. kimi sözlərin heç bir əhəmiyyəti yoxdur. Çünki seyyidin ağırı, yüngülü, üstünü, aşağısı olmur. “Cədd” və “cəddə” kimi işlədilən ifadələr isə ardıcıl olaraq ərəb dilində “baba” və “nənə” mənalarına gəlir.

Seyyidlərin şəcərəsi olmalıdır

Peyğəmbərin nəslindən olduğunu iddia edən hər kəsin “şəcərə”si olmalıdır. Şəcərə isə həmin insanın, onun ata-babasının Peyğəmbərimizdən olan hər hansı bir tanınmış adamın nəslindən gəldiyini göstərən sənəddir. Şəcərəsi olmayan insan da, olan insan da özünü kim və ya kimin nəslindən gəldiyini söyləməklə heç bir etibar əldə etməməlidir. Çünki islam hüququnda müasir hüquqda da olduğu kimi cəzalar və ya mükafatlar nəslə görə deyil, fərdin əməllərinə görə tətbiq edilir.

Peyğəmbərin nəslindən günümüzə qədər gələn insanlar İslama uyğun hərəkətlər etdikləri təqdirdə hörmətə layiqdirlər. Bu hörmət də ancaq müsəlmanın müsəlmana olan sayğısının bir təzahürü olaraq qəbul edilməli, Peyğəmbərə olan sevginin ifadəsi olmalıdır. Hər kəs Allahın buyurduqlarına əməl etmək ölçüsünə görə hörmətə layiqdir. Əgər hər peyğəmbərin nəslinə və qohumlarına hörmət edilməli olsaydı, Allah İbrahim peyğəmbərin kafir olan atasına, Həzrəti Nuhun inkarçı oğluna və aləmələrə rəhmət olaraq göndərilən Hz.Muhəmmədin əmisinə dua etməsini yasaqlamazdı…

Əlaqəli məqalələr

11 şərh

  1. Allahin salami olsun uzerinizde!
    Men cox teeccub etdim ki,Elsad Miri bu qeder Qurandan qafildir? Indiye qeder bu ilahiyyatci Quran oxumayibsa,bes ne oxuyub? Istinad etdiyi hedisler ne derecede doqrudur.Quran kifayet etmir ki,insanlarin uydurdugu hedislerden danisir?
    Basqa seylerde isim yoxdur,iki iradimi bildireceyem.
    1–Seyyid sozu Quranda Ali-Imran suresi-39 da var.Yehya e.s seyyid olub.Muhammed e.s seyyid olmasi barede Quranda aye yoxdur.Seyidlere itaet etmek lazim deyil.Ehzab suresi 67-Dedilər: «Rəbbimiz! Biz itaət etdik seyidlərimizə və böyüklərimizə və onlar bizi yoldan zəlalətə saldılar!
    2–Peygember sedeqe ve zekat almalidir.Mes..Tovbe suresi-103.Götür mallarından sədəqə, təmizləyəsən onları və paklayasan onları onunla və dilə üzərinə onların. Həqiqətən, sənin islahatın onlar üçün təsginlikdir və Allah Səmidir, Alimdir!
    Allah razi olsun.Elsad Miri get Quran oxu,ezizim.

  2. Kazim adlı şerhyazar qardaşıma: Quranı Kerim ele düşündüyün kimi her hansı bir elm deyil ki, zahire göre davranıb qerar veresen. Tövbe-103 deki ”mallarından sedeqe olaraq al” dedikde al özüne götür demek deyildir. En sehih hedislerde bele peygembere (s.a.s) her hansı bir şey getirildikde önce sedeqe yoxsa hediyye olduğun soruşar, sedeqe olsaydı götürmezdi.

  3. Allahin salami olsun uzerinizde!
    Kamran,Quranda qenimetin(enfal)Allah ve resulu ucun oldugu buyurulur.Enfal suresi-41 de ise elimize kecen qenimetin(maasin,hediyyenin,sedeqenin ve s..)5/1 Allah resuluna verilmelidir.
    Sehih hedis dediyin Qurana tay ola bilermi?
    sen Mihammed e.s-in yaninda idin beyem?

  4. Kazi qardash sen dediyin ayede yeni El-Enfal suresinde gosterdiyin aye sen deyen kimi yazilmayib: ( Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.) bu yazlib belek telesmisen cavab vermeye texniki sef buraxmisan deqiq ayeni de sen deyen sozler hansi ayededir?el-Enfal 41 ayede sen deyen sozler yazilmayib

  5. Allahin salami olsun uzerinizde.
    Evvela men Qurani erebceden oxuyuram.
    Ikinci,Enfal suresi-(41).Və bilin ki, nə qənimətdir sizə şeydən və həqiqətən, Allah üçündür onun beşdə biri və rəsulu üçün və o kəs üçün yaxındır və yetimlər və miskinlər və oğluna yolun, əgər oldunuz inanan Allah ilə və nə nazilimiz üzərinə bəndəmizin günü furqanın –günü görüşün iki cəmin. Və Allah üzərinə külli şeyin Qədir! —————-bu ayede siz dediyiniz qohum-eqraba yoxdur,musafir yox-yol oglu(yeni dinde olan),iki cemin gorusu ise-yaxsi is gorende icimizde ola pis ve yaxsinin gorusmesidir.
    Bu mene acilandir.Bes siz zekatinizi ve sedeqenizi(Tovbe-103) Muhammed e.s-a vermirsiniz.Allah bilmirdi(bagisla Allah) ki,Muhammed e.s vefat edecek? Eger bu ayetleri o dovre aid edirsinizse,Quran oxumagin size ne faydasi-hokmler ancaq o dovre aid olacaq.
    Allah razi olsun!

  6. Ay Elşad Miri, ayıbdır, sənin dediklərini biz bilirik, özü də ancaq əhli-sünnə mənbələrinə istinad etmisən və çox təəssübkeş sünnisən. Əvvəla Hz.Fatimənin Hz.Peyğəmbərimiz tərəfindən adı hələ öncədən qoyulmuş Muhsin adlı oğlu hələ bətnində ikən Əbu Bəkir və Ömərin quldur əsgərlərinin onun evinə od vurması və qabırğalarının sındırılması nəticəsində şəhid edilib. İkincisi, İmam Hüseyn əleyhissalamın övladları, onun şəcərəsindən olanlara hörmət, ehtiram, məhəbbət barədə çoxlu səhih hədislər mövcuddur, Əhli-Beytə məhəbbət müsəlmana vacibdir. Qurani Kərimdə də Allah o əhli beytə salam verir. Üçüncüsü, sən Qurani-Kərimin Ənfal surəsinin 41-ci ayəsindən və onun təfsirindən xəbərin yoxdur?! Bəli Hz.Peyğəmbər soyuna Zəkat və Sədəqə haramdır, seyyidlər də sədəqə və zəkat almırlar, ancaq Xums bəs nədir? Bilmirsənsə öyrən! Xums bütün növ qənimətlərin beşdə birinin Hz.Peyğəmbər və əhli-beytinə verilməli olan vergi növüdür. Qənimətindən xums verməzsənsə o da sənə haramdır. Bax bütün hədis kitablarına. Nə isə, qəlbin möhürlüdüsə mənim yazdıqlarımın da bir faydası olmayacaq sənin üçün…. Vəssəlam

    1. Mirehmed , peygember (s.a.s) Teqva sahibi olan FAtimeni, huseyni, heseni , peygemberin zovcelerini- monimlerini anasini , sehabeleri sevmeyi buyurmushdu. Cunki onlar Allahdan cox qorxurdular. Onların Allahdan qorxusunun derecesi hamiya bellidir. Onun neslinden gelen kəsləri isə demeyib . Ondan sonra yalniz teqva sahibibləri Allahin yanında ucalacaqlar – yalniz ve yalniz emellerine gore .- İndi qapi qapi dilenib ozlerine seyyid deyenler namzmi qilir – Peygemberi taniyirlarmi – Qurani bilirmi – Elshad Miri onlara qesd edir – Sonra Fatimenin (Allah ondan razi olsun) ALlah qorxusu senin emelin olmasa (Allahin dediklerini elemesen) sene komek etmiyecek Qiyamet gunu – sene shefaetci nece ola biler

  7. Bir şey yadımdan çıxdı, helə Əhli-Sünnə mənbələrində də bu var. Hz.Peyğəmbərimiz nəinki öz övladlarına, hətta onun soyundan olanlara, yəni seyyid və şəriflərə yardım edənlərə belə (onların ehtiramını saxlayan, onlara maddi və mənəvi yxşılıqlar edən insanlara) Qiyamət günündə şəfaət edəcək inşaallah! Vallah, təəssüb sizlərə ziyan edəcək, biz ordan bir şey itirmirik, hədis kitablarınızı yaxşı oxuyun və ədalətli olun Elşad Miri qardaş. Allahın çox sayda adlarından yalnız onun Adil adı (Ədl) Üsuliddinin 5 şərtində var. Bu o deməkdir ki, ədalətli olmaq lazımdır, Əhli-Beytin haqqını danmaq, onlara zülm etməkdir, zalımın da cəzası böyükdür Vallah!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button