Siyasi məhbus probleminin həlli nə zaman mümkün olacaq?

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə məhkum edilmiş bir sıra şəxslərin “əfv” olunması barədə ölkə prezidenti 24 may 2018-ci ildə “əfv” sərəncamı imzadı. “Əfv” sərəncamı 634 nəfər məhbusa şamil edildi. Onlardan yalnız 12 nəfəri siyasi məhbus statusunda olan şəxslərdir.

“Əfv” sərəncamı və “Amnistiya aktı” nəticəsində bəzi məhbusların azadlığına qovuşması təcrübəsi 1993-cü ildən etibarən mütəmadi olaraq tətbiq edilir. Ancaq bu kimi addımlar ümumiyyətlə məhbus probleminin müsbət həllinə ciddi töhfə verməyib. Xüsusilə də bütün nüfuzlu beynəlxalq hesabatlarda ölkəmiz məhbusların saxlanma şəraitinə və sayına, habelə siyasi məhbus probleminə görə Avropa Şurası ölkələri arasında ön yer tutur.

Aparılan monitorinqlər göstərir ki hökumətin atdığı addımlar cəmiyyətdə islahedici əhəmiyyət daşımır, cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına, saxlanma şəraitinə və siyasi məhbus probleminin müsbət həllinə gətirib çıxarmır.

Siyasi məhbus problemini “əfv”sərəncamı ilə həll etmək mümkündürmü?

Cinayət törətmiş şəxslərin ədalətli mühakimə hüququnun təmin edilməsi insan hüquq və azadlıqlarının təminatı baxımından ən mühüm şərtdir. Ədalətli mühakimə hüququnun önündən mövcud siyasi-hüquqi əngəllər qaldırılmasa bu problem öz müsbət həllini tapmayacaq.

Ədalətli məhkəmə ilə məhkum edilmiş şəxslərin müəyyən müddət öz cəzalarını çəkdikdən sonra “əfv” olunması humanizm nümunəsi sayılır. Belə qərarlar cəmiyyətdə münasibətlər sisteminə müsbət təsir edir və islahedici xarakter daşıyır.

Ancaq təqsiri olmadığı halda müxtəlif səbəblərdən məhkum edilmiş insanların “əfv” edilməsi təcrübəsi onlara qarşı ən böyük mənəvi işgəncədir. Bu addım nə məhkum edilmiş şəxsləri islah edir, nə hökumətə siyasi divident qazandırır, nə də cəmiyyətdə həmrəyliyə səbəb olur.

“Əfv” sərəncamı şamil edilən siyasi məhbusların əksəriyyəti, habelə müstəqil və müxalif mövqeli insanlar da bu kimi sərəncamları humanizm nümunəsi kimi təqdir etmir. Odur ki son vaxtlar hökumət “əfv” sərəncamları imzalayarkən bu tendensiyanı nəzərə almağa başlayıb.

Mütəmadi “əfv” sərəncamları imzalansa da təəssüf ki hökumət öz ənənəvi basqıçı siyasətindən imtina etməkdə maraqlı görünmür. Normal ictimai-siyasi münasibətlərə zərbə vuran addımlarından geri çəkilmir və siyasi məhbus probleminin birdəfəlik həllində maraqlı olmadığı aydın sezilir. Həm özünə, həm də cəmiyyətə ağır zərbə vuran bu yanaşmalarını daxili siyasətinin prioritetinə çevirib.

Sanki hökumət hər fürsət düşdükcə siyasi düşüncələrinə və fəaliyyətinə, habelə özünü ifadə azadlığına can atdıqlarına görə vətəndaşları qondarma ittihamlarla həbsə məhkum etməkdən həzz alır. Məhkumluqdan daha çox girovluq həyatı yaşayan bu insanların “humanizm” nəticəsində “əfv” edilməsi praktikası dövlət-vətəndaş münasibətlərinə də sağalmaz zərbə vurur.

Göründüyü kimi, ölkədə çox qabarıq mövcud olan siyasi məhbus problemi həm daxili ictimai-siyasi duruma, həm də beynəlxalq münasibətlərə ciddi gərginlik gətirib. Cəmiyyətdə və demokratik beynəlxalq ictimaiyyətdə hər kəsə aydındır ki, Azərbaycanda təqsirsiz insanların məhkəmə hökmü ilə cəzalandırılması adi hal alıb. Hökumətin sistemli və kütləvi hüquq pozmaları nəticəsində Azərbaycan dövlətinin beynəlxalq imici sürətlə pisləşməyə doğru gedir. Dövlətimiz artıq bütün nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında yer alıb.

Ölkəmizdə ifadə azadlığının məhdudluğu, siyasi azadlıqların boğulması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması və azad mətbuatın susdurulması paralel olaraq artmaqdadır. Nəinki Avropa ölkələri ilə, hətta müharibə vəziyyətində olduğumuz Ermənistandan da bir çox sosial-iqtisadi və siyasi istiqamətlər üzrə geridə qalırıq. Sərhədsiz Repartyorların 2018-ci il hesabatında mətbuatın azadlıq indeksinə görə Ermənistan 80-ci, Azərbaycan isə 163-cü yerdə qərar tutub. Medianın azadlığı baxımından qonşu Ermənistandan 83 pillə geridəyik. Bu geriləmə bütün digər sahələr üzrə də davam edir.

Məhkəmə-hüquq sisteminin siyasi sifarişlə işlədiyi və siyasi münasibətlərin qanunçuluğa söykənmədiyi mühitdə “əfv” sərəncamları ciddi əhəmiyyət daşımır. Sabah yeni bəhanələrlə və qondarma ittihamlarla həbsxanalara təqsirsiz insanların doldurulmayacağına heç bir təminat yoxdur. Hakimiyyətin güc üzərində hegomonluğunun nə qədər davam edəcəyini isə proqnoz etmək mümkün deyil.

İqtidar ölkədə qanuna və hüquqa məhəl qoymadan istədiyi hər şeyi etməyə qadirdir. Hələlik cəmiyyətin kütləvi şəkildə bu vəziyyətə əks reaksiyası yoxdur. Əksəriyyət insanlar sanki bu durumla barışıb. Həmçinin beynəlxalq tələblər də hökuməti geri çəkilməyə məcbur edəcək qədər kəsərli deyil. Ölkə vətəndaşlarının hüquq problemləri beynəlxalq masalarda vaxtaşırı müzakirə olunsa da müstət həllini tapmır. Kimi istəsələr həbs edirlər, kimi istəsələr “əfv” edirlər.

100 il öncə şərqdə ilk demokratik respublika quran xalqın hazırkı hüquqi durumu çox dərin böhran həddindədir. Ölkədə etimadlı ictimai-siyasi münasibətlərin yaranması naminə bütün siyasi məhbusların azad edilməsi və geniş məhkəmə-hüquq islahatlarına başlanması olduqca zəruridir. Öz təməl hüquqlarını demokratik yolla istəyən vətəndaşlarla zorakılıq, həbs dilində danışmaq heç bir dövlətə nüfuz gətirməyib.

Hökumət vaxt itirmədən siyasi məhbus probleminin səbəblərini ortadan qaldırmağa siyasi iradə nümayiş etdirməlidir. Azad və ədalətli seçkilər keçirilmədikcə, məhkəmələr müstəqil olmadıqca, ictimai-siyasi qurumlara normal şərait yaradılmadıqca, media və ifadə azadlıqları təmin edilmədikcə ölkənin nə daxilində, nə də beynəlxalq aləmdə hökumətə etimad olacaq. Öz vətəndaşlarının təməl hüquqlarına qənim kəsilən qeyri-azad ölkə kimi qalmaqda davam edəcəyik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button