SMMM güc qurumlarını vətəndaşlara işgəncələrin verilməsində ittiham edib

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət acınacaqlıdır və getdikcə pisləşir. Hakimiyyətin islahatlara dair vədlərinə baxmayaraq, vətəndaşların hüquqları pozulmaqda davam edir. Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin (SMMM) hesabatında deyilir.
Ən çox haqsızlığı hüquq- mühafizə orqanları törədirlər və təəsüflər olsun ki, rəhbərlik tərəfindən heç bir ölçü götürülmür və bununla qanunsuzluq dəstəklənir.

Hesabatda müvəqqəti saxlama məntəqələri, təcridxanalar və koloniyalarda saxlanılanlara və mühakimə edilənlərə verilən konkret işgəncə faktları göstərilir.

SMMM Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlinin başına gələnləri qeyd edir. S.Rüstəmli mayın 8-də saxlanılıb. Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Onun barəsində yaxınları 14 gün məlumat ala bilməyib. Barəsində seçilən həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan zaman məhkəməyə gətirilməyib. Bütün bunlar S. Rüstəmovun işgəncə alması ilə bağlı şübhələrə yol açıb. Onun qardaşı oğlu Vidadi Rüstəmov da eyni aqibətlə üzləşib. Onların hər ikisi iki həftədən çox “işgəncə yeri” adlandırılan DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılıb. Halbuki, qanuna görə, onları təcridxanaya köçürməliydilər.

Yalnız mayın 25-də rəsmi orqanlar bildiriblər ki, S.Rüstəmli və V.Rüstəmov “pulların yuyulması” işi üzrə keçirlər. Həmin iş üzrə Xalq Cəbhəsi Partiyasının üç fəalı – Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirli də keçir.

Yaxınlarının verdiyi məlumata görə, onlar fiziki təzyiqlərə məruz qalıblar. Həbsdən üç ay keçməsinə baxmayaraq, onlara yaxınları ilə əlaqə saxlamağa imkan verilməyib.

Gəncə hadisələri ilə ittiham olunanlar da işgəncələrə məruz qalır, hesabatda deyilir.

Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunus Səfərovun həbs olunduqdan sonra ağır işgəncələrə məruz qalmaşını təsdiqləyən fotolar sosial şəbəkələrdə yer alıb.

Y.Səfərovun E.Vəliyevə şəxsi münaqişə zəminində hücum etməsilə bağlı həyat yoldaşının və bacısının bəyanatlarına baxmayaraq, hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər və ölkə boyunca dindarlara qarşı repressiyaya başlayıblar.

Gəncə olayları ilə əlaqədar güc qurumları məhkəmə və istintaq olmadan beş nəfəri öldürüblər.

SMMM qeyd edir ki, günahı sübuta yetirilməmış adamları öldürmək ədalətli istintaqın aparılmamasına xidmət edir.
Təqsirsizlik prezumpsiyası pozulub: istintaq əməlləri aparılmadan şübhəli şəxslər öncədən “terrorçu” adlandırılıb.

Demək olar ki, saxlanılan şəxslərin heç birinin vəkili olmayıb və onlar işgəncələrə məruz qalıblar. Bundan əlavə, məhv edilən 5 nəfərin güc orqanlarına müqavimət göstərməsinə dair sübut yoxdur.

SMMM öz araşdırmasında məhkumların hüquqlarının pozulması ilə bağlı tədbirlərin görülmədiyini bildirir. Məhbusların saxlanmasına ayrılan vəsaitin yalnız 5%-i təyinatı üzrə çatır.

Ərzaq, qeyim, dərman ləvazimatı, yataq dəsti və s. onlara çatmır. Ağır xəstələr üçün ayrılan əlavə ərzaq payı pulla verilir.

Vərəmli xəstələrin saxlandığı 5 saylı koloniyada pulu olmayana dərmanlar borca verilir. Lakin vaxtında borcunu qaytarmayan şəxs döyülür, ya da cəza kamerasına salınır.

SMMM bloger Mehman Hüseynovun ölüm ayağında olan anası ilə görüşünə icazə verilməməsini qəti şəkildə pisləyib.

“Vicdan məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədov, ilahiyyatçı Abgül Süleymanov təzyiqlərə məruz qalır.

SMMM hüquq-mühafizə orqanlarının fəaliyyətində Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 3 (işgəncələrin qadağan olunması), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və s. maddələrin pozulduğunu qeyd edib.

SMMM hakimiyyəti qanunlara əməl etməyə, vətəndaşların Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş hüquqlarına hörmətlə yanaşmağa çağırır.

* SMMM 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb. Qurumun sədri hüquq müdafiəçisi Elşən Həsənovdur.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button