Sifətimizi çürüdənlər…

Əvəz Zeynallı

Son günlər «qafqazinfo» qardaşın qaldırdığı və ölkənin gündəminə oturtduğu çürüyən əsgər manifesti dünən sonna çatdı. Azərbaycanın daha bir oğlu hərbi xidmətdən evinə qayıda bilmədi. Başdansovdu olunan əməliyyat nəticəsində sağlamlığını itirən əsgərə kimsə sahib çıxmadı. Mətbuat məsələyə əl qoyandan sonra özünə kitab yazdırmağa və mətbuatı uğursuz mətbuat xidmətinin bərbad fəaliyyəti nəticəsində məhkəmələrə çəkməyə hazırlaşan və başı buna qarışan müdafiə naziri məsələyə əl qoymuşdu ki, əsgər öldü. Özü də harada? Türkiyəyə aparılmaq üzrə götürüldüyü hava limanında. Türkiyənin 3 saatlıq məsafəsində. Əsgərə hansısa iynə vurublar və o, ölüb. Görəsən, mətbuat olmasaydı, necə olacaqdı?

Bir neçə gün əvvəl redaksiyanın yerləşdiyi qarajın həyətində də belə bir hadisə olmuşdu. Bir kimsəsiz xəstələnmiş, 3 gün onu xəstəxanaya göndərə bilməmişdik. O zaman da təcili yardımın çağırdığı «psixbriqada» gələndə artıq bizim kimsəsiz can hayında idi. Götürmədilər və kimsəsizin pasportunu, şəxsiyyət vəsiqəsini tələb etdilər. Yox idi. O zaman həkim «bir iynə vuraq, səhərə kimi yatsın, gerisinə baxarıq» dedi və vurdu. İynə necə iynə idisə, bizim bomj iki gün oyanmadı və təcili yardım polisin də yardımı ilə onu xəstəxanaya götürəndə artıq iş-işdən keçmişdi.

Bundan daha bir müddət əvvəl cəmiyyətdə «Qarabağın Həcəri» kimi tanınan Səbirə Mahmudovanın da gənc bir bacısı oğlu xəstəxanaların birinə çatdırılmış və qanaxmadan ölmüşdü. Həkimlər niyə yaxın durmamışdı, bilirsinizmi? Xəstənin yanında adamı və pulu olmayıb, ona görə…

Bu, nə ölkədir belə, yaşayırıq? Bu, nə zehniyyətdir belə, aqibətimizə çevrilib? Biz ömrümüzü-günümüzü bu millət və bu dövlət yolunda çürüdərkən, bunların gül balaları vertolyotda və təyyarələrdə gəzirlər? Burnunu normal əməliyyət etdirə bilməyən əsgərin burnu çürüyür və ölür, amma bunların gül balaları böyük-böyük holdinqlər idarə edir, milyon manata ayı kəsdirib yeyirlər? Biz qarajlarda və kazarmalarda çürüyür, Allahın aşağı səviyyəli xəstəxanalarına yaxın buraxılmırıq, bizim üzümüzə 1 manat verməsək xəstəxana qapıları açılmır, bunların gül balaları, ya da gül dədələri Avropanın, Amerikanın günü minlərlə dollarlıq xəstəxanalarında ən xırda əməliyyatlar etdirirlər.

Bu millətin qara taleyinə bax. Dünyasını dəyişən 2 prezidentinin ikisi də xarici ölkələrdə qovuşublar haqqın rəhmətinə. Niyə?! Bu ölkəyə milyardlarla manat gəlir, hanı sizin dünya standartlarında xəstəxanalarınız? Hanı sizin dünya miqyaslı həkimləriniz? Hanı sizin pulsuz xəstəxanalarınız? Hanı sizin Qafqazın ən böyük ordusu? Budur sizin ordunuz? Bir əsgərin sağlamlığını qoruya bilmirsiniz, siz Ermənistanı dizə gətirəcəksiniz?

Müdafiə Nazirliyinin bir mətbuat xidməti var – Eldar Sabiroğlu. Kimsəsiz qalanda, YAP tərəfindən qapının o biri üzündə saxlanılanda qəzetlərin ofislərindən əl çəkmir, jurnalistlərlə əlaqələr saxlayır, bol-bol danışırdı. Adam indi bizə düşmən kəsilib. Elə bil Səfər Əbiyev budur, elə bil bu gün-sabah general paqonu taxıb o kresloda bu oturacaq. Bir telefona cavab verməz, bir işin qulpundan yapışmaz. Bu nazirliyi idarə edənlər nə fikirləşirlər? Niyə bu millətin övladlarına bu qədər yad münasibət var? Bir həmkarımız var ki, müharibədə döyüşüb, zamanında özünü gözə soxmayıb, ehtiyac duymayıb, indi veteran vəsiqəsi almaq istəyir. Ala bilmir. 50 dəfə Səfər Əbiyevə müraciət etmişəm, 100 dəfə Eldar Sabiroğluna zəng etmişəm. Bu ona, o da buna atır. Hərbi bilet var, hərbi biletdə möhürlər var, hərbi hissənin ad-soyadı var, amma Nazirliyin Arxivlər İdarəsi deyilən bir qurum var ki, nə telefonu var, nə də bir şeyi. Amma oradan faktı təsdiqləyən bir məktub lazımdır, vermirlər. Dəşhətdir, gəl işin içindən çıx…

Xəstələnəni çürüdürlər, qulluq edənin halal haqqını vermirlər… Bəs bunlar nə işlə məşğuldurlar?!

Hə?!

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Bunlar bizim millətdən olsalar bize can yandıralar.Görüm bu faciə lezginin,kürdün, yerazın başına gelse ne türkiye amerkayada aparlar çünki devran onlarındı.ALLAHIN sebri böyükdü.Sağ ol ƏVƏZ müəllim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button