Skandal yaradacaq müzakirə:“Qarabağ savaşı üçün böyük dövlətlərdən icazə ala bilməliyik!”-VİDEO

İndi bütün dövlətlərin “formatlanması” prosesi gedir

“Strateq baxışı”nın budəfəki müzakirəsi “Dəyişən regional şərait: “Azərbaycana və Qarabağ münaqişəsinə mümkün təsirlər” mövzusudur.  Mövzunu sabiq Baş nazir və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, sabiq MTN-in sabiq birinci müavini və Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İB-nin prezidenti Yasəmən Qaraqoyunlu və qonağımız Milli Strateji Düşüncə Mərkəzinin üzvü, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ilə müzakirə edirik. Hər zamankı kimi qaynar və ciddi müzakirədə Qarabağ münaqişəsindən tutmuş maraqlı dövlətlərin məsələyə yanaşmasına, Qarabağ münaqişəsi, yoxsa müharibəsi deyilməsindən tutmuş Rusiyaya necə münasibət bəsləməli olduğumuza, regionda qurulması planlaşdırılan kürd dövlətindən APA-nın bağlanılmasına qədər bir çox məsələlərdən danışdıq. 1 saat 40 dəqiqə necə gəlib keçdi heç bilmədik. Müzakirə boyunca Qarabağ münaqişəsinə ən müxtəlif kontekstlərdən yanaşma sərgiləməyə çalışdıq.

Müzakirənin maraqlı olduğunu nəzərə alıb iştirakçıların çıxışlarının qısa özətini də oxucu-tamaşaçılarımıza təqdim edirəm. Sizə çox maraqlı gələ bilər.

Beləliklə, “Strateq baxışı” verilişinin 6-cı mövzusunda ekspertlərimiz nələr dedilər:

 

Sülhəddin Əkbər:

“- Gürcüstan hadisəsi əslində dünya üçün bir qara ləkədir.

– Bizim ərazi bütövlüyümüzə həmsədr dövlətlər belə BMT Baş Assambleyasında səs vermədilər.

– Biz demokratik strateji seçim etməliyik. Bu seçim bizə doğru yolu göstərəcək.

– ABŞ bu gün regionda bir kürd dövləti qurmaq istəyir. Bunu anlamalıyıq. Kürd dövləti qurmaq üçün də İran, İraq, Türkiyə və Suriyə dağıdılmalıdır. Bir çox xəritələrdə Naxçıvan da ora daxildir.

– Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir Qarabağ savaşı.

– Amerika və Rusiya bir məsələdə həmrəydirlər. Bu regiondakı böyük dövlətlərin hamısının federal və ya konfederal kövrək yapıya çevrilməsi. Bu məsələdə onların hər ikisinin planı üst-üstə düşür və bunlar bu məsələdə anlaşacaqlar.

– İran məsələsi gündəmdədir və deməli, Azərbaycan məsələsi də gündəmdədir. ABŞ dərin dövlətinin bu gün 1 nömrəli məsələsi İran məsələsidir.

– Hər bir region dövləti, o cümlədən Azərbaycan uğrunda mübarizə gedir. İndi bütün dövlətlərin “formatlanması” prosesi gedir.

– Mingəçevir və Gəncə hadisələri nə zaman vaş verdi – 26 iyun hərbi paradından 10 iyula qədər olan dövrdə.

– Heç olmasa ana xəttləri ilə milli bir konsepsiya qəbul olunmalıdır.”

 

Pənah Hüseyn:

“- Bu iqtidar Qarabağ məsələsində ən azı 50/50-yə nisbətdə uğurlu siyasət aparır. Nə qədər korrupsiya olsa da, Azərbaycan ordusu qüdrətlidir və var. Cəmiyyəti müharibəyə hazırlamaq üçün hakimiyyət çox ciddi islahatlara getməlidir.

– Azərbaycan dövləti və diplomatiyası bu icazəni almalıdır – böyük dövlətlərdən. Biz kimdən icazə almalıyıq və bu icazəni kimlər verməlidir? İcazə alınacaq dövlətlərdən biri də Rusiyadır. Biz müəyyən etməliyik ki, kimlərə, nələri güzəştə gedə bilərik?

– Nə baş verir ki, nə baş verəcək ki, ya da nə baş verdi ki və yaxud nəyə hazırlıq görülür ki, APA-nı belə bağladılar? APA Mingəçevir SES çökən kimi çökdü – simvolik olaraq belə qiymətləndirmək mümkündür.

– Rusiyanı da, Türkiyəni də dağıtmaq istəyirlər. Elə bir məqam yaranıb ki, yeni situasiya yarana bilər.

– Azərbaycanı müharibəyə hazırlamaq və bunun üçün icazəni almaq lazımdır.

– Azərbaycan ictimaiyyəti və müxalifətinin Qarabağ məsələsində seyrçi mövqe tutmaları məni qane eləmir. Qarabağ məsələsi demokratiyadan da irəli çəkilməlidir.

– Hökumətdən tələb olunmalıdır ki, ya Qarabağı azad elə, ya da get.

– 1990-ciı illərdən bu tərəfə ilk dəfədir ki, Qarabağın azad olunması üçün real şərtlər və şərait yaranıb və onun təzahürləri ortadadır.”

 

Yasəmən Qaraqoyunlu:

“- Beynəlxalq hüquq heç də universal hüquq deyil. Münaqişə yox, müharibə termininin istifadə olunmasının tərəfdarıyam. Ermənistan Rusiya ilə birlikdə Azərbaycana qarşı işğalçılıq siyasəti yeridir.

– Ermənistan cənub türklüyü ilə şimal türklüyünün, şərq türklüyü ilə qərb türklüyünün ortasında qurulub ki, bu türklüyü parçalasın. Ermənilər həm də Rusiya tərəfindən Anadolu, İran və Qafqaz türklüyünə qarşı istifadə olunur.

– Qarabağın statusunun danışıqların predmeti olması bizim uğursuzluğumuzdur.

– “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” demək yanlışdır. Bu, bizim zəifliyimizdir.

– Qarabağın statusu müzakirə oluna bilməz. Qarabağ Azərbaycan torpağıdır. Bu, Azərbaycan diplomatiyasının məğlubiyyətidir.

– Qarabağ məsələsində vahid strateji xəttimiz yoxdur.

– Rusiyanı içəridən qarışdıra bilərik. Panturanizmi və panislamizmi Rusiyanın içində yaymaqla onu bölmək mümkündür. Bizim də İrana və Rusiyaya qarşı hücum siyasətimiz olmalıdır.

– Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşməsinə nail olmalıyıq. Necə olur ki, Rusiya Ermənistanda hərbi bazalarını yerləşdirə bilir?

– Əgər ermənilər Qarabağda qalib gələ bilsələr, hökmən Şərqi Anadolunu da alacaqlar.

– Bütün verilən torpaqlar Ermənistandan geri istənilməlidir.”

 

Vaqif Hacıbəyli:

“- Bizim Rusiya ilə qarşıdurmaya getməyimiz rasional düşüncə deyil. Daha ağıllı olmalıyıq. Ukrayna, Gürcüstan nəyə nail oldu? Qərbə və Amerikaya ümid etmək olmaz.

– Türkiyə ilə ən azı Ermənistan-Rusiya ittifaqına oxşar bir ittifaq qurmaq lazımdır.

– Qarabağda sülh mümkün deyil, ona görə ki, Qarabağda sülhlə Qarabağı vermək olar, Qarabağı qaytarmaq olmaz.

– Həqiqət ondadır ki, Rusiya ilə açıq qarşıdurmaya getmək olmaz.

– Ermənistandakı Azərbaycan vətəndaşlarına hansı status veriləcəksə, Azərbaycandakı Ermənistan vətəndaşlarına da eyni statusu vermək lazımdır. Burada simmetrik status məsələsindən söhbət gedə bilər.

– Mən anti-Rusiya ritorikasını məqbul saymıram. Bu ritorikadan çəkinmək, amma öz siyasətimizi də aparmaq lazımdır.

– Sabah üzərimizə rus tankları gələndə ona da hazır olmalıyıq.

– Totalitar cəmiyyətdə də torpaqlar qaytarıla bilər, təki siyasi iradə olsun.”

 

Əvəz Zeynallı,

“Strateq baxışı”

 

“Strateq baxışı”ndan fotoların yaddaşında qalanlar:

  

   

 

Strateq.az

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button