Siyasi Azadlıqları Müdafiə Alyansının BƏYANATI

Azərbaycanda siyasi məhbusların sayının artması barədə

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) 2 aprel 2011-ci ildə Bakı şəhərində siyasi partiyaların, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların ittifaqı olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyasının iştirakçılarından 6 nəfərin barəsində çıxarılmış məhkəmə qərarını ədalətsiz və siyasi xarakterli hesab edir.

Xatırladaq ki, 25 avqust 2011-ci ildə Səbayel rayon məhkəməsi 2 aprel aksiyasında iştiraka görə həbs edilmiş 6 müxalifətçi barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilərək qərar çıxarıb. Həbs olunan şəxslər AXCP, Müsavat partiyalarının üzvləri və bitərəf olmaqla 1,6 ildən 3 ilədək azadlıqdan məhrum ediliblər.

İstintaq materiallarına əsasən, 2 aprel mitinqi zamanı sözügedən 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandıraraq, 3 nəfəri qaçırıb, avtobusa 1325 manat dəyərində ziyan vurub. Ancaq SAMA-nın istintaq prosesi və məhkəmə dinləməsi üzrə monitorinqinin nəticələri, habelə həbs edilmiş şəxslərin vəkillərinin bu proses üzrə rəyi göstərir ki, həm istintaq, həm də məhkəmə dindirilməsi prosesləri üzrə ədalətli mühakimə hüququ pozulmuşdur. Eyni zamanda təqsirləndirilən şəxslərə qarşı ittihamlar daha çox siyasi xarakter daşımaqla əsaslandırılmamış, şübhə doğuran mülahizələrə söykənilmişdir.

 SAMA İctimai Palatanın fəallarından olan, tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərli barədə Göyçay rayon Məhkəməsinin 27 avqust 2011-ci ildə çıxardığı həbs qərarını da ədalətsiz və siyasi xarakterli sayır. Vidadi İsgəndərov Cinayət Məcəlləsinin 159.3 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1 (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 132-ci (döymə) maddələri ilə təqsirli  bilinib. Lakin məhkəmənin gedişi göstərdi ki, sübutlar saxtadır, istintaq öyrədilmiş şahidlər və zərərçəkənlərin təzadlı ifadələri ilə qurulub və Vidadi İsgəndərlinin ədalətli mühakimə hüquq təmin edilməyib.

Bundan öncə isə AXCP-dən olan siyasətçi Şahin Həsənli siyasi motivlərlə mühakimə edilib və iyulun 21-də Şəmkir rayon məhkəməsində AXCP fəalı Şahin Həsənlinin iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

 SAMA Milli Dövlətçilik Partiyasının sədri  Nemət Pənahlının da həbsini ədalətsiz və siyasi xarakterli sayır. Bakının Nəsimi rayon məhkəməsinin 17 iyun 2011-ci il hökmü ilə Nemət Pənahlı xuliqanlıqda və bədənə xəsarət yetirməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 SAMA siyasi məhbuslar Cabbar Savalanlı və Bəxtiyar Hacıyevdən sonra  həbs cəzası alan aşağıdakı şəxslərin də siyasi fəaliyyətə və hakimiyyətə qarşı müxalif çıxışlarına görə həbs edildiyini bildirərək, onları siyasi məhbus kimi bütün hüquq müdafiə təşkilatları tərəfindən tanınmasını zəruri sayır:

 Arif Alışlı, AXCP üzvü, 3 il;

  1. Elnur İsrafilov, bitərəf, 2 il 6 ay;
  2. Zülfüqar Eyvazlı, AXCP üzvü, 1 il 6 ay;
  3. Babək Həsənov, AXCP üzvü, 1 il 6 ay;
  4. Sahib Kərimov, AXCP üzvü,  2 il;
  5. Elşən Həsənov, Müsavat üzvü,  2 il
  6. Vidadi İsgəndərli, hüquq müdafiəçisi, 3 il;
  7. Şahin Həsənli, AXCP üzvü, 2 il;
  8. Nemət Pənahlı, Milli Dövlətçilik Partiyasının sədri, 6 il.

SAMA hesab edir ki, hazırda məhkəmə prosesi aparılan və 2 aprel aksiyasına görə həbs edilən digər 7 nəfərlə bağlı məhkəmə prosesi ədalətli, hər hansı siyasi mülahizələr əsaslanmadan aparılmalıdır.

Qeyd edək ki, SAMA 3 fevral 2011-ci ildə bir qrup jurnalist, vətəndaş fəalı və hüquq müdafiəçisinin təsis etdiyi, siyasi plüralizmin, siyasi hüquqların müdafiəsi və təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

 SAMA İdarə Heyəti

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button