“Siz inanırsınız ki, Azərbaycanda hakim istefa verəcək?”

Hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları maddəsinə dəyişiklik edildi

“Mən əvvəllər də məsələ qaldırmışam ki, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində ciddi islahatlar aparılmalıdır. O cümlədən, “Məhkəmələr və hakimlər haqqında” qanun, həmçinin “Məhkəmə-Hüquq Şurası haqqında” qanun yenidən işlənməlidir və ciddi dəyişikliklər edilməlidir”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasında “Məhkəmər və hakimlər haqqında”qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Adıçəkilən qanunun “hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları” maddəsinə edilən dəyişikliyə əsasən, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda nəzərdə tutulmuş təkrar qiymətləndirmə nəticəsində hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) işində peşəkar çatışmazlıqlar aşkar edildikdə fəaliyyətinə xitam veriləcək.

Deputat Azərbaycanda hakimlərin fəaliyyətinin hər 5 ildən bir qiymətləndirilməsi ilə bağlı müddəanı da tənqid edib:

“5 ildən bir qiymətləndirmənin keçirilməsi hakimləri tamamilə asılı vəziyyətə salır. Ona görə də, hesab edirəm ki, əgər hakimlər təyin olunurlarsa, qiymətləndirmə məsələsi aradan qaldırılmalıdır. Əgər hakim qanunu pozursa, onun hərəkətindən verilən şikayət araşdırılmalıdır. Şikayət araşdırılan zaman bəlli olsa ki, şikayət edən şəxsin hüquq və mənafelərinə mühüm zərər vurulub, o, cinayət məsuliyyəti daşıyır”.

Deputat vurğulayıb ki, qanuna yalnız cinayət törətdiyi halda hakimlərin vəzifədən kənarlaşdırılması məsələsi daxil edilməlidir:

“Düşünürəm ki, Azərbaycanda da hakimlərin müstəqilliyinin təmin olunması üçün dediyim addımlar atılmalıdır. Hakim təyin olunursa, onun bir neçə ildən bir fəaliyyətinin qiymətləndirilməsi məsələsi qanunvericilikdən çıxarılmalıdır. Bu hakimlərin müstəqilliyinə ciddi şəkildə zərbə vurur”.

Spiker Oqtay Əsədov isə bildirib ki, hakimlərin öz istəyi ilə istefa verməsi gözlənilən deyil: “Siz inanırsınız ki, Azərbaycanda hakim istefa verəcək? Öz sözünüzə özünüz də inanmırsınız”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button