Sizi istəməyənlər ölsün!

Zamin_HaciAclıq edənlərə müraciət

NİDA Vətəndaş Hərəkatının 8 gənc üzvü Kürdəxanı təcridxanasında artıq 1 həftəyə yaxındır aclıq aksiyası keçirirlər. Onlar aksiyanı bir növ son addım kimi atıblar, cəmiyyətə müraciət də göndəriblər. Rəşadət Axundovun adından göndərilən müraciətdə deyilirdi ki, azadlığa buraxılmayana qədər aksiyanı davam etdirmək fikrindədirlər, cəmiyyətdən də xahiş edirlər kimsə onlara “Aksiyanı dayandırın” deyə üz tutmasın.

Mən bu gənclərin bəziləri ilə canlı ünsiyyətdə olmuşam, bilirəm ki, tərsdirlər. Əslində “dönməzdirlər” yazmaq daha mənəvi olardı, ancaq Azərbaycan cəmiyyətində mənəviyyat kimə lazımdır? Bizdə bu işin adını uca millətimiz tərslik qoyub, biz də belə qəbul edək. Onlar tərsdirlər və “Zindandan ya azadlığa çıxacağıq, ya da burdan cəsədimiz çıxacaq” yazırlarsa deməli ciddidirlər.
Siniklər, insanların mübarizəsinə ağız büzüb cürbəcür düşük şərhlər yazanlar belə şeyləri qanmazlar. Onlar NİDA Vətəndaş Hərəkatını tanımayanlardır. Hakimiyyətin niyə bu gəncliyə qəddarcasına ağır cəza kəsməsini – 8 gəncə toplam olaraq 64 il həbs istənilir, bu isə içində ölüm olmayan işlər üçün hətta Azərbaycanın ədliyyə xərabəliyi üçün də görünməmiş rəqəmdir – anlamayanlardır.
Bu tərs gənclərdən xahiş eləmək istərdim: aksiyanı dayandırın. Qısa və konkret yazsam, sizin aksiyanızın heç kimə faydası yoxdur. Nə Azərbaycana, nə xalqımıza. Daha doğrusu, faydası yalnız yapokratiyaya var. Siz orda aclıq keçirib ölsəniz bəlkə 3 gün toy-bayram edərlər, göyə fişəng atarlar. Sevinərlər, çünki hər biri azı 8 min yaltaq yapokrat gəncə bərabər 8 igidi itiririk.
Mən başa düşürəm, aclıq aksiyası dinc etirazın bir formasıdır, bütün dünyada qəbul edilib və siz də dinc mübarizəni həyat tərzi seçmiş, Cin Şarpı oxumuş, nə bilim, Mahatma Qandini izləmiş gənclər olaraq buna məcbursunuz. Ancaq o aksiyalar normal ölkələrdə keçərlidir, bizdə yox. Kürdəxanı təcridxanası rəhbərliyinin aksiyadan 5 gün sonra “Bizdə aclıq aksiyası keçirilmir” deməsi vəziyyəti aydın göstərir. Bu rejim sizin ölməyinizdə nəinki maraqlıdır, hətta bunu təşkil eləməyə hazırdır. Aclıqdan zəifləmiş orqanizm bunun üçün ən yaxşı bəhanələr yaratmırmı?
Ona görə sizdən bir daha xahiş edirəm, aclıq aksiyasını dayandırın və demokratiya yolunda camaatımızı tək qoymayın. Sizə ümidlə baxan, mübarizənizi izləyən nə qədər insanlar var, bilirsinizmi? Onların nə qədəri gəncdir, xəbəriniz varmı? Onları sındırmayın, kədərləndirməyin. Dinc mübarizənin başqa üsulları da var, onları aparmaq üçün siz fiziki baxımdan sağlam olmağa məcbursunuz.
Başqa yöndən, guya azadlıqda yel əsib, qoz tökülüb? Azərbaycan özü boyda bir cəzaçəkmə müəssisəsidir, zindana çevrilibdir, burda hamı əziyyət çəkir, burda kimsənin azadlığı yoxdur. Hətta rejim özü də öz acgözlüyünün, pul hərisliyinin əsiridir. Halbuki rəsmi zindanlarda bu saat Azərbaycanın ən ləyaqətli oğulları toplanıb. Siz azadlığa çıxıb İlqar Məmmədovu, Yadigar Sadıqovu, Tofiq Yaqublunu, Rauf Mirqədirovu, Taleh Bağırzadəni, Əvəz Zeynallını, Pərviz Həşimlini, Sərdar Əlibəylini və başqalarını – o qədər çoxdurlar, hamısını yazmaq mümkün deyil – harda tapacaqsınız? Sizi əmin edirəm ki, bizim şərti azadlığımızda o qədər yaxşı adam yoxdur.
Açıq danışaq, NİDA “Əsgər ölümlərinə son!” etiraz aksiyalarının təşkilinə görə zindana salınıb. İndi siz orda aclıqdan ölsəniz “Siyasi məhbus ölümlərinə son!” aksiyası keçirilsə, bunun bizə nə faydası var?
Nəhayət, demokratiya, azadlıq uğrunda burda bir müharibə gedir və müharibədə aclıq eləməzlər. Sizi istəməyənlər ölsün, aclığı dayandırın!
http://musavat.com/news/yazarlar/Sizi-ist%C9%99m%C9%99y%C9%99nl%C9%99r-%C3%B6ls%C3%BCn!_192354.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button