SOCAR neft şirkətinin İstanbuldakı ofisi qarşısında etiraz aksiyası keçirilib

Azərbaycanın Türkiyə ərazisi ilə İsrailə neft nəql edən SOCAR şirkətinin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb.

Cumhuriyet qəzetinin yazdığına görə “Fələstin üçün min gənc” adlı qrup neft şirkəti ofisinin divarlarına qırmızı boya atıb.

Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.

Qəzetin yazdığına görə fəallar “soyqırımçı İsrailə neft verən SOCAR önündə intifada səsimizi ucaltmaqda davam edirik!”, “Bu qanlı ticarətə imkan verməyəcəyik” kimi şüarlar səsləndiriblər.

Cumhuriyet qəzetinin xəbərində deyilir ki, fələstinyönlü qrup bu hadisəni özünün sosial media hesabında da qeyd edib:

“Qatil İsrail Fələstində soyqırımı edərkən, Türkiyə və Azərbaycan əl-ələ bu soyqırıma milyonlarla barrel neft daşımaqdadır”.

Videoda habelə boğazına ənənəvi Fələstin yaylıqlarını bağlamış bir qrup şəxsin şirkətin binasına daxil olmağa çalışdığı, lakin mühafizəçilər tərəfindən qarşılarının kəsildiyi görünür.

Hadisəyə hələlik nə SOCAR dövlət neft şirkətinin, nə də Türkiyənin hakimiyyət orqanlarının münasibəti məlum deyil.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button