Son itkim

Salam Sarvan

(Ceyhun Nağı üçün)

Dərd verdinsə, çəkiləcək – buna şübhən olmasın –
noolsun bir az ağırdı və noolsun ağrıdı.
Yalandır ki, guya zaman hər yaranı sağaldır –
zaman məlhəm deyil, qardaş, olsa-olsa sarğıdı.

Sən sığına biləcəyin heç yerə sığmırdın ki:
Genişlərin bir yolu var – öz içinə qapılmaq!
Uçmuş bir binanın altda sağ qalmış adamlartək
bilmirdin nə istəyirsən – tapmaq, yoxsa tapılmaq.

İndi məndən soruşurlar: “buna nə olub öldü?” –
deyimmi boş şeydi ürək?..
Məsələn,  bir tikə çörək dalınca qaça-qaça
Ceyhun yorulub öldü.

Ancaq ölüm belə olmur, sən günəşə gülürdün
bir ömür uzunluğuyla uzanıb yoxuşlara.
Səni torpağa tapşıran dostların da şahiddi:
gözün zülmətə sarıydı, üzünsə baxışlara.

İçim bom-boş qalıb indi, qəhər də yoxa çıxıb,
neçə illik ağrılar da sanki çıxıb canımdan.
Niyə mənə belə gəldi ki sən son itkim idin –
səndən sonra daha heç kim getməyəcək yanımdan.

Dərd verdinsə, çəkiləcək – buna şübhən olmasın.
Noolsun bir az ağırdı və noolsun ağrıdı.
Yalandır ki, guya zaman hər yaranı sağaldır –
zaman məlhəm deyil, qardaş, zaman ancaq sarğıdı.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button