Siyasi məhbuslara qarşı işgəncələrlə bağlı ictimai toplantı keçirildi VİDEO

Avqustun 14-də Ziyalılar Birliyinin ofisində siyasi məhbuslara qarşı işgəncə faktları ilə bağlı ictimai dinləmə keçirilib. Tədbiri Ziyalılar Birliyinin sədri, Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev aparıb.

E.Quliyev bildirib ki, son zamanlar həbsxanalardan gələn xəbərlər ciddi narahatlıq doğurur:

“Son zamanlar hakimiyyətin müxalif düşüncəli insanlara, əsasən də inanclı kəsimə qarşı münasibəti yenidən sərtləşib. Əvvəllər deyirdik ki, hakimiyyət qaşınmayan yerdən qan çıxarır. İndi isə artıq, qan çıxan yeri qaşıyırlar. Qobustan qapalı həbsxanasında baş verən son olaylar da bunu göstərir”.

E.Quliyev hakimiyyətin siyasi motivli həbslərdə absurda vardığını qeyd edib:

“AXCP sədrinin müavini Gözəl Bayramlı hamının gözü qarşısında şərlənərək həbs edilib. Jurnalist Əfqan Muxtarlının başına torba keçirilərək Azərbaycana gətiriblər. Din xadimi Sərdar Babayev dini mərasim apardığına görə, həbs edilib. Absurdun pik nöqtəsidir”.

E.Quliyev Qobustan qapalı həbsxanasında “Nardaran məhbuslarına” verilən işgəncələri yada salıb, Tale Bağırzadənin “kars”a salınmasından, Abbas Hüseynin “çarmıxa çəkilməsindən” danışıb.

Abbas Hüseynovin anası Rəhimə Hüseynova çıxışında bildirib ki, yaxınları baş verənlərin çoxunu ondan gizlədib:

“Məndən gizlədirdilər, sən demə, Abbası orda döyüb incidiblər. İsa peyğəmbər kimi “çarmıxa çəkiblər”, günün altında işgəncə veriblər. Bu işgəncələri niyə verirlər? Nə torpaqları satıblar, nə də dövlətin əmlakını yeyiblər. Dövlətin malını, neftin pulunu özləri yeyib, biz neyləmişik? Qara çörəklə uşaq böyütmüşəm…”.

AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmur əlavə edib ki, Abbas Hüseynin ailəsi hətta onun öldüyünü güman edib, yas mərasiminə hazırlaşıb. Z.Yağmur ölkə rəhbərliyinə səslənərək bildirib: “Mən buradan İlham Əliyevə müraciət edirəm: gedib xaricidə deyir ki, Azərbaycanda bütün azadlıqlar qorunur. Bəs bu barədə nə deyə bilər?”.

Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli isə bildirib ki, “Nardaran məhbuslarına” qəddar münasibət səbəbsiz deyil, çünki onlar hakimiyyətin planlanını pozub:

“Hakimiyyət həmişə Qərbə çatdırmaq istəyib ki, burada radikal İslam var. Sərt olmasa, ekstremistlər, İrana işləyən qüvvələr hakimiyyətə gələcək. Müsəlman Birliyi Hərəkatı, Tale Bağırzadə isə Milli Şura ilə bir yerdədir, demokratik qüvvələri müdafiə edir. Ona görə də Milli Şura ilə yanaşı, Tale Bağırzadəyə və onun tərafdarlarına təzyiqlər edirlər”.

Toplantıda başqa çıxışlar da olub. Çıxışçılar siyasi məhbuslara, o cümlədən “Nardaran məhbuslarına” işgəncələr verilməsini pisləyib, bunun səbəbləri barədə mülahizələrini səsləndiriblər.

Tədbirdən video və fotoları təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button