Şikəst, əlil olmuş namusumuz!

Nurəddin Xoca

Namusu şikəstlər dövlətidir bizim dövlət, namusu şikəstlər millətidir bizim millət!

Uşaqlıq illərində, namus deyəndə əvvəl ağlıma papaq, at gəlirdi. Uşaq idim. Hələ arvad-zad deyilən nəsnə haqqında fikrim yox idi. Arvad, qadın düşüncəsi mənə oxuduğum kitablarda bir centlemenlik, cəngavərlik röyaları kimi gəlirdi. Mayn Rid, Jül Vern, Moris Dramon, Aleksandr Düma ilə böyümüşdüm. Sonralar qadını da qatdım namus məsələsinə.

Başa düşdüm ki, qadın da kişinin namusudur və bu namusa görə də ölüb-öldürmək olur. Bu zamanın həqiqətləri idi. Sovet dönəmində «Vətən», «bayraq» deyəndə bu sözlər mənə bir az amorf görsənirdi. Qardaş, nə qədər uşaq, cavan olsam da mənimlə rusun nə ortaq vətəni ola bilərdi? Baxmayın, o zaman bizə Qandidən, Fideldən, Çe Gevaradan dərs keçirdilər. Onlar üçün imperiya olan bizim üçün necə vətən ola bilərdi? Mən cavan ağlımla bunları fikirləşirdim. Xüsusən də erməni ilə?! Axı bütün erməni qırğınlarını görmüş, nəsildə olan bütün kişiləri bir gecədə (27 nəfər) itirmiş mənim bədbəxt nənəm gecə-gündüz bizə erməni düşmənçiliyindən danışırdı. Mənim kommunist anam nənəmə acıqlanıb deyirdi ki, «ay arvad, bu uşaqlara az belə şeyləri danış, bir gün «KQB» gəlib hamımızı aparacaq». Nənəm gözü yaşlı deyərdi: «Ay Nəcibə (anamdır), qoy uşaqlar bilsin heç olmasa… Bu alçaqlardan mənim körpə qardaşımın qanını alsınlar ki, qəbirdə rahat yatım».

Belə qonşularla mənim necə ortaq vətənim ola bilərdi? Ancaq düşmən və mən bu düşmənçiliyi aparırdım. Sonra gizlin kitablar, «Azadlıq», «BBC», «Amerikanın səsi» və s. radiostansiyalar, nəhayət, Milli Azadlıq Hərəkatı… Və biz azadlığa çıxdıq. Milli hökumət qurduq – öz bayrağımız, öz himnimiz oldu. Bu bayraq altında ölümə getdik. Ölümə getdiyimiz nəsnə Vətən idi və bu ölüm hücumlarına isə bizim üçrəngli bayrağımızın altında gedirdik.

Artıq yetkin çağımdı. Artıq bilirdim ki, Vətən də, bayraq da namus məsələsidir. Döyüşdə bayrağı itirmək döyüşçü üçün ən böyük namussuzluqdur. Yaxşı ki, biz bayrağımızı itirmədik, qoruduq. Ancaq Vətəni qoruya bilmədik. Vətən torpaqlarını əldən verdik. İndi Ana Vətənin sinəsində düşmən gəzir. Onu düşmən tapdalayır. Bax, ən böyük namussuzluq budur. Bizim namusumuz əlil olub. Bizim namusumuz şikəst olub. Bilmirəm, hərə bizim sayımızı bir cür deyir – 8 milyondan 30 milyona qədər. Baxın, bütün bu adamların namusu əlildir. Biz hamımız namusları şikəst insanlarıq. İndi mənə heyrətlə baxıb deyə bilərlər: «Namusun da şikəsti olar?!» Olar, qardaş, olar! Bizlərə bax. Əgər Vətən namusdursa, onun bir hissəsini itirənlərin namusu şikəstdir, əlildir. Mən Biləsuvardan İğdıra, İğdırdan Biləsuvara gedərkən Cəbrayıl və Zəngilanın xaraba qalmış kəndlərini gördükcə, bu xarabalıqları Ana Vətənin məhrəm olan gözəl bədənində düşmən tərəfindən açılmış yaralara oxşatdım. Əgər kiminsə anasını düşmən yaralayırsa, və o sağ gəzirsə, hamı ona təbii olaraq namusu ləkələnmiş kimi baxacaq, namusu şikəst kimi baxacaq. Bu Vətən də bizim ortaq Anamızdır. Bu gün düşmən nəinki onu (yaralayıb), bu gün düşmən onun yaralı sinəsində azad, asudə gəzir. Əgər belədirsə, onda bizim namusumuz şikəst deyilsə, bəs nədir?! Ona görə də təbii olaraq bizə namussuzluq sindromu sirayət edir ki, bu da bizim TV-lərdə özünü göstərir. Axı bizim TV-lərdə göstərilənləri başqa cür adlandırmaq olmaz. Vətəninin 20 faizi düşmən əlində olan bir millətin TV-lərində biz ancaq toy-bayram, mahnı yarışları, ərə getmək istəyən, arvad almaq istəyənlərin şousunu və yaxud hansı oğul, ər, qardaş, ata, anasına, bacısına, qızına təcavüz edib və yaxud evdən küçəyə atıb və yaxud hansı pislikləri edib – onları görürük. Hanı bizim gecə-gündüz göstərilən qəhrəmanlıq epopeyaları?! Hanı Koroğlu, Babək, Şah İsmayıl, Nadir şah?! Hanı Vətən müharibələri?! Hanı bizim qəhrəmanlar, hanı bizim müharibə əlilləri və onlara göstərilən hörmət və qayğı?! Yoxdur! Qardaşlar, ona görə də bizim namusumuz şikəstdir – müxalifətli-iqtidarlı, oliqarxlı-kasıblı. Namusu şikəstlər dövlətidir bizim dövlət, namusu şikəstlər millətidir bizim millət!

İ.S. Bir dostum mənə dedi ki, indi 21-ci əsrdir, hər şey virtualdır, sən dediyin anlaqlar anaxronizmdir. İndiki cavanlar virtual aləmdə sən deyən nəsnələri görmürlər.

Amma mən öz oğlanlarıma baxdım, yaxın dostlarımın uşaqları ilə söhbət etdim. Ağladım. Niyə? Çünki «dostum» deyən olmadı. Yox, qardaş, yox. Vətən, bayraq, namus bu millət üçün virtual deyil və olmayacaq. Bunu mənə cavanlar dedi. Onlar dedi ki, Xoca, inşallah biz bunu Xankəndinə yox, İrəvana üçrəncli bayrağı sancanda (babalarımızın səhvini düzəldəndə) sizə sübut edəcəyik. Sevindim, ağladım, ağladım, sevindim. Çünki onlar bunu bizə sübut edəcəklər! Bunu hamımız görəcəyik!!!

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button