Şikayət

BabalıqBabalıq

Şair Məcnun Ağbabalıya…

Hərdən söz açırsan şüur-kamaldan,
Sən onu deyincə, vaxtı desənə!
Deyirsən, yaxşıdı ilhamın, təbin,
Fəhmin-fərasətin yoxdu desənə!

Fələyin yayına bərkmi deyirsən?
O yerə girmişə mərdmi deyirsən?
Qəriblər dərdinə dərdmi deyirsən?
Belə, ürəyinə oxdu desənə!

Novbahar ətrimi külək sümürdü,
Halalca haqqımı kələk sümürdü,
Oğula güvəndim, fələk sümürdü,
Apardı gözünə soxdu, desənə!

Kişi, Allah aldı fərasətimi,
Qatır istəyənə verdim atımı,
Nankorluq göynətdi yeddi qatımı,
Elə əcəb oldu, haxdı desənə!

Bu köntöy dövranın hər işi nəhsmiş,
Hər sözə, hər vədə uymaq əbəsmiş,
Bir naxır pozmağa bir dana bəsmiş,
Dünyanın xarabı çıxdı desənə!

Gör nə təhər «qaç, at basdı» yarandı,
Elin varı xurcuntayı darandı,
Kərki qafa altun cama dirəndi,
Vicdanlar qıcqırdı, qoxdu desənə!

Suda ala balıq yan üstə gəldi,
Neçə xan dəyişdi, xan üstə gəldi,
Hər kim taxta gəldi – qan üstə gəldi,
Xalqın komasını yıxdı, desənə!

Elə yazım, çox səs-səmir olmasın,
Bu millətin səbri dəmir olmasın?!
Şümür deyirlər ha – məmur olmasın?!
Gümanlar canımı sıxdı, desənə!

Əşi, çaldığımı çalmışam daha,
Dünyanın cövründən solmuşam daha,
Nəyinə gül olub qalmışam daha?
Bağla çal-çarığın, vaxtdı desənə!

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button