Simonyan “Artsax”ı Ermənistanın təhlükəsizliyinə təhdid sayır

Yayımlandı: 16 Noyabr 2023 14:00

O, digər həmkarlarına da çağırış edib

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Ermənistanda “Artsax”ın (separatçı Dağlıq Qarabağ Respublikası) dövlət institutlarının saxlanmasını ölkənin təhlükəsizliyi üçün birbaşa təhdid sayır.

Bu barədə noyabrın 16-da Alen Simonyan parlamentdə jurnalistlərə danışıb.

O, bu addımın Ermənistanın inkişafına da təhlükə yaratdığını qeyd edib:

““Artsax“ erməniləri ilə bağlı bizim böyük problemimiz var. Mən orada dövlət yaratmaq və ya burada dövlətçilik institutlarını qorumaq və inkişaf etdirməyi doğru saymıram. Bunu Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbə hesab edirəm”.

Mən bütün digər həmkarlarımı da eyni məntiqi rəhbər tutmağa çağırıram”, – deyə Alen Simonyan fikrini yekunlaşdırıb.

İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il sentyabrın 28-də Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbəri Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button