Siyasətçilər “Yurda qayıdış” aksiyasına qoşuldular-VİDEO

Nemət Pənahlının avtomobili Ağdama gedə bilməyib

Qarabağ camaatının yaxşı və yaxından tanıdığı Camal Əhmədovun “Yurda qayıdış!” çağırışı çərçivəsində Ağdama gedişlər başlayıb. Camal Əhmədovun “Yurda qayıdış!” aksiyasına bir çox tanınmış siyasi xadimlər də dəstək veriblər. Xural.com-un əldə etdiyi məlumatlara görə, bunlardan biri ilk günlərdən aksiyaya dəstək verən Nemət Pənahlıdır. Əldə etdiyimiz məlumatlara görə, bu gün Nemət Pənahlı silahdaşları ilə birlikdə Ağdama yola düşsə də, onun qarşısına bəzi maneələr çıxıb. Belə ki, Nemət Pənahlının avtomobili “Şamaxı yolu”nda sıradan çıxıb və maşını geri gətirməli olublar. Necə deyərlər, Nemət Pənahlının avtomobili Ağdama gedə bilməyib. Ancaq bu da Nemət Pənahlı və silahdaşlarını yollarından döndərə bilməyib. Avtomobili Şamaxıdan Bakıya gətirib ustalara təhvil verəndən sonra Nemət Pənahlı yenidən yola rəvan olub. Əməkdaşımızla əlaqə saxlayan Nemət bəyin dediyinə görə, hazırda dəhşətli qızdırma içərisindədir və 38.5 temperaturu var. “Amma nə olursa olsun, mən deyilən yerdə – “dördyol”da olacağam və duyarlı insanların hamısını dəstək aksiyasına qoşulmağa çağırıram. Qarabağ bizim şərəf və namus məsələmizdir və bura hamımız gəlib dünyaya göstərməliyik ki, biz bunun fərqindəyik” – deyən Nemət Pənahlı redaksiyamıza avtomobilini necə gətirdiyini əks edən video da göndərdi.

Xural.com-un əldə etdiyi məlumatlara görə, Ağdama yola düşən siyasətçilər arasında Nemət Pənahlı yeganə siyasətçi deyil. Əməkdaşlarımıza məlum olub ki, keçmiş Baş nazir Pənah Hüseyn, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və keçmiş Müdafiə naziri Rahim Qazıyev də Camal Əhmədovun “Yurda qayıdış!” aksiyasına reaksiya verənlərin içərisindədir. Onların səhər saatlarında təmas xəttinə yaxınlaşacaqları və işğalda olan torpaqlarımıza keçəcəkləri gözlənilir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button