SOCAR-da narazılıq – Mikayıl İsmayılovdan narazı qalan iş adamları toplandı

Dünən 350-yə yaxın yerli və xarici iş adamları SOCAR-ın akt zalında toplantı keçirib.

Xural.com “Hürriyyət” qəzetinə istinadən məlumat verir ki, iş adamları ilə görüşü bu yaxınlarda Dövlət Neft Şirkətinin Satınalmalar Komitəsinin sədri vəzifəsinə gətirilən Yaşar Lətifov təşkil edib.

Bildirilir ki, bir müddət əvvəl SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun yerinə təyin olunan Yaşar Lətifov ciddi bir sürprizlə qarşılaşıb. İş əsnasında məlum olub ki, SOCAR-ın tenderlərində iştirak edən şirkətlərin sayı kəskin azalıb. Nəticədə Dövlət Neft Şirkətinin bir sıra “yağlı” təkliflərinə gözucu baxan belə olmayıb. Şirkətin Satınalmalar Komitəsinin yeni sədri Yaşar Lətifov da məhz bu müəmmanı araşdırmaq üçün iş adamlarını görüşə çağırıb.

Görüşdə iştirak edən iş adamları təkliflərə həvəssiz yanaşmalarının səbəbini Mikayıl İsmayılovun zamanında yaşanan ayrı-seçkiliklə izah ediblər. Onların iddialarına görə, bəziləri aldıqları tenderin ödənişləri vaxtında verilmədiyindən böyük sıxıntıya düşüblər. Bir çox hallarda qazandıqları tenderlərdə süründürməçiliklə üzləşdiklərindən iflas vəziyyətinə düşüblər. Hətta onlardan qazandıqları tenderlərin qanunsuz alınaraq, Mikayıl İsmayılova yaxınlığı ilə seçilən iş adamlarına verilməsi halları da yaşanıb. Bəzi iş adamlarının ödənişləri bir-iki ay ərzində ödənildiyi halda, bəziləri isə illərlə öz qazanclarını əldə etməyə tamarzı qalıblar. Toplantıda çıxış edən iş adamları bunu əvvəlki rəhbərliyin bəzi şirkətlərə hamiliyi ilə əsaslandırıblar və azad rəqabətin olmadığı şəraitdə SOCAR-la əməkdaşlıq etməyin mümkünsüzlüyünü diqqətə çatdırıblar.

Şikayətçilərin fikirlərini diqqətlə dinləyən Yaşar Lətifov onlara SOCAR-da satınalmalar sahəsində yenidənqurma prosesinin başlandığını xəbər verib və bir daha bu cür neqativ halların yaşanmayacağını bildirib. Onun sözlərinə görə, Dövlət Neft Şirkəti Satınalmalar Komitəsi öz fəaliyyətini gücləndirmək, işləri canlandırmaq, keyfiyyəti və səmərəliliyi artırmaq üçün tenderlərdə daha çox iddialıların iştirakında maraqldır.

Toplantıda qərara alınıb ki, bundan sonra hər altı aydan bir iş adamları ilə görüşlər keçirilsin və hər kəs qarşılaşdığı problemləri açıq şəkildə dilə gətirsin.

İş adamları şikayətlərini SOCAR rəhbərliyinə çatdırmaq üçün “qaynar xətt” yaradılmasını tələb ediblər. Yaşar Lətifov bütün irad və təklifləri nəzərə alacaqlarına və yenidənqurma prosesini dərinləşdirəcəklərinə söz verib.

Xural.com-a daxil olan məlumatlara görə, SOCAR prezidenti Rövnəq Abdullayev hadisələrdən xəbərdar edilib və prezidentin cidd tapşırıqlarından sonra nəzarət daha da gücləndirilib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button