Şikayətçı polis idarəsində zorlanma ilə hədələnib

Naxçıvan sakini başına gələn dəhşətlərdən danışdı

 Naxçıvanın Şərur rayonu Çərçiboğan kənd sakini Tamara Nağıyeva Muxtar Respublikada işgəncələrə məruz qalıb. «Azadlıq» radiosunun xəbərinə görə, o, əlində Naxçıvan Apellyasiya məhkəməsinin onun xeyrinə qərarı olmasına baxmayaraq, nəinki mülkiyyət hüququ bərpa edilib, əksinə, bacısı ilə birlikdə iki gün Şərur rayon polis şöbəsinin zirzəmisində saxlanılıb: 
“İki gün zirzəmidə qaldıq. Birinci gün Şərur rayon polisinin rəisi gəlib məni hədələdi. Dedi, “lazım olan sənədləri imzalamasan, saçından tutub sürüyərəm səni”. Sonra bağlı otaqda məni və bacımı guya yoxlamaq bəhanəsi ilə bir qadın zorla tamam soyundurdu. Mən dedim, “barı, alt paltarlarım qalsın əynimdə”. İcazə vermədi.
Bacıma dedilər ki, “istəyirsiniz sizi zorlayıb, sonra da birbaşa dəlixanaya göndərək?”

İndi də həmin faciəni xatırlayanda özümə gələ bilmirəm. Hər cür söyüşlərlə soydülər, döydülər, təhqir elədilər bizi”.
Tamara Nağıyeva ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayır. Deyir, 2009-cu ildə kəndə gedəndə görüb ki, həyətin hasarı uçurdulub, ağaclar kəsilib. Yaxın qohumu bələdiyyənin əli ilə həyətin 200 kvadrat metrini özününküləşdirib.
Şikayət etdikdə Şərur rayon məhkəməsi qohumunun xeyrinə qərar çıxardıb. Sonradan Naxçıvan Apellyasiya Məhkəməsi qərarı onun xeyrinə dəyişib.
Amma Şərur rayon polis idarəsinin rəisi Məmməd Hüseynov həmin qərara məhəl qoymayaraq onu zirzəmiyə salıb, mülkiyyətlə bağlı iddiasından imtina etmək barədə sənədlərə imza atdırıb. Gecə saat birdə Sədərək rayon notariusunu gətirib zirzəmidə torpağının 200 kvadrat metrini başqasına verməsi barədə kağızları imzalatdırıb. Sonra da səhəri gün başqa qurumlara aid kağızları imzalamaq şərti ilə onu buraxıblar. Şəxsiyyət vəsiqəsi və digər sənədlərini də o zaman geri alacağını bildiriblər.
 

“Gör, nazir tapşırmasaydı, başıma nə gətirərdilər”
 
Tamara Nağıyeva deyir ki, Şərur polisinə getməzdən əvvəl Naxçıvanın Daxili İşlər naziri Əhməd Əhmədovun yanında olub, məhkəmə qərarını ona göstəribmiş. Əhmədov da nazirliyin cinayət axtarış idarəsinin rəisi Qulu Rüstəmovun vasitəsilə Şərur polisinə qadının haqlı olduğunu və onu incitməməyi tapşırıbmış:
 “Ora düşəndə fikirləşdim ki, gör, hələ nazir tapşırmasaydı, bunlar mənim başıma nələr gətirərdilər”.
Tamara Nağıyeva deyir ki, bu ilin may ayından sentyabradək doqquz ev dəyişməklə Naxçıvanda gizlənməli olub. Və yalnız məsələyə Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov qarışdıqdan sonra onun sənədlərini Şərur polisindən almaq mümkün olub. Bundan sonra o, Bakıya gələ bilib.

Bakı Naxçıvanla bacarmırsa…
 
Nağıyeva dövlətdən tələb edir ki, onun mülkiyyət hüququ təmin edilsin: “Əgər Bakı Naxçıvanla bacarmırsa, qoy bunu açıq etiraf etsinlər, camaat da işini bilsin”.
Naxçıvan Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin rəisi Qulu Rüstəmov məsələ ilə bağlı danışmaq istəməyib.
Naxçıvanın Bakıdakı nümayəndəliyini rəhbəri Həsən Hacıyev isə deyib ki, “Naxçıvanda qanunlara ciddi riayət olunur. Hüquq mühafizə orqanlarının da cinayət əməli törətməyənlərlə heç bir işi yoxdur”.

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button