Siz kimin əmisi oğlusunuz, cənab səlahiyyətlilər?

Kim varlıdır? Paşinyan, yoxsa mən?
Azərbaycan rəsmiləri Ermənistanın baş naziri Nikol Paşinyan haqqında, onun hərəkətləri və siyasəti barədə danışanda düşmən dövlətin rəhbərinin adını çəkmirlər, sadəcə baş nazir deyirlər, ona çox yuxarıdan baxırlar. Düşünmək olar ki, düşmənlə elə bu cür rəftar etmək lazımdır, amma tənqidlərdən hiss olunur ki, Paşinyan apardığı sərt Qarabağ siyasətinə görə deyil, sadəcə pulsuz, milyonu, milyardı olmayan biri kimi tənqid olunur və Azərbaycanın əksər məmurlarından doğrudan da kasıb olan bu düşməni bacarıqsız, pul qazana bilməyən, kasıb biri kimi görürlər. Paşinyan səriştəsiz, siyasətdə naşı ola bilər. Amma, məsələ yalnız Paşinyandadır, yoxsa ümumiyyətlə Azərbaycanın düşdüyü dalanda?
Paşinyan Serj Sarkisyana, Robet Koçaryana baxanda çox kasıbdır, ən azı iki ilə yaxın hakimiyyəti dövründə onu rüşvətdə, büdcə dağıtmaqda ittiham edə bilmirlər. Bircə dəfə qızına xidməti “Hunday” avtomobili ayırdığına görə mətbuatda müzakirə açılıb, onda da məlum olub ki, burda qanunsuz bir iş yoxdur, baş nazirin ailə üzvləri də dövlət mühafizəsində olduğundan, çox da prestij sayılmayan avtomobilin ayrılması qəbahət deyil. Belə avtomobili bizim məmurların övladlarının “avtomobil sərgisi”ndə görməzsiniz. “Zapodlo”sayılar.
Paşinyan da bizə öz prizmasından yanaşır, əsl düşmən mövqeyini ortaya qoyur: “Qarabağ Ermənistandır” deyir, “Heç bir torpaq güzəştindən söhbət belə getməz” bəyanatını verir, cəbhə xəttində bizim əsgəri vuranı mükafatlandırır, Qarabağa gəlib, cəbhə xəttinin bir addımlığında silahı bizə tərəf tuşlayır, başımızı format məsələsi ilə qatır, Dağlıq Qarabağ danışıqlarda iştirak etməlidir mövqeyini irəli sürüb bizi əsl hədəfdən yayındırır, biz də sevinirik ki, erməni baş nazirin format dəyişməsi keçmədi.
Baxın, düşmən bizim torpaqları almağı ilə öyünür, biz də onun kasıb olmağı ilə. Kaş biz ermənidən min dəfə kasıb olaydıq, amma Qarabağ əlimizdə olaydı.  Paşinyan da bu işə sevinir ki, gör qarşı tərəfi nə ilə aldadıb, məsələni uzadır. İndi də bütün erməni mətbuatını istiqamətləndirib Naxçıvan məsələsinə ki, artıq 2021-ci ildə Rusiya və Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin 100 illiyi tamam olur və guya o vaxt Azərbaycana verilmiş Naxçıvan geri qayıtmalıdır. Yəni, məqsəd başımızı Naxçıvan teması ilə qatıb Qarabağı gündəmdən çıxarmaqdır. Qarabağ onsuz da bizim rəsmi gündəmimizdə aktual deyil, amma yenə də  düşmənin belə tələlərinə düşməmək lazımdır. Yoxsa, hakimiyyətə xüsusi yaxınlığı ilə seçilən biri götürüb yazır  ki, biz Qarabağı, Şuşanı unutmalıyıq, “gələcəkdə Şuşaya turist kimi gedərik, əsas diqqəti Naxçıvana və Gəncəbasara yönəltməli, onları qorumalıyıq”. Bəlkə də belələri sözçü rolunda çıxış edib, perspektiv siyasi planları indidən şüurlara yeridir?  Dəhşətlisi odur ki, bu sözləri deyənin sürücüsünə, texniki işçisinə də jurnalistlərin evindən pay verilir, amma “Qarabağ bizimdir” deyəni düşmən bilirlər. Siz kimin əmisi oğlusunuz, cənab səlahiyyətlilər? Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa onun uğruna vuruşmaq istəyənin? Bu günkü reallıq göstərir ki, evi satqınlara verirlər, vətənpərvərlərə yox. Deməli, Qarabağı da yerin sahiblərinə yox, düşmənə verməkdə maraqlı olanlar iş başındadır. Əks mövqeyiniz varsa, belə deyilsə, ən yüksək səviyyədə dialoqa hazıram!
Paşinyanın daşınan və daşınmaz əmlakı, bizim o məmur oğlunun oğurlanan iki milyonluq saatı qədər deyil, qat-qat azdır, amma Paşinyan Qarabağda hər gün möhkəmlənməklə mənən zənginləşir, biz də bir o qədər hər gün zəifləməyimizə baxmayaraq ciblərimizi doldurub sözün tam mənasında maddi cəhətdən zənginləşir, mənən yoxsullaşırıq. Paşinyan Qarabağda prezident seçkisinə hazırlaşır, adını da demokratik seçki qoyub dünyada müsbət imic formalaşdırır, martın 31-də bizim məşhur ”qara siyahı”ya baxmayaraq (artıq bu qara siyahı barədə xaricdə lətifələr danışırlar) xeyli beynəlxalq müşahidəçilər gələcək, bizim də hazırlaşdığımız 9 fevralı (adam heç seçki də deyə bilmir) dünya müşahidə etməkdən imtina edib. Zato, Paşinyanı pulsuz biri kimi vecimizə almırıq. Paşinyanın ofşorlarda pulu yoxdur, amma Qarabağı var. Paşinyanın dünyanın dörd bir yanında villaları yoxdur, amma əlində Şuşa kimi qiymətsiz xəzinəsi var. Paşinyanın qızları dəyəri 200 min dollar olan şampan şərabının suyunu bəzi bizim ərkəsöyün məmur qızları kimi Parisin ortasında partladıb.., və içməyib yerə tökmürlər, amma Kəlbəcərin İstisuyunda bizim dəyərli suyun hovuzunda çimirlər. 
Kim zəngindir, kim varlıdır? Qarabağı işğal edib 30 ildən çoxdur ki, ondan bəhrələnən, onun torpağından hər cür faydalanan, oranı özününkü bilən, kasıb erməni, yoxsa o yerlərn əsl sahibi olub, amma əli çatmayan, o yerlərə xəyal kimi baxan və hər gün o yerlərdən uzaqlaşan, uzaqlaşdırılan, amma “neft və milyonlar səltənitində” boğulan  Azərbaycanmı?
Bu sualı hər bir Azərbaycan vətəndaşı özünə verib, düşünsün. Kim varlıdır, Paşinyan, yoxsa mən?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button