Sosial şəbəkələrdə paylaşımlarına görə 11 il həbs

Səudiyyə Ərəbistanının terrorla mübarizə məhkəməsi yerli feminist Manael Əl-Otaybini sosial şəbəkələrdəki paylaşımlarına görə 11 il həbs cəzasına məhkum edib.

Hökm 2024-cü ilin yanvarında çıxarılıb, lakin bu, yalnız indi məlum olub.

“Amnesty International” insan haqları təşkilatı yazır ki, Əl-Otaybi geyim seçimində və internetdə fikirlərini ifadə etməkdə ittiham olunub.

29 yaşlı fəal özünün X və “Snapchat” səhifələrində səudiyyəli qadınları kişi qəyyumluğuna son qoymağa çağırıb, ölkəsində “ədəbsiz” sayılan futbolka, habelə losində idman edərkən çəkilmiş videolarını yayıb. Fəal ictimai yerlərdə abaya (baş örtüyü) taxmamaqda da günahlandırılıb.

Əl-Otaybi “terrorçuluq cinayəti törətmək üçün xəbərlər, bəyanatlar, yalan və ya zərərli şayiələr… dərc etmək” üçün internet saytlarından istifadəni cinayət hesab edən antiterror qanununa əsasən mühakimə olunub.

Əl-Otaybinin ailəsinin iş materialları ilə tanış olmaq imkanı olmayıb.

Manael əl-Otaybi 2022-ci ilin noyabrında həbs edilib. 2023-cü ilin avqustunda o, kondisionersiz təkadamlıq kameraya salınıb və noyabrda ailəsi ilə görüşə icazə verilməyib. Növbəti dəfə o, qohumları ilə yalnız 2024-cü ilin aprelində əlaqə saxlaya bilib. Əl-Otaybi deyib ki, onun ayağı sınıb və işgəncə şəraitində təkadamlıq kamerada saxlanılır, – ALQST insan haqları qrupu xəbər verir .

Ər-Riyad bu deyilənləri inkar edir.

İnsan haqları fəalları Səudiyyə hakimiyyətini əl-Otaybini dərhal azad etməyə çağırır və onun həbsinin Səudiyyə hökumətinin ölkədə qadınların səlahiyyətlərinin artırılması ilə bağlı bəyanatlarına zidd olduğunu bildirir.

Səudiyyəli fəallar əvvəllər də sosial şəbəkələrdəki yazılara görə 45 ilə qədər həbs cəzası alıblar. Əl-Otaybinin bacısı Favziyəyə də oxşar ittihamlar irəli sürülüb, lakin o, 2022-ci ildə dindirilməyə çağırıldıqdan sonra ölkəni tərk etməyi bacarıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button