Son illər hansı qəzetlər bağlanıb?-ADLAR

Azərbaycanın gündəlik nəşrlərindən olan “Bizim yol” qəzeti 2019-cu il fevralın 1-dən çap versiyasını dayandırdı. Baş redaktor Bahəddin Həziyev bunu çap vasitələrinin qiymətlərinin durmadan artması və qəzet bazarının öləziməsi ilə əsaslandırıb.

2003-cü ildən çıxan “Bizim yol” qəzeti həftədə beş dəfə işıq üzü görürdü.

Bu il yanvarın 1-dən başqa bir nəşr – “Ekspress”qəzeti yayım şəbəkəsində problemlər üzündən çapına son verib.

1995-ci ildə yaradılmış “Ekspress” qəzeti həftədə beş dəfə çıxırdı.

Novator.az xatırladır ki, son illər daha bir neçə qəzet qapanmaq zorunda qalıb.

1990-cı ildə yaradılan “Ayna” və “Zerkalo” qəzetləri 2014-cü il mayın əvvəlində dövriliyini azaldıb, rus dilində gündəlik nəşr olunan “Zerkalo” həftədə bir dəfəyə keçib, Azərbaycan dilində çıxan “Ayna” həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınıb. Ancaq nəşrləri bu yolla saxlamaq mümkün olmayıb, iyunun 1-dən hər iki qəzetin nəşri dayanıb.

Qəzetlərin çökməsi reklam qıtlığı və yayımda problemlərlə izah olunub.

2012-ci ildən çıxan “Gündəlik Teleqraf” qəzeti 2016-cı ilin martında çapına son verib. Bu, çap mediasının rentabelli olmaması ilə əsaslandırılıb.

“Zaman-Azərbaycan” qəzeti 2016-cı il iyulun 20-də nəşrini siyasi səbəblərdən dayandırıb. 1991-ci ildən çıxan qəzetin əsasını türkiyəlilər qoymuşdu.

Ədəbi-publisistik nəşr olan “Aydın yol” qəzeti 2016-ci ilin dekabr ayında çapını dayandırıb. 2014-cü ilin sentyabrından nəşr olunan həftəlik qəzet yayımda problemlərin qurbanı olub.

1989-cu ildə yaradılmış gündəlik “Azadlıq” qəzeti 2016-cı il sentyabrın 5-də çapını dayandırıb. Buna qəzetin bank əməliyyatı aparmasına törədilən maneələr səbəb olub.

2016-cı ilin dekabrında “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev həbs olunublar. Bundan sonra hər iki qəzetin çapı dayanıb.

2001-ci ildən çıxan “Exo” qəzeti baş redaktor Rauf Talışinskinin vəfatından sonra maliyyə çatışmazlığı ucbatından qapanıb. Rauf Talışinski 2018-ci il mayın 8-də qəflətən vəfat edib, mayın 26-dan qəzet fəaliyyətini dayandırıb.

İctimai-siyasi nəşr olan “Exo” qəzeti həftədə 5 dəfə çıxırdı.

Reklam və elan həftəliyi olan “Birja” qəzeti çap versiyasına 2018-ci il mayın 25-də xitam verib. 1992-ci ilin yanvarında qurulmuş, “Birja” qəzetinin niyə dayandığı açıqlanmayıb.

Xural.com xəbər verir ki, bağlanan qəzetlərin siyahısında 2002-ci ilin oktyabrın 6-dan işıq üzü görən “Xural” qəzeti də var. “Xural” qəzeti 2011-ci il sentyabrın 19-na qədər həftəlik nəşr kimi ölkənin ictimai rəyinin formalaşdırılmasında müstəsna rol oynayan həftəlik qəzetlərdən biri idi. 9 il həftəlik nəşr olunandan sonra 2011-ci ilin sentyabrından “Xural” qəzeti həftədə 7 dəfə çıxmağa qərar verdi və Azərbaycan tarixinin hər gün çıxan 2 qəzetindən (“Yeni Müsavat” qəzeti o zamana qədər həftədə 7 gün çıxan yeganə qəzet idi – Red.) biri oldu. Cəmi 1 ay gündəlik çıxan qəzet hakimiyyətin qəzəbinə gəldi də 2011-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə qəzetin əmlakı müsadirə olundu və Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun tapşırığı ilə mətbəələr “Xural” qəzetini çap etməkdən imtina etdilər. Qəzet yenidən oktyabrın 31-də gündəlik fəaliyyətə başlamaq planları qurarkən, baş redaktor Əvəz Zeynallı Milli Məclisin üzvü Gülər Əhmədovanın ərizəsi ilə həbs olundu. Beləcə, hakimiyyət “Xural” qəzetini bağlamağa nail oldu.

2019-cu il yanvarın 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi qaydalarını dəyişib. Yeniliyə əsasən, maliyyə müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.

Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tələb tirajın minimum 3000 nüsxə, satış və abunənin isə minimum 1500 nüsxə olmasıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button