Siyasətçilər Avropa Məhkəməsinin qərarını niyə gizlətdilər?!

İsa Qəmbər, Eldar Namazov, Mirmahmud Mirəlioğlu, Yaqub Məmmədov və daha 4 siyasətçi hakimiyyətdən üstüstə 80.000 avro təzminat alıblar

«Azərbaycan hökumətini məhkəməyə verən daha bir siyasətçinin iddiası təmin olunub. Bu, Eldar Namazovdur. O, 2005-ci il seçkilərinə görə hökuməti məhkəməyə verib və Avropa Məhkəməsi iddianı təmin edərək Azərbaycan hökumətini 37.000 avro cərimə ödəməyə məhkum edib» – məlumatını XuralTAC-a verən mənbə, Eldar Namazovun bu qərar haqda mətbuata məlumat vermədiyini söylədi. İnformasiya diqqətimizi çəkdi və Eldar Namazovla əlaqə saxladıq. Bu tip qərarların olduğunu son zamanlar müşahidə edirik. 2003-cü il hadisələrinə görə, Sərdar Cəlaloğlunun və digərlərinin, 2005-ci il seçkilərinə görə Flora Kərimovanın iddiaları təmin olunmuşdu. Flora Kərimova 57 min avro cərimə alaraq rekord təzminata səbəb olmuşdu. Amma bir şey var ki, bütün bu qərarlardan cəmiyyətin və ictimaiyyətin məlumatı olmuşdu. Nə əcəb Eldar Namazov kimi aradabir müxalifətçi olan bir siyasi xadim bu məlumatı mətbuatla bölüşmə ehtiyacı hiss etməyib?

Eldar Namazov səmimiyyətlə suallarımıza cavab verdi və məlumatı təsdiqlədi. Onun sözlərinə görə, 2005-ci ildəki seçki saxtakarlıqlarına görə həqiqətən də Avropa Məhkəməsinə müraciət edib və Avropa Məhkəməsi Azərbaycan hökumətini məhkum edib. Amma 37.000 avro yox, 10.000 avro!

«Bu məsələdə təkcə mən deyiləm ki. Biz 8 nəfər olmuşuq. O birilərin adı yadımdan çıxıb, amma KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, tanınmış siyasi xadim Yaqub Məmmədov kimi simalar da bizimlə birlikdə Avropa Məhkəməsini udublar. Onlar da bizimlə bir yerdə 10.000 avro təzminat alıblar» – deyən Eldar Namazov bəs niyə bu barədə mətbuata məlumat vermədikləri haqda heç nə demədi.

KXCP sədri Mirmahmud Mirəlioğluna müraciət etdik. Məlumatı təsdiqləyən KXCP sədri 9100 avro aldığını dedi və məsələnin 2005-ci il seçkilərindən sonrakı təkrar seçkilərə görə baş verdiyini söylədi. «Biz o pulu udmuşuq, 9100 avro almışıq» deyən Mirmahmud Mirəlioğlu «bəs niyə mətbuata bu barədə məlumat verməyibsiniz» sualımıza qaneedici cavab verə bilmədi.

Eks spiker Yaqub Mahmudov da 10.000 avro aldıqlarını təsdiqlədi, amma bu haqda mətbuatda geniş məlumatlar getdiyini dedi. Müsavat başqanı İsa Qəmbər isə telefonlarımıza cavab vermədi. Digər 4 siyasətçinin adlarını isə öyrənə bilmədik. Amma bu, o qədər də önəmli deyil. Önəmli olan bir neçə məqam var ki, biz o məqamlar haqqında bəhs etmək istəyirik.

İnformasiyalı mənbə işi İntiqam Əliyevin Hüquq Maarifçiliyi Cəmiyyətinin apardığını və bunun müqabilində siyasətçilərin heç bir haqq ödəmədiklərini bildirir. Aldığımız məlumatlara görə, bu da haqlı olaraq hüquq müdafiəçilərinin etirazlarına səbəb olub. Ola bilsin ki, bir çox qurumlar kimi, İntiqam Əliyevin də qurumu pulsuz hüquqi xidmət göstərir, amma imkanları normal olan siyasi xadimlərimizin bütün hallarda laqeyd və soyuq munasibətləri anlaşılan deyil. Biz İntiqam Əliyevlə bu mövzuda danışa bilmədik. Onun zəng etdiyimiz telefonları susdu və cavab vermədi, amma aldığımız məlumatlar onu deyir ki, siyasətçilərimiz İntiqam Əliyevi əməlli-başlı incidiblər.

Digər maraqlı məqamlar da var. Necə olur ki, yanından yel ötəndə dünyanı ayağa qaldıran, mətbuata hər yeri gələn-gəlməyən informasiyanı göndərib onun dərcini istəyən, bəzi hallarda tələb edən siyasətçilərimiz, iş paraya-pula gəldimi, susqunluq nümayiş etdirirlər? Səbəb nədir?

Necə olur ki, Azərbaycan hakimiyyətinin saxtakarlığını hər fürsətdə dilə gətirən siyasətçilərimiz, nədənsə iqtidarın bu saxtakarlığının faş edilməsində maraqlı olmayıblar? Gərəsən, niyə? Axı məntiqlə bu siyasi xadimlərimiz iqtidarın seçkiləri necə saxtalaşdırdığını dəfələrlə və dəfələrlə mətbuatda müzakirə etməli, iqtidarı ictimai qınağa düçar etməli idilər… Görəsən, bunu niyə etməyiblər?!

Digər tərəfdən, ortaya daha maraqlı bir məqam çıxır. Adı çəkilən və çəkilməyən 8 siyasətçi bu pulu 6 ay bundan əvvəl alıblar. 6 ay bundan əvvəl isə məşhur «ərəb inqilabları» dövrünə təsadüf edir. Əcəba, verilən pulların ictimaiyyətdən gizlədilməsinin arxasında «ərəb inqilabları»nın küləklərinin sovuşdurulması şərti yoxdur ki? Nə əcəb, tam da iqtidarın ifşası ola biləcək bir qərarı ictimaiyyətdən gizlədirlər? Həm də 6 ay bundan əvvəl!

Alınan məbləğ də az deyil – 80.000 avro! 100.000 dollara qədər pul! 6 ay əvvəl müxalifətə bu qədər pul gəlib və bunlar …iqtisadi sıxıntıdan əziyyət çəkdiklərini dilə gətirirlər hər fürsətdə.

Maraqlıdır, deyilmi?!

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button