Siyavuş Novruzova xitab

 Bir gün rəhmətlik laçınlı “Cin Mübarız” qoşalüləni götürüb (hələ onda avtomat yox idi) gedir ermənilərlə vuruşmağa. Laçından çıxanda qabağına Minkəndli Bəhram çıxır. Xoş-beşdən sonra Bəhram soruşur:

– Mübariz, hara gedirsən?

Cin Mübariz deyir:

– Gedirəm bu dığaların ya özünü, ya da mal qaralarını-yığım gətirim. Qağa, yoxsa qudurublar.

Bəhram:

– Birdən qəfil çıxdılar qabağına, nə edəcəksən?

Mübariz qoşalüləni göstərib deyir:

– İkisi də doludur, boşaldacam qarnlarına.

Bəhram:

– Birdən tüfəng açılmadı?

Mübariz:

– Qağa, bıçağımla onları boğazlayaram.

Bəhram hiyləgərcə gülümsəyir:

– Vurub əlindən bıçağı salsalar?

Mübariz bir az əsəbiləşir:

– Ə, daşa, kəsəyə nə gəlib?

Bəhram:

– Bala, birdən daş-kəsək olmadı?

Mübariz lap özündən çıxır:

– Bura bax, Bəhram, sən mənim dostumsan, ya erməninin?..

Bax, belə bir aktual sual çıxıb bu gün qabağıma. Görəsən, bu Səyavuş Novruzov bizim deputatımızdı, ya ermənilərin? Niyə soruşuram?

Radioda xəbərlərə qulaq asırdım. Diktor elan etdi ki, iqtidarda olan YAP-ın aparıcı simalarından biri, millət vəkili Siyavuş Novruzov deyib: “Qarabağ erməniləri ilə bizim birbaşa təmas qurmağımıza Ermənistan hökuməti maneələr yaradır. Yoxsa biz onlarla danışıb, onları başa salardıq ki, Azərbaycanın tərkibində qalmaq onlara xeyir gətirər”.

Doğrudan, çox gülməli bir fikirdir. Hara istəyirsən fırlat, necə istəyirsən fırlat, gülməkdən başqa bir şey qalmır. Axı, görəsən bizim iqtidarda olan YAP-ın aparıcı simalarından biri, dəyişilməyən və ingilis funtu kimi həmişə qiymətdə olan millət vəkilimiz möhtərəm Siyavuş Novruzov bu dərin kəlamla nə demək istəyib? Görəsən, o, Qarabağ ermənilərinə nə başa salmaq istəyəcək? Onlara başa salınası bir şeyi varmı? Bəlkə, elə danışmaq xətrinə danışır?

Ermənilər ola bilər ki, öz aralarında nəsə bölə bilməsinlər, lakin söhbət bizə gələndə, onlar öz aralarındakı söz-söhbəti bir yana qoyurlar. Planları yüz illər qabaq çəkilən və mərhələlərlə həyata keçirilən bu təxribatda da onlar birdirlər. Onlara nəyi başa sala bilərsiniz?

Artıq onlar özlərinə lazım olan hər şeyi gözəl başa düşüblər və Siyavuş müəllim, sizin onları başa salmağınızı istəmirlər, başa düşürsünüz? Əgər onları rəhmətlik Heydər Əliyev başa sala bilmədisə, görəsən, siz onlara nəyi başa salacaqsınız?

Həm də mən biləni onlar artıq neçə illərdir mübarizə aparırlar ki, birbaşa Azərbaycan hökuməti ilə danışıqlara getsinlər. Amma Qarabağın, Azərbaycanın tərkib hissəsi olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti onları heç zaman tərəf kimi qəbul etməyib və etməyəcək. Əgər siz onlarla danışmaq istəyirsinizsə (bu istək təbiidir, axı onlar bizim vətəndaşlarımızdılar),YAPiqtidarını məcbur elə, bir polis əməliyyatı keçirib orada olan terrorçu ünsürləri təmizləsin. Bax, bundan sonra orada kim qalacaqsa, get, onlara nə istəyirsən, danış, başa sal! Yoxsa, terrorçu, əli on minlərlə Azərbaycan vətəndaşının qanına bulaşmış adamlarla nə danışacaqsan? Bəlkə sizin iqtidarın onları tərəf kimi tanımaq arzusu var? Yoxsa Fransa prezidenti bunu tələb etməyə gəlmişdi?

Bu fani dünyada nə desən ola bilər! Elə tutaq ki, onlarla danışmağa başladın: Azərbaycanda olan analoqsuz iqtisadi inkşafdan, milyona yaxın iş yerindən danışdın. Erməni tüpürdü rus dayısına, fransız xalasına, ingilis əmisinə və sairlərə, dedi ki, mənim milli azadlıq hərəkatında bu qədər adamım cəhənnəmə vasil olub, bu qədəri də şikəstdir, bu qədəri də veteran, onlar nə olsun? Siyavuş müəllim, yəni bizimlə vuruşanlar, onlar nə olacaq?  Axı sizin dediyiniz kimi onlar da bizim vətəndaşımızdır. Siz onlara nə cavab verəcəksiniz?  Onlarda bizdən fərqli olaraq vuruşmayan söz yiyəsi deyil. Vuruşanlarla isə sizin vicdanınız necə yol verəcək ki, nə isə danışasınız?

Deyirəm, fantastik bir iş ola (bu dünyada hər şey olur), onlar sizinlə bayaq dediyim kimi, qohum-əqrəbalarına tüpürüb danışıqlara gedələr və sizdən ölənlərinə, əlillərinə, veteranlartına müavinat istəyələr.

Deyəsən, siz buna hazırsınız!

Verərsiniz?!

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button