”Siyasətlə məşğul olan kəslər Vəkillər Kollegiyasına buraxılmır”

Hüquqşünas Səməd Rəhimli həmkarına Vəkillər Kollegiyasına necə qəbul ola bilməməsindən danışır. O, 3 hissəli qəbul imtahanının ikinci, şifahi müsahibə hissəsindən kəsilib.

“Biz vətəndaş cəmiyyəti, insan hüquqları sahəsində, siyasi işlərdə mövqe ortaya qoyduğumuz üçün kollegiyaya buraxılmayacağdıq. Kollegiya bir neçə dəfə eşitdirdi ki, siyasətlə məşğul olan şəxsləri kollegiyaya buraxmayacağıq. Biz açıq ərizələr, bəyanatlar verməliydik ki, siyasətlə məşğul olmuruq, vəkil siyasətlə məşğul olmamalıdır, vəkilin işi ancaq mirzəlik etməkdir və s”-hüquqşünas Səməd Rəhimli deyir.

Praktik Hüquqşünaslar Qrupunun vəkilliyə imtahan verən 8 üzvü test imtahanını keçsə də, şifahi müsahibədən kəsiliblər. Hüquqşünaslar bu tendensiyanı siyasi qərar hesab edirlər.

Lakin Vəkillər Kollegiyasından kənar tutulanlar təkcə siyasi mövqe nümayiş etdirənlər deyil. 13 ildir vəkillik edən İradə Cavadova müvəkkili barədə daxili işlər naziri Ramil Usubova açıq məktub göndərdikdən sonra işinə son verilib.

“Hər hansı bir qanunsuz hərəkətin ictimailəşməsi müdafiə etdiyimiz vətəndaşın xeyrinədir. Bu addımlardan sonra həmin vətəndaş ehtiyatlanmalıdır. Vəkil də qorxmalıdır ki, baxın, İradə xanımın işinə bir məktuba görə xitam verildi. Mənim pis nümunəmdən bəhrələnərək, heç vaxt hər hansı bir işi ictimaiyyətləşdirməyəcək. Bu məsələ qapalı, həmin vətəndaş da müdafiəsiz qalacaq”-hüquqşünas İradə Cavadova danışır.

Vəkillər Kollegiyasının məlumatına görə, İradə Cavadovanın müdafiə etdiyi şəxs kollegiyaya məktub yazaraq, vəkildən şikayət edib. İradə Cavadovanın onunla müqavilə bağlamadığını və nazirə əsassız şikayətlər yazdığını qeyd edib. İradə Cavadova isə ittihamları qəbul etmir, vətəndaşa şikayət etməsi üçün təzyiq edildiyini deyir.

Son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev də var. Y.İmanov istisna olmaqla, digərlərinin işinə bir illik məhdudiyyət qoyulub. Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirirlər. Vəkillər Kollegiyası isə bu iddiaları rədd edir.

Səməd Rəhimli deyir ki, Azərbaycandakı problemlərin həll yolu ölkənin demokratikləşməsindən keçir. Elə vəkillikdəki problemlər də yalnız bu yolla həll oluna bilər.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button