Şıxəli Qurbanovun həbsdə olan qohumu KİV- ə müraciət etdi

img150899028.10.2013

Məstavər Axundov; Şərlənərək qondarma ittihamla həbsə atılmağıma səbəb mənim siyasi fəaliyyətim olub”

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, məhkum Axundov Məstavər Zuber oğlu KİV- ə müraciət edib. Müraciətdə deyilir;

“Hörmətli mətbuat, mən Axundov Məstavər Zuber oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.01.2013-cü il tarixli hökmü ilə AP.C.M.-nin 234.4.1 və 317 .1.1 maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilmişəm.

İndiyə qədər susmağımın bir çox subyektiv və obyektiv səbəbləri var ki, bunları açıqlayacağam. Şərlənərək qondarma ittihamla həbsə atılmağıma səbəb mənim siyasi fəaliyyətim olub ki, hamıya bəlli olduğu kimi Azərbaycan xalq hərəkatının fəallarından biri, Azərbaycan Xalq cəbhəsinin Abşeron rayon təşkilatının sədri (1989-1993-cü illərdə) Xalq cəbhəsinin Abşeron rayon könüllülərindən ibarət  batalyonunun yaradıcılarından biri, 1995-ci ildən indiyədək Azərbaycan Kəndlər Birliyinin sədrinin təşkilati məsələlər üzrə müavini, eyni zamanda sadə azərbaycanlıyam. Bu səbəbdən siyasi sifariş əsasında qondarma ittihamla şərlənərək həbs edilmişəm. Baxmayaraq ki, ittihamın qondarma olmasını təsdiq edən möhtəbər və dəqiq sübutlar olsa da məhkəmə instansiyaları həmişəki kimi qanunları yox, sifarişi ali tutub qanunsuz hökm və qərar çıxartdılar.

2005-ci ildə keçirilən Parlament seçkilərində 45-ci dairə və 2006-cı ildə Milli Məclisə  keçirilən təkrar seçkilərdə 4-cü dairənin 27-ci səsvermə məntəqəsində baş vermiş total saxtakarlıqları müşahidə etməyim, bunu təsdiq edən sübutları əldə etməyim, 2008-ci il tarixində xüliqanlıq cinayəti ilə 3 il müddətinə azadlıqdan məhrum edilməyimlə nəticələndi.

Hazır ki məhkum edilməyimə dair qondarma, çirkin iddihamı isə 2013- cü ildə keçirilən Prezident seçkilərində məni zərərsizləşdirmək, siyasi fəaliyyətimi əngəlləmək məqsədilə hazırlayıb həyata keçirmişlər. Ancaq onlar tam əmin olsunlar ki, canım qədər sevdiyim vətənimin azadlıqı, suverenliyi yolunda mən həmişə mübarizə aparacağam. Mənim həyatımın mənası budur. Bu çirkin alçaldıcı şərləmə əməllərindən hələ özümə gələ bilməmişəm. Çünki narkotika alveri, qəbulu mənim nəslimin adına, səviyyəsinə qətiyyən yaraşmayan bir əməldir ki, Qaradağ polisi bu səviyyəsiz əməliyyatı qurub, sifarişi həyata keçirmişdilər. Onların məqsədi məni bu üsulla ləkələmək, gözdən salmaq olmuşdur.

Ancaq el-oba, məni tanıyanlar yaxşı bilirlər ki, mən 1937-ci ilin represiya qurbanı Məsi Axundovun nəvəsiyəm. Vətənpərvər ziyalı, xaincəsinə öldürülmüş Şixəli Qurbanovun yaxın qohumuyam ki, narkotika alveri, əyilmək, təslim olmaq bizim nəslin adına yaraşmayan bir haldır.

Həbsdən əvvəl mənə siyasi fəaliyyətdən əl çəkməyimə dair xəbərdarlıq edildi, təkliflər olundu.

Bəyan edirəm ki, vətənimin azadlığı, suverenliyi yolunda mən nəinki azadlığımı, hətta həyatımı itirməkdən belə qorxmuram.

Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edirəm.

Cənab Prezident mən heç vaxt cinayət törətməmişəm. Ancaq siyasi fəaliyyətlə məşqul olmağı, vətəni sevməyi cinayət əməlinə çevirənlər var ki, bu məxluqlar başda sizin də olmaqla hamımızın düşmənləridirlər.

Mən əminəm ki, siz mənim müraciətimin obyektiv  araşdırılıb, ədalətin bərpa edilməsində mənə yaxından kömək edəcəksiniz. Sizdən xahiş edirəm haqqı nahaqqa qurban verilməsinə imkan verməyin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button