Simonyan KTMT-ni “özünü söndürmüş və fəaliyyətsiz” təşkilat adlandırıb

Yayımlandı: 27 Fevral 2024 16:25

“Müttəfiqimiz nəinki bizi qorumadı, hətta çox şeyə göz yumdu”

Ermənistan hakimiyyəti ölkə vətəndaşlarının hər birinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı qəzəbinə və münasibətinə şərikdir.

Ermənistanın Milli Assambleyasının sədri Alen Simonyan bu gün, fevralın 27-də jurnalistlərə söhbətində Baş nazir Nikol Paşinyanın KTMT-də iştirakının dayandırılması ilə bağlı bəyanatından danışarkən belə deyib.

“Baş nazir (Nikol Paşinyan) bizim iştirak etməməyimizin (KTMT-də) faktiki olaraq dondurulmuş münasibətlərə bərabər olduğunu bildirib. Biz sual verdik ki, KTMT-nin məsuliyyət zonası haradadır? Siz bizim sərhədlərimizi tanıdınızmı?  Ermənistan KTMT-də hansı sərhədlər daxilində iştirak edir? Hələlik bunlara cavab yoxdur. Mən hesab edirəm ki, KTMT özü-özünü söndürüb və fəaliyyət göstəmir”, – Simonyan bildirib.

Ermənistanın KTMT-dən çıxıb-çıxmamasına gəlincə, spiker ölkə vətəndaşlarını hakimiyyətin siyasi mövqeyinə, taktikalarına inanmağa və səbirli olmağa çağırıb:

“Çox şeylər var ki, bu barədə ucadan danışa bilmərəm. Lakin mən və Ermənistanın hakimiyyət orqanları ölkəmizin vətəndaşlarının KTMT-yə olan münasibətinə – qəzəbinə, hirsinə şərikik. Məncə, bütün mümkün vasitələrlə Ermənistanın təhlükəsizliyini təmin etmək lazım idi. O an yaxınlaşanda, məlum oldu ki, müttəfiqimiz nəinki bizi qorumaq, hətta buna icazə verib, həm də çox şeyə göz yumub. Nəticədə Ermənistanda anti-Rusiya dalğası elə baş qaldırdı ki, hətta rusiyalı deputatları müdafiə edən müxalifətçilər də bu barədə danışmağa özlərinə icazə vermədilər. Yəni bunu biz etmədik, onların hərəkətləri etdi: ekranlardan tökdükləri yalanlar. Hətta bizi sevməyənlər də bunun yalan olduğunu söylədilər”.

Ermənistan hakimiyyəti dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

2023-cü ilin noyabrında Baş nazir Nikol Paşinyan KTMT-nin Minsk sammitində iştirakdan imtina edib.

Bir neçə ay əvvəl müdafiə naziri Suren Papikyan Belarusun paytaxtında keçirilən Müdafiə Nazirləri Şurasının iclasına qatılmayıb.

Həmçinin ötən il Ermənistan hakimiyyəti KTMT sülhməramlı kontingentlərinin “Sarsılmaz qardaşlıq 2023” təlimlərinin respublika ərazisində keçirilməsini məqsədəuyğun saymayıb.

Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Rusiyanın hakim olduğu” KTMT-də iştirakını dayandırdığını bildirib.

O, Rusiya hakimiyyətinin mövqeyini tənqid edib.

Deyib ki, Rusiya bir neçə ay əvvəl açıq şəkildə Ermənistan əhalisini hökuməti devirməyə çağırıb.

Ardınca Təşkilatın Katibliyi Yerevandan üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət almadığına diqqət çəkib.

Katiblik Paşinyanın açıqlamalarını təşkilatın keçirdiyi heç bir tədbirdə iştirak etməməklə əlaqələndirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələyə münasibət bildirərkən deyib ki, Ermənistanın KTMT-dən çıxmaqla bağlı mövqeyi ilə bağlı hələlik heç bir aydınlıq yaranmayıb.

“Erməni tərəfdaşlarla kifayət qədər tez-tez əlaqə saxlayırıq. Təbii ki, biz aydınlaşdıracağıq. Müvafiq sənədlərə əsasən, KTMT planında belə bir rejim yoxdur. Ünsiyyət quracağıq, öyrənəcəyik”, – Peskov jurnalistlərə bildirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button