Siyasətçilər “Hə-Yox” etmədi

Fəzail Ağamalı “Xural”dan küsüb, “Xural”ın xəbəri yox…

 Gündəlik “Xural”ın səhifələrinə yeni bir layihə gətirmək istədik. Çox da sadə idi. Azərbaycanda tanınmış 5 siyasətçiyə zəng edib hamısına 10 eyni sualı verəcəkdik. Fərqli olan bircə o idi ki, hörmətli siyasətçilərimiz bu suallara uzun-uzadı, geniş, siyasi terminologiya ilə zəngin olan ibarələrlə yox, cəmi bircə kəlmə ilə cavab verməliydilər – “Hə” və ya “Yox!” Bütün bunları keçmiş zaman formasında yazmağa ona görə məcburam ki, layihə qətiyyən alınmadı. Elə ilk zəng etdiyimiz siyasətçi, Müsavat başqanı İsa Qəmbər necə deyərlər, “siftəmizi kor elədi”. Zəngimizin və layihənin məqsədini deyib, suallarımızı ünvanlamaq istəyirdik ki, İsa bəy “mən indi yoldayam, heç bir suala cavab verə bilməyəcəyəm, Əvəz Zeynallı ilə danışmışıq, gələn həftə geniş müsahibə verəcəyəm” dedi. Fikirləşdik ki, neyləmək olar, İsa bəy yoldadırsa, digərlərinə zəng edərik.

Bu dəfə iqtidarsevər Ana Vətən Partiyasının prezidentsevər sədri Fəzail Ağamalıya telefon etdik. Fəzail bəyə də layihə haqqında məlumat verib suallara başlamaq istəyirdik ki… Bıyy, buna nə oldu? Fəzail müəllim necə əsəbiləşdisə, necə coşdusa, necə püskürdüsə məəttəl qaldım: “Siz mənim şərəf və ləyaqətimi təhqir edən, nalayiq materiallar dərc edirsiniz, hələ mənə sual da verirsiniz?” Ağamalının bu cümləsi lap “O olmasın, bu olsun” filmindən Məşədi İbadın “Mənə meymun deməyin bəs deyil, hələ salam da verirsən?” sitatını xatırladır adama. Fəzail bəy sözünü belə yekunlaşdırdı ki, mən sizinlə əməkdaşlıq etmək istəmirəm. Əlbəttə, bu, Fəzail müəllimin hüququdur, özü bilər, amma bir şeyi başa düşmədik ki, Fəzail bəyi türklər demiş, bu qədər “kızdıran” nədir? “Xural” gündəlik dərc olunandan bu günədək Fəzail Ağamalı haqqında bircə məlumat dərc olunub, o da eks-prezidentlər haqqında qanunun Ayaz Mütəllibova şamil olunmaması ilə bağlı stajlı millət vəkilimizin informasiya agentliklərində yayılmış açıqlamasıdır. Bəs elə isə Fəzail Ağamalının bu küskünlüyünün səbəbi nə? Məşhur bir el misalını improvizə edərək desək, “Fəzail Ağamalı “Xural”dan küsüb, “Xural”ın xəbəri yox”! Bəlkə Fəzail müəllim ondan inciyib ki, “Xural” artıq 1 aya yaxındır gündəlik dərc olunur, amma onun haqqında bir şey yazmayıb. Elə isə haqlıdır, səhvimizi düzəldərik… Heç 3 gün keçməz sevindirərik Ağamalını…

Növbəti respondentimiz isə iqtidarsevməz siyasətçimiz, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli olmalı idi. Amma əvvəlki siyasətçilərdən fərqli olaraq Əli bəy ümumiyyətlə, telefonu açmadı. O, ümumiyyətlə, bizim telefonlarımızı qaldırmır. Yoxsa onun da xətrinə dəymişik?

“Ümid” partiyasının sədri İqbal Ağazadə də zəngimizə cavab vermədi. Amma bildiyimizə görə, İqbal Ağazadə mediaya qarşı çox həssasdır. İqtidarsevər, yoxsa iqtidarsevməz olduğu o qədər də məlum olmayan millıət vəkili, hətta jurnalistlərin zəngini görəndə “odboy” verib, özü zəng edir ki, balanslarına ziyan olmasın. Deyirlər, jurnalistlər münasibət öyrənmək istəyəndə ona “vızıv” atmaqdan belə çəkinmirlər. Yəqin İqbal bəy bizim redaksiyanın telefonunu tanımayıb. Bəs görəsən, İqbal bəy ancaq tanıdığı jurnalistlərə açıqlama verir?.. Ya da həqiqətən işi var imiş.

Amma Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə qısa telefon danışığımız göstərdi ki, hətta ən vacib yerlərdə belə telefonu açıb, “məşğulam” demək o qədər də çətin məsələ deyil. Belə ki, Mirmahmud ağa telefonu açan kimi ilk öncə ucadan oxunan “Quran” səsi eşitdik. Bir neçə saniyə “Qurani-Kərim”in xoş avazına qulaq asıb, “Salam Mirmahmud ağa,” deyən kimi, “Mən danışa bilmirəm” dedi. Yas mərasimində olduğunu başa düşdük və üzr istəyib, qapatdıq. Sonra da təbii ki, Ağa bizi axtarmadı.

Beləliklə, siyasətçilərimizlə “Hə”-“Yox” edə bilmədik. Yazıda siyasətçilərimizə vermək istədiyimiz sualları da qeyd etmək istəyirdik, amma fikirləşdik ki, sualları oxuyandan sonra bir çox siyasətçilər ümumiyyətlə, telefonlarımızı qaldırmayacaqlar.

Deyəsən, onlar sualların qəliz olduğunu başa düşmüşdülər…

Oğuz Rəşad

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button