Siyasi məhbus həbsxanadan məktub göndərdi

Hazırda həbsdə olan siyasi məhbus Cavid Şirəliyev xural.com-a növbəti məlumat-müraciət göndərib. Müraciətdə deyilir:

“Ötən həftə qondarma sübutlar əsasında həbs olunmağım, ibtidai istintaq dövründə hər kəsin “Bondotdel” kimi tanıdığı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığım işgəncələr, ləyaqəti alçaldan, qeyri-insani rəftar barədə ölkə ictimaiyyətini məlumatlandırmış, araşdırma aparılması məqsədilə bilərəkdən hüquq mühafizə orqanlarına müraciət etməmişdim. Çünki yəqin bilirdim ki, Daxili İşlər Nazirliyi müraciətimdə göstərilən xüsusatları təhqiq etmək əvəzinə, təkzibedici və ittihamedici bəyanatla kifayətlənəcəkdir. Fikrimdə yanılmadım, müdafiəçim Bəhruz Bayramovla əlaqə yaradarkən mənə məlum oldu ki, DİN-in yetkililəri ilə tələm-tələsik açıqlama yayaraq konkret cinayət əməli törətdiyimə görə azadlıqdan məhrum olunduğumu qeyd etmiş, “Bondotdel”in insanlıqdan kənar əməkdaşları tərəfindən işgəncələrə məruz qaldğımı yalanlamışlar. Eybi yoxdur, əlahəzrət zaman hər şeyə öz dəyərini verəcək, günün birində hazırki hüquq sisteminin cəlladları müttəhimlər kürsüsündə haqq-hesaba çəkiləcək. Mənim şübhəm yoxdur ki, ötən əsrin 40-cı illərində neçə-neçə günahsız insanın ən dəhşətli işgəncələr altında məhv edilməsinə səhnə olub, qısa müddət sonra muzey kimi ziyarətçilərin ixtiyarına verilən Osvensimin tarixi taleyini “Bondotdel”-də təkrarlayacaqdır. Xüsusi vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan polisi ictimai asayişi qoruyub ölkə vətəndaşını cinayətkar qəsdlərdən hifz etmək yerinə təhdid, təzyiq, zorakılıq mənbəyinə çevrilib. Heç bir halda vətəndaş polisə etibar etmir. Mən məsuliyyət hissi ilə ifadə edirəm ki, Azərbaycan polisinin xalqa yönəlik vəhşət dolu zorakı tərzi nəinki ölkə miqyasında, eləcə də beynəlxalq səviyyədə dəfələrlə təsbit olunmuş, dərin qınaq obyektinə çevrilmişdir. Fürsəti fötvə verməyib ictimaiyyətə ünvanladığım müraciətə biganə yanaşmayıb həssas mövqe sərgiləyən dəyərli media mənsublarına, sosial şəbəkə istifadəçilərinə, hüquq müdafiə təşkilatlarına minnətdarlığımı ifadə edirəm.

Jurnalist və hüquq müdafiəçisi

Şirəliyev Cavid Ələsgər oğlu

9 saylı Cəzaçəkmə Müəssisəsi

16 iyun 2017-ci il”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button