Şimali Koreya öz səhvini bağışlada bilmir: Rəsmi Pxenyandan alınacaq görklər

“Şimali Koreya ABŞ-la görüşmək istəyir, amma buna nail ola bilmir”.

Strateq.az xəbər verir ki, bu şok sözləri Rusiya Xarici İşlər Nazirliyindən bir yetkili deyib.

Adı açıqlanmayan yetkilinin RİA Novosti xəbər agentliyinə verdiyi məlumata görə, rəsmi Pxenyanın məqsədi nüvə proqramıyla əlaqədar beynəlxalq danışıqlara geri dönməkdir. Mənbə həmçinin, rəsmi Pxenyanın bütün silah sınaqlarının və təhdidvarı açıqlamaların danışıqların bərpasına hesablandığını, “haqqa gəlmək” təşəbbüsünün rəddindən sonra verildiyini söyləyib.

Şimali Koreya son olaraq ötən həftə ölkənin şərq  sahillərindən dənizə beş qısamənzilli raket atmışdı. Bu, rəsmi Pxenyanın yanvarın 6-da keçirdiyi nüvə sınağı və bir ay sonra beynəlxalq sanksiyaları pozaraq kosmosa peyk göndərməsi səbəbindən böyük beynəlxalq təpkiyə yol açan hadisələrlə eyni dövrə təsadüf edirdi.

Maraqlıdır ki, dünyanın ən qəddar rejimi kimi ad çıxarmış Şimali Koreya ötən cümə günü də öz cənublu qardaşlarını üzr istəməyə dəvət etmiş, əks halda bunun bədəlini ağır ödəyəcəkləriylə hədələmişdi. Halbuki, son gərginliyin ortaya çıxmasında Cənubi Koreyanın heç bir günahı yox idi. İki qardaş ölkənin sərhədlərini top atışına tutan şimallıların bu hərəkətini Cənubi Koreyanın prezidenti Park Geun-hye və ölkənin Müdafiə Nazirliyi qınamaq məcburiyyətində qalmış və təhdidvari atəşlər təkrarlanarsa, adekvat cavab verəcəklərini bildirmişdilər. Cənubluların xeyli yumşaq təpkilərini belə öz “şərəf və ləyaqətinə” toxunan hərəkət kimi qiymətləndirən Şimali Koreya Xalq Ordusunun uzaqmənzilli top birliyi məsələylə bağlı rəsmi münasibət bildirmiş, cənubdan gözlədikləri üzr gəlməsə, növbəti hədəflərinin Seuldakı “Mavi köşk” adlanan Prezident iqamətgahı və digər rəsmi binalar olacağını açıqlamamışdı. Lap Krlovun “Qurd və quzu” təmsilində olduğu kimi…

Şimali Koreyanın son təhdidinin zamanı da xeyli ustalıqla seçilmişdi. Cümə günü axşamdan sonra verilən bu açıqlamaya cavab həftəsonuna “təsadüf etdiyindən” cavabının o biri həftə veriləcəyi gözlənilir. Görünür, rəsmi Pxenyan bu zamanlamayla iki gün vaxt qazanmaq istəyib, bu zaman ərzində cənublu qardaşlarına və onun müttəfiqlərinə “dərindən düşünmək” imkanı verib.

İndisə, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilən iddialar Kim Jong-unun əslində “blef” etdiyindən xəbər verir. Bu “blef”lərin nəticə verib-verməyəcəyi, hələ ki, bəlli deyil. Hər halda ABŞ son zamanlar çox nazla oynayacaq qədər səbrli olmadığını, əlaqələrini kəsərsə qarşı tərəfi diz çökdürənə kimi rəqibin üzünə gülümsəməyəcək qəddarlıqda olduğunu nümayiş etdirmək əzmindədir.
İqtisadi sanksiyalarla olduqca çətin vəziyyətə düşən, aclıq və qıtlıq problemləriylə üzləşən Şimali Koreyanın qarşılaşdığı bu vəziyyət və yenidən beynəlxalq birliklə danışıqlar masasında oturmaq üçün dəridən-qabıqdan çıxması onun qəhrəmanlığını əldə rəhbər tutan digər ölkələrə görk olmalıdır. Ən azı ona görə ki, heç kim Şimali koreyalılardan daha “gözüqara” deyil və bir zamanlar rəsmi Pxenyan da “blef” xətrinə beynəlxalq müzakirələrdən geri çəkilmiş, bəlkə də qısa zamandan sonra daha əli güclü şəkildə masaya oturacağına ümid bağlamışdı. Di gəl ki, o vaxt edilən bir “blef”in ağır nəticələrini indi hər ay  həyata keçirilən “əks-blef”lərlə aradan qaldırmağa çalışsa da, buna nail ola bilmir.

Xatırladaq ki, Şimali Koreyayla nüvə proqramıyla əlaqədar danışıqlar Cənubi Koreya, Çin, ABŞ, Yaponiya və Rusiya olmaq üzrə 5 ölkə arasında aparılırdı. Ancaq Rusiya, Çin kimi dostlarının himayəsinə həddindən artıq arxayın olan  rəsmi Pxenyan bu görüşmələrdən 2009-cu ildə çəkilmişdi. İndisə bir qəbahəti yüz üzr yumur. Həm də ona görə ki, əslində onun “üzrü qəbahətindən böyükdür”.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button