Soyadını unudanın məktubu

Yayımlandı: 11 Avqust 2022 19:40

Prezidentə nə yazırlar?

Məsuliyyətli vətəndaş, jurnalist və daimi izləyici olaraq prezidentin saytına qoyulan məktubları həmişə oxuyuram. Ölkənin hər yerindən, dünyanın müxtəlif qitələrindən prezidentə yazılan bu məktubları həm də qürur hissi ilə izləyirəm. Dünyada bizə diqqət göstərən, ölkəmizdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə, hətta xarici vətəndaşlara dəxli olmayan sərəncamlara belə reaksiya verən bu bəşər övladlarını bağrıma basmaq istəyirəm. Hər məktub adamı həyəcanlandırır, sözlə ifadə olunmayası duyğular oyadır, bəzən göz yaşına boğulursan, siqaretə əl atdığın vaxtlar da olur, dilin söz tutmayana qədər içmək də istəyirsən. Ancaq əl saxlayırsan, səhhətini düşünürsən, hələ yazılacaq təşəkkür dolu nə qədər məktubu oxumaq istəyi səni dayanmağa məcbur edir.
Məsələn, 2020-ci ilin 29 aprelində Çinin Quancou Universitetinin tələbələri – Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu, Vei Qi-nin yazdığı məktubu heç vaxt unutmaram; onların o mübarək adlarını tələffüz etmək çətinliyim olsa belə…

Ya da cinli bacı-qardaşlarımızdan cəmi 10 gün qabaq – 2020-ci il aprelin 19-da yazılan bu məktubu necə unutmaq olar?! Bu məktubun özəlliklərindən biri də odur ki, 44 günlük savaşdan, yəni hamının tərif üçün növbəyə durduğu vaxtdan qabaq yazılıb. Savaşdan sonra belə məktublar çoxdur, saysızdır, bəzən aşırı təriflər var o məktublarda. Ancaq Məhəmməd bəyin məktubu həm də uzaqgörən vətəndaşın səmimi notlara köklənmiş içdən gələn ürək sözləri olduğu üçün dəyərlidir. Buyurun, siz də tanış olun, inanıram ki, mənimlə ikiəlli razılaşacaqsınız, əziz oxucular:

“Cənab Prezident.
Mən bir Azərbaycan vətəndaşı olaraq Sizə dərin təşəkkürlərimi çatdırıram. Təkcə ona görə yox ki, Siz dövlət başçısı olaraq vəzifənizin öhdəsindən layiqincə gəlirsiniz, həm də ona görə ki, Siz bir rəhbər kimi hər bir Azərbaycan vətəndaşını düşünürsünüz. Bunu Sizin bütün qərarlarınızdan duymamaq mümkün deyil.
Cənab Prezident, eşq olsun Sizə! Və nə mutlu bizə… Siz bizə Tanrının bir lütfüsünüz. Mən və çevrəmdə olanlar Sizinlə fəxr edirik. Allah Azərbaycanımızı və Sizi qorusun. Nə yaxşı ki, bu dar günlərdə Sizin kimi Liderimiz var.
Hörmətlə, Zamanov (Ərsoy) Məhəmməd Sevindik oğlu”.

Sizi də duyğulandırdığımı bilirəm, ancaq paylaşmaya bilməzdim, sevincimi bölmək istədim…
İndi isə bu xoş notlara bir az da xoş olmayan əlavələr edim, Prezidentə yazılan bəzi məktublarla bağlı iradlarımı bildirim. Açığı, o məktubları ora kimin və ya kimlərin yerləşdirdiyindən xəbərsizəm. Bəzi məktublarla bağlı bir neçə dəfə tənqidi yazım, iradım olsa da, indiyə kimi o sayta baxanlardan reaksiya verən olmayıb. Səbəbi bəlli deyil, ola bilsin, başları çox qarışıq olur, hər cızma-qaraya fikir verməyə vaxtları olmur, ya da başqalarının məktublarını oxumaq, onların yerinə bəzən məktub yazmaq zorunda qalmağın çətinliyini də anlayıram. Məsələn, ən çox, həm də ardıcıl irad bildirdiyim problem budur ki, bəzi tanınmış adamlar verilmiş imkandan sui-istifadə edir. Nədir bu? Prezidentin saytına məktub yazmaq qaydaları saytın Müraciətlər bölməsində var. Orada göstərilir ki, müraciət üçün limit var: 500 işarədən artıq (qabaqlar 1500 işarəyə icazə verilirdi) məktub yazmaq olmaz, ancaq Allahşükür Paşazadə məktubunda 3 min işarəni keçir. Onun Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birlikdə Prezidentə yazdığı məktubun həcmisə 5 min işarədən çoxdur. Başqa biri, Masazırda yaşayan şuşalı Anar 2 min 130 işarəlik məktub yaza bilir sayta. Şuşada keçirilən Zəfər qurultayına Amerikadan gələn nümayəndələrin birlikdə yazdığı məktub 4534 işarədən ibarətdir. Belə örnəklər çoxdur…

Foto: skrin

Bunlara dözmək olar, daimi oxucu kimi məni narahat edənsə məktublardakı bəzi uyğunsuzluqlardır. Belə ki, lap bu günlərdə – avqustun 5-də sayta Fatma Səfərəliyeva ad-soyadlı şəxsin 3 min 298 işarəlik məktubu qoyulub. İmza diqqətimi çəkdi və onun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 100 yaşlı sədri Fatma xanım olduğunu bildim. Ancaq bir yanlış vardı, gərək saytı işlədənlər ona yol verməyəydilər. Fatma xanımın soyadı Səttarovadır, Səfərəliyeva yox. Bu il yanvarın 24-də Prezident onu 100 yaşının tamam olması münasibətilə elə bu ad-soyadla “İstiqlal” ordeni ilə təltif edib və həmin sərəncam saytın başqa bir bölməsində – Sənədlər bölməsində yerləşdirilib. Görünür, saytda məktublar və sərəncamlar işinə ayrı-ayrı adamlar baxır. Qələt də buna görə ola bilər…

Foto: skrin

Qaldı soyad məsələsi, anlaşılandır, 100 yaşlı qadının yaddaş problemi ola, soyadını unuda, məktubu özü yazmaya bilər, ancaq çox məsuliyyətli yerdə çalışan, məktublar yazan və oxuyan, onları yerləşdirən sayt əməkdaşları gərək diqqətli olsunlar, məktubları Prezidentə yazdıqlarını unutmasınlar…

Foto: skrin

“…veteranlar olaraq, hər zaman olduğu kimi,bundan sonra da Sizin siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik”.

100 yaşlı qadının adından yazılan, belə bir nikbin notla bitən məktubda səhvə yol vermək heç kimə baş ucalığı gətirməz. Yeni, maraqlı məktublar oxumaq ümidi ilə…
Deyəsən, mən də limiti aşdım…

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button