“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Penitensiar Xidməti məhkəməyə verib

penitensiar-xidmet14.06.2013

İddia ərizəsi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində icraata qəbul olunub.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Ədliyyə nazirliyi Penitensiar Xidməti məhkəməyə verib. Buna səbəb Alyansın sorğu və müraciətlərini adı çəkilən qurumun cavablandırmamasıdır.

Belə ki, bir müddət öncə “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” ilk hesabatını hazırlayan “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəzi sualların cavablandırılması, eləcə də Alyans üzvlərinin həbs yerlərinə daxil olub monitorinq aparmaq, dustaqlarla görüşüb onları narahat edən problemlərin araşdırılması ilə bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə rəsmi müraciət etmişdi. Lakin Penitensiar Xidmət informasiya sorğusunu cavablandırmamış, həbs yerlərində monitorinq aparmaq təşəbbüsünə isə icazə verməmişdir.

Alyans tərəfindən Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ünvanlanan informasiya sorğusunda  “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun şəkildə aşağıdakı suallları cavablandırılması istənilirdi;

 1. Azərbaycan respublikası ərazisində Ədliyyə nazirliyinin tabeliyində nə qədər İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələri var?

  1. İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin hazırkı texniki vəziyyəti və dustaqların saxlanma şəraiti necədir? Hazırda hansı rayonlarda nə qədər yeni həbsxanalar inşa olunur?
  2. İstintaq Təcridxanası və Cəza Çəkmə Müəssisələrində ümumilikdə nə qədər dustaq cəza çəkir?
  3. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun həbs yerlərində tətbiq olunması istiqamətində son zamanlar hansı addımlar atılır?
  4. Penitensiar Xidmətin əməkdaşları tərəfindən bir çox hüquq müdafiəçilərinə və məhbusların yaxınlarına həbsdə saxlanılan şəxslərlə görüşünə niyə icazə verilmir?
  5. Məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün son illər hansı tədbirlər həyata keçirilib?
  6. Məhbusların qida təminatının yaxşılaşdırılması, tibbi xidmət, geyim, ərzaq və digər sosial problemlərin həlli ilə bağlı 2011- ci və 2012- ci illərdə dövlət büdcəsindən nə qədər vəsait ayrılıb və bu vəsaitlər hansı istiqamətdə xərclənib? Bir məhbusun saxlanması üçün büdcədən təxminən hansı həcmdə vəsait ayrılır?
  7. 2012- cü ildə həbs yerlərində nə qədər məhbus dünyasını dəyişib?
  8. 2012- ci ildə nə qədər məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilib və nə qədər məhbus müalicə alıb?
  9. Məhbuslar daha çox hansı xəstəliklərlə bağlı şikayət edir və tibb müəsissəsinə köçürülür?

 Lakin qanunvericiliyin tələblərinə zidd olaraq Penitensiar Xidmət sorğunu cavablandırmaqdan imtina etmiş, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın üzvlərinin həbs yerlərində monitorinq aparmaq istəyini isə “Ədliyyə naziri yaınında fəaliyyət göstərən İctimai Komitəyə müraciət edin”  kimi absurd və qanunvericiliyə zidd cavab vermişdir.

Alyansın Penitensiar Xidmətə qarşı olan iddia ərizəsi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə icraata götürülb. İşə hakim Şərafət Məmmədova baxacaq. Artıq iddia ərizəsi ilə bağlı məhkəmə tərəflərə rəsmi bildiriş göndərib. Yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir.

 Xatırladaq ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 2012- ci ilin avqust ayında bir qrup keçmiş vicdan məhbusu və hüquq müdafiəçiləri tərəfindən yaradılıb. Qurumun məqsədi həbs yerlərində saxlanma şəraitinin yaxşılaşdırılmasına nail olmaq, ictimai- siyasi fəaliyyətinə görə qanunsuz həbs olunmuş məhbusların hüquqlarını qorumaqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button