Şirvanda saxlanılan AXCP sədrinin müavini cərimə edilib

Yayımlandı: 7 İyun 2024 17:49

Partiya funksioneri bununla bağlı açıqlama verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ayaz Məhərrəmli Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb və bir neçə saatdan sonra 150 manat cərimə edilərək buraxılıb.

Daxili İşlər Nazirliyi açıqlamasında qanunvericiliyə uyğun olaraq tədbir görüldüyünü və onun sərbəst buraxıldığını bildirib.

AXCP funksioneri öz “Facebook” hesabında sərbəst buraxıldığını, Bakıya döndüyünü yazıb.

Hadisəni “Turan” agentliyinə şərh edən Ayaz Məhərrəmli deyib ki, səhər saatlarında DİN-in onun “oğurluq” etməsi ilə bağlı yaydığı məlumat təsdiqini tapmayıb.

Ona görə də məhkəmə onu “kiçik xuliqanlığa” görə 150 manat cərimə etdikdən sonra sərbəst buraxıb.

Məhərrəmli Bakıdan Şirvana daha əvvəl də sifarişlə yük apardığını deyib.

“Göndərişi çatdırdıqda ev sahibləri məni nahar etmək üçün masaya dəvət etdilər. Süfrədə oturduğumuz vaxt polis qapını döydü və qonşulardan oğurluq haqqında məlumat daxil olduğunu dedi. Məni polisə apardılar və orada müxalifətçi olduğumu öyrəndilər. Oradan məhkəməyə apardılar və kiçik xuliqanlıqda ittiham edərək 150 manat cərimə etdilər”, – deyə o qeyd edib.

Ayaz Məhərrəmli sərbəst buraxıldıqdan sonra DİN açıqlamasında “inzibati tədbirlər” görüldükdən sonra Məhərrəmlinin sərbəst buraxıldığını vurğulayıb.

Halbuki o saxlanılarkən Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Ayaz Məhərrəmli Şirvan şəhərində oğurluq məqsədilə evlərdən birinə daxil olub.

“İyunun 6-da saat 23 radələrində Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsindəki kameraya düşməsi barədə müraciəti daxil olub. Polis əməkdaşları həmin şəxsi saxlayaraq, Şirvan Şəhər Polis Şöbəsinə gətirib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Ayaz Həbib oğlu Məhərrəmov olduğu müəyyənləşdirilib”, – nazirliyin mətbuat xidmətindən bildirilib.

AXCP isə Ayaz Məhərrəmliyə qarşı oğurluq ittihamının “iyrənc iftira” olduğunu bəyan edib.

Partiya sədri Əli Kərimli də Ayaz Məhərrəmlinin saxlanması və oğurluqda ittiham olunmasına münasibət bildirib:

“Əqidəsi naminə böyük fədakarlıqlar etmiş, zəngin yaşamaq imkanından şüurlu şəkildə imtina edən böyük əqidə sahibi olan siyasətçini oğurluq məqsədilə başqasının evinə girmək ittihamı ilə həyasızcasına şərləyərək həbs ediblər. Ayaz Məhərrəmli iyrənc, səviyyəsiz və düşük iftiraya məruz qalıb. Bir neçə saat öncə Ayaz bəyin doğmaları öz narahatlığını bildirmişdi ki, dünən axşamdan Ayaz bəydən xəbər yoxdur…”.

Əli Kərimli vurğulayıb ki, Ayaz Məhərrəmli ali təhsilli hüquqşünas, peşəkar siyasətçidir.

Partiya sədrinin sözlərinə görə, o, AXCP -ni seçdiyinə görə SOCAR-dakı işini itirib.

“AXCP-dən imtina etmədiyi üçün Ayaz bəyin atasını və qardaşını da işdən çıxarıblar. Əqidəsinə görə bu qədər böyük fədakarlıqlar, imtinalar etmiş, özünün və ailəsinin məhrumiyyətlərini gözə almış bir siyasətçini oğurluğa cəhddə şərləmək ayıb deyilmi? Belə səviyyəsiz şərləməyə görə heçmi utanmırlar?”.

Əli Kərimli deyib ki, ali təhsilli hüquqşünas olmasına baxmayaraq, Ayaz Məhərrəmli ailəsini dolandırmaq üçün taksi xidməti göstərir. Çünki AXCP üzvü olduğuna görə onu işə götürmürlər.

“Böyük ehtimalla onu hansısa agent müştərinin vasitəsilə aldadıb, evə aparıblar və bunun kamera ilə çəkilişini təşkil ediblər. Bununla da bu düşük ittihamı irəli sürüblər. Ayıbdır, dövlət hakimiyyətini bu qədər ucuzlaşdırıb, gözdən salmayın. Sizin bu səviyyəsiz ittihamınıza kimsə inanmaz, özünüzü isə gülünc günə qoyursuz. Ayaz bəyi və bütün şərlədiklərinizi azad edin…”, – Əli Kərimli əlavə edib.

Ayaz Məhərrəmli 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıdakı Qarabağa və Milli Orduya dəstək yürüşündən sonra ictimai asayişin pozulması və s. ittihamlarla həbs olunmuşdu.

6 ay həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılan AXCP funksionerinə şərti cəza verilmişdi.

Həmin yürüşdən sonra AXCP-nin 15-ə qədər funksioneri həbs edilmişdi.

Ayaz Məhərrəmli etiraz aksiyalarında iştirakına görə bir neçə dəfə polisin tələbinə tabe olmama və s. ittihamlarla inzibati qaydada da həbs edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button