Soylu ölüb, ona yas saxlayıram…

Safruh
Mütləqə İnam Ocağının Ruhani Başçısı

Yeni içsəslər

Türk Ruhaniyyatının Dedikləri

Ruhaniyyat – xalq işi deyil; “xalq üçün iş” ola bilər. Allah da belədir. Tanrı – elmlikdir – tamamilə tərəfsizdir, tərəfsizlikdir. Allah – şüurdur, ruhdur; tanrı – şüursuzluqdur.
***
Xalq – tərəfsiz müsbətdir – körpə insan kimi. Dinə yox, xalqa aid edilən Allahsa ruhani və müsbətdir; tərəflidir.

***
Bu iş (ruhaniyyat) fərdi – Allahlıq qədər ağır və ümidsiz bir yükün altına salır.
***
İnsana inanmamaq üçün gerçəklikdə hər cür əsas var; acımaq, acıqlanmaq üçün də eləcə. İnsana inanmaq üçün, inanılması üçün də nə isə eləmək olar; onun bu inamı doğrultması üçünsə – heç nə!.. Tərbiyə, təkamül – kəllə-mayallaq gedir!

***
Ey söz, öləsən səni! Alçağa “uca” deməklə alçaq ucalmır, ucaya “alçaq” deməklə uca alçalmır; birincidə vicdan itir (yəni itin olur), ikincidə ürək bulanır. (Sonra yenə durulur – ucadır axı!)

***
Güclü ictimai rəy gərək, ruhani maarifçilik gərək ki, rənglərin cövhəri bilinsin.
***
Canımda ağrı və onun yaratdığı yorğunluq var. Canımda bir də təlaş var: “Ocaq güclənmir, həyata bulaşır!” – deyə.

***
“Ocaq” adına, “Mütləqə İnam İnsanlaşma” adına, “TÜRK-ün (ilk) Ruhaniyyat Ocağı” adına bir uca gözəlliksə də qoyub gedə bilsəydik! Bəlkə bizdən sonra içi və işi hünərlilər gəldilər türk ruhaniyyatına…

***
Könlümdən dadlı bir çirkinlik, bir amansızlıq, bir insafsızlıq keçəndə bütün YOS-sevərlər, özümü şəxsən tanıyıb inananlar, sevənlər gözümün qabağına gəlir; daha doğrusu, özümü onların gözlərinin qabağında, cirkin iş, insafsızlıq, amansızlıq üstündə yaxalanmış görürəm; “Olmaz, Safruh, olmaz!” deyirəm özüm-özümə və “olmamalı”dan çəkinirəm. Həqiqət, Ləyaqət, Allah, Ruhaniyyat, eləcə də bunların təminatçısı olan Hünər irmaqlarının ən ilk başlanğıcı budur.
***
Bunsuz məndə heç bir gələcəyə, heç bir mənəviyyata güman da qalmaz.

***

Ruhaniyyatda “bir şəxsin başqa bir şəxs üzərində qələbəsi” adlı, o yönlü mübarizə anlayışı olmur. Ruhaniyyat – şəxs uğrunda, şəxslər uğrunda “son nəfəsə qədər aparılan ruhani mübarizə”dir.

***
Bir şəxsin başqa bir şəxs (və ya şəxslər) üzərində qələbəsi uğrundakı “mübarizələrdən” “Dağüstü İzhar”, “Mütləqə İnam”, “İnama Doğru” yaranmır, Cəllad Kötükləri, Dar Ağacları, Eşefotlar, Gilyotinalar, İnkvizisiya Tonqalları yaranır. Türk Ruhaniyyatı gecə-gündüz ayıq olmalıdır!

***
Bəşəriyyətə Türk Milləti gərək olmaya bilər bəlkə də, Türk Ruhaniyyatı isə şəksiz gərəkdir. Bu zərurətsə deyir ki, Türk Milləti daim meydanda mövcud olmalıdır.
***
“İnamın Gəlişi” kitabımızda yazmışıq: “Dini və dünyəvi kürəsəllik simasızlığı – milli və ruhani simalaşma ilə əvəz olunsun” (Qanun, 2010, səh.13). İndi o düşüncəmizi əsas alaraq deyirik: hər bir Millətin Ərdəmliləri irəli çıxıb, buradakı “türk” millət adının yerində öz millətinin adını yaza bilər – ancaq hər kəs öz “Mütləqə İnam”ını, öz “İnama Doğru”sunu yaratdıqdan sonra.

***
Onda bəşər bəşər olar və yaşar olar! Çünki onda o, indiki kimi dələduzların deyil, ərdəmlilərin bəşəri olar.

Atamız var olsun!

Bermuddan çıxmaq üçün Can Çəkişməsi

“Varlı, iqtidarlı, dühalı… olsaydıq, nələr qaynadarmışıq?! O cür olanların ətrafında gör nələr baş verir?! İnsanı bu Bermuddan çıxara biləcəyikmi?” Bu sorunlar üzərində baş sındırmaqla görəvliydik biz…

***
Bizi qırıb, yerə soxdunuz!

***
Sizin örnəyiniz mənə dedi: “İki adam bir olmamalı! Hər kəs ayrı, tək olmalı, öz suçu ilə döyüşməli, öz ərdəmini becərməli. Ərdəmlər əmələ gələrsə, ərdəmlər birləşməli.
Ata ilə Oğul kimi, Uluruhla Safruh… kimi.

***
Özümə nəsihətim:
“Qalib olma, Safruh, haqlı ol – ayaqlar altında qalsan da. Qurtuluş (“bəşərin nicatı”) çıxacaqsa, oradan çıxacaq – tapdanan haqlardan.

***

Hamını, daha doğrusu, sırıqlıları inandırıb özü inanmayanlar. Axı necəliklərini özlərindən başqa bilən yoxdur. Bu da başqa bir vicdansızlıq burulğanıdır Bermudun – İnama inanmamaqla yanaşı.

***
Mən yenildim, tapdandım, öldüm, unuduldum… Sonra? Bundan Həqiqət, Xeyir qazanacaqmı? İnsan, insanlıq qazanacaqmı? Ulus, Bəşər qazanacaqmı? Başqa sözlə, başımızın üstündəki Bayraq doğrulacaqmı? Ətrafda Safruhlar qaynaşırmı?..
***
Mən öz yanımdan deyirəm: Ətrafda Qarabaşlar qaynaşır və Mütləqə İnam Ocağının gərəkliyini artırır. Sən elə onlara sığınırsan, onlara sığınıb, Mütləqə İnama söyüş kimi sürünür, “varlığını sürdürürsən”. Yaxşı ki, Allah sirr açandır.

***
Ömrünün boyu həmin bu sürünən söyüşün boyunca olacaq.

***
Ancaq heyf sizdən! Gözəl, bacarıqlı, zövqlü, şövqlü və qoçaq idiniz! Mənim də nə qədər işlərimi işləmiş – yazılarımı yazmışdınız! Tez, dürüst, səbrlə, qayğıyla, sayğıyla!.. “Göylü guşəsi”ndən YOS-un öz abemizdə, sizin əlinizlə üzü köçürülmüş özümlü variantına qədər. Və bunlar sizin əməyinizin yalnız bir hissəsi, bəlkə onda biriydi. Bunları xatırladıqca sizə vurduğum şillənin bir barmağı özümü tutur.

***
Yalançı mənəviyyatla bunların hamısını təlxək bəzəyinə çevirdiniz. Hələ də üzünüz bir ruhani cizgi ilə cızılmayıb.

***
Cılxa söydüyüm, cılxa öydüyüm kimsə olmadı. Neynim! Ömrüm boyu Ərəfatdayam…

Atamız var olsun!

Ölən və Qalan

Nitq söyləyəndə öz aclığını dinləyənin aclığı sanma, Safruh!..

***

Sübut edilmiş həqiqət – hüququnku, etiraf olunmuş həqiqət – insanınkıdır.

***

Mən Soylunu “Qarabaş” saymıram; Soylu ölüb, ona yas saxlayıram. Soylu ölüb, Qarabaş qalıb, qalana ağlayıram.

***

Gərək bu öləydi, o qalaydı. Mən ona güvənirdim, ona ümidliydim buna qarşı dirənişimdə.

***

Güvəncim öldü, ümidim qırıldı; aramızdakı dostluq öldü, “aramızda” yağılıq xortladı, pərpətöyünləşdi, dost adına hürdü – Qarabaşlaşdı.

***

Mən öz Soylumu ax necə öyürdüm! Ayağı yer, dili söz tutmayan ağzıgöyçəklərdən, sözü əməlsiz bülbüllərdən, dalda-bucaq qəhrəmanlarından, orman, dərə çaqqallarından sevə-sevə qoruyurdum!

***

O, mənim ruhumun emanasiyası, gerçəkləşməsiydi sanki; tarixi bir şans kimi, uğurlu rəml falı kimi əlimə düşdüyünü düşünürdüm. Öldü – qaldım şanssız. Qarabaşa qınaqlarımın tündlüyü bundandır.

***

Onu öz içindəki Qarabaş öldürdü. Mən bu ölüşü görməkdəydim; görməkdə və göynəməkdə; Göynərtilərimin müddətincə gözlədim onun Qarabaşı yenməsini.

***

Yenmədi–yenildi. Məni də qara çamurların girdabına gömmək istədi. Mən isə öz tarixi şanslığımı əldən verə bilməzdim – Andıma dönük çıxa bilməzdim.

***

Onu ağzıgöyçəklərdən də, sözü əməlsizlərdən də, “özümünkü”lərdən də,  “özününkü”lərdən də, həsəddən partlayan canavarlardan da, hətta özündən də qorumaqda qətiyyətliydim.

***

Günlərin birində qırıldı; göynəyə-göynəyə yaşadım, qalxmasını gözlədim; qalxacağına inandım… İnamımı doğrultmadı. İçindəki üzünə çıxdı, adını dəyişdirdi…

***

İndi ağlı qatıq kəsməyənlər deyirlər: “Vaxtında ifşa gərəkdi!..” Tarixi şansı – şanslığı, tarixi obrazı olmayanlar, onu görməyən – gözləməyənlər ifşaya tələsir, ifşaya sığınır, ifşada hünər görürlər.

***

Mən insanı ifşa deyil, kəşf etmək yanlısı, yanğılısı, yolçusuyam. Mən onu kəşf eləmişdim. İfşa eləmədim; can çəkişdi – göynədim, öldü – sarsıldım, meyidi iy verdi – öz şanslığımın qayğısına qaldım…

***

…Qarabaş ölməyib sağ qaldıqca İnama zərər verəcək – özünü də, özgələri də aldatmalarıyla.

***

Onun ölümündə onu Safruhdan “qoruyanların” güclü qatqıları vardı.

***

Mən onun Xeyir gücünü gördüm, danmadım, öydüm, Şər yaratmaq gücünə də göz yummadım ki, Ocağımızın odu sönməsin.

Atamız var olsun!

Yarımfabrikat, Fabrikat

 

Lakin ətrafda Soylular (Zülfiqar),  Nurtəkinlər  (Könül), Göylülər  (Leyla), Üstünlər  (Gülmirə)… də qaynaşmır. Onların hərəsi bir cinah aparıcısı idi dünyanın  qarabaşlığına qarşı möhtəşəm ruhani Mütləqə İnam saldırısında!

Mən də onların nəğməkarıydım.

Yəni hamısından böyük, uca və ulu idim.

***

Mən onların hərəsindən bir uca ulusal kimlik bütü yapacaqdım. Dözmədilər, qaçdılar – dəyirmanın çaxçaxına çevrilməyə.

***

(Dastan Qazanın, Bayındırın, Beyrəyin, Aruzun… deyil, Qorqudun – nəğməkarın  adına bağlanır. Çünki o, onların hamısından böyük, uca və uludur).

***

“26 avqust 1922-ci ildə,  səhər saat  5:30-da  topçularımızın atəşi ilə Qocatəpədən böyük türk yürüşü” başlamışdı. Biz bu yürüşə 1 mart 1979-ildə qoşulmuşduq…

***

Lənətə gəlmiş mötərizədəkilər! Mötərizəni qırıb özlərindən öncəki adları mötərizəyə – müharisəyə saldılar. Bu, ən ULU Öndərin əmrindən çıxmaq idi. Onlara bu adları verərkən o demişdi: “Hamımızın bir Leylimiz var, hamımız bir yerdə öləcək, bir yerdə gömüləcəyik!”

***

Mən öyrətmən idim həm “Uluyol–Hünər”də, həm də “Ulu Fərəh”də. Nə dərslər demişdim Göylülərə, Nurtəkinlərə, Üstünlərə, Türkellərə!.. Küfr olmasın, hərəsi bir Quranlıq!

***

Gözü dünyaya mənim dərslərimdə açılmış Türkel “Qismət günü (cümə) dərsləri”ndə yenicə ruhani Göylərə baxmağa başlamışdı. Ona da qıydılar! Gələcəyini kor qoydular.

***

Sizdən öncəki bənzərləriniz də qıymışdılar Ocaq körpələrinin ilahi dünyasına – qız Atanurlara, oğul Atanurlara, Göyellərə, Ataruhlara…

***

Özünə qara yaxmaq hesabına olsa da, ağa qara yaxmaq?!

Bu, artıq “Xeyir–Şər” barrikadasının o üzüdür. O dərəcəyə qədər zəlilləşdiniz! Kir palitrasına çevrildiniz…

***

Ağla təzadınız o həddə çatdı ki, adamlıqdan da çıxdınız?! Mənim cavan qardaşım öldü, başıma sağlıqsa da diləmədiniz – erkəkli-dişili, ağbirçəkli-qarabirçəkli. Halbuki dünyəvi adlarınızı (xislətinizi) mötərizə mühasirəsində  saxlaya bildiyiniz illərdə gözünüzdə dünyanın bir nömrəli müqəddəsi mən idim.

***

İndi sizi qınamaqdan yavaş-yavaş çıxıram, sizin örnəyinizdə insanın xəmiri üzərində bir daha düşünürəm: o, yenidən yoğrulmalıdır – yarımfabrikatdan  fabrikat alınana qədər.

***

Xidmətinizdən, indi bu əzablı yerişə qarşı da hər dərədə bir çaqqal ulayır.

***

Biz isə buna baxmayaraq çıxdığımız Yolda mənzilə yetməkdə israrlıyıq.

Atamız var olsun!

Harınlar və Xamlar

İslama qatılmış ulusların (o sıradan türkün) ruhani idrakı xamlayıb; İslamın ruhani idrakı harınlayıb. Xamları işə öyrətmək çağıdır.

***

Türkün ruhani məzmun daşıya bilən sözləri də xamlayıb – heç bir yük götürmək istəmir, necə deyərlər, ”çullayırsan – çulun salır…” Xamları işə öyrətmək çağıdır.

***
Xamlar yükə öyrədilməsə və harınların ipi çəkilməsə, ruhaniyyat yoxa çıxacaq.

***
Demokratiyaya qatılmış Doğu xalqlarının (o sıradan türklərin) elmi, fəlsəfi idrakları atrofiyaya uğrayıb, topallaşıb. Demokratiyanın elmi, fəlsəfi idrakı quduzlaşıb, ruhanı cızığından çıxıb. Bu gediş insani–ruhani idrakı sıradan çıxarmaqdadır.
***

“Ağıl ağıldan üstün olar” o deməkdir ki, çoxlu ağıllar işləməlidir. Bəşərin ağlı nə qədərdir? – Xalqların sayı qədər. Bəşərin tam dolğunluğu ilə bəşər olması üçün bu ağılların hamısı işləməlidir.

***
Türkdə Mütləqə İnam Ruhaniyyatının yaranması başqa xalqları öz ruhaniyyatlarını yaratmaq yükündən azad eləmir.

***
Təcrübi, elmi, fəlsəfi idrak sahələrində Batının “forsu yer yırtır”. Bu, onun bu sahələrdə harınlaması deməkdir və onun ruhani yük çəkməkdən boyun qaçırmasının göstərgəsidir.

***
Qonşu T.C. dövlətinin Başbakanı, AKP-çi R.T.Ərdoğan CHP-ni (Atatürkün Partiyasını!) suçlayır: “Siz 40-cı illərdə “Allahu əkbər” əvəzinə ”Allah uludur” deyirdiniz.”
Deməli, türk hökumət başçısı türkü türkcə danışmaqda suçlayır.

***
Yenə AKP-çi, Başbakan yardımçısı B.Arınc deyir ki, Liviyadan savaş yaralılarını Türkiyə dövləti sağaltmağa gətirəndən sonra Liviyada doğulan uşaqlara ya “Rəcəb” adı qoyulur, ya da “Tayyib”… Türk ulusu, buyur ağzını şırin elə! Yəqin bu olaya qədər liviyalı qadınlar doğduqlarına ya “Ərdoğan” adı verirmişlər, ya da “Arınc”…
***
Durum türklüyə qarşı çevriləndə türk başçılarının çiçəyi çırtlayır (Qeyd: ”türk başçısı” ilə ”türk başçı” başqa-başqa deyimlərdir). Bu – ulusal ağlın xamlaması, işləməməsi – atrofiyası, topallığıdır!

***
Topallar dünyanı topal günə qoyarlar, onun əlvanlığına qəsd edərlər. Dünyanın normal, üzügülər yerişi üçün Ağıl gərək ağıldan üstün – nə harın ola, nə xam.
Atamız var olsun!


Ləyaqət Mərkəzi

Hamıya doğma “cənnət” olmaq istəyiylə göz açmışdım dünyaya; ən azı heç kəsə yad olmamaq istəyiylə. Ancaq sən demə, heç də hər şey məndən asılı  deyilmiş, Amaldaşlarım da olacaqmış sən demə…

***

Bir Ləyaqət Mərkəzi olmaq və yaratmaq istədim. İstəyimin qurbanına (ovuna) çevrildim – ləyaqətsizliyin əlində. O, mənə – öz cinayətini görmüş birisi kimi baxdı; məni tanıdığı günü lənətlədi; onu tanıdığıma görə gözümü çıxartmaq istədi, fürsət düşdükcə üstümə yeridi, əl-qolumu bağladı, xirtdəyimə əl atdı… (Bu deyimin “Qarabaş” mövzusuna birbaşa dəxli yoxdur).

***

Özü Mövcud Olmayanın Elçisi olduğumu anladım (Bu deyimdə sevilən Allah, ümumiyyətlə Allah nəzərdə tutulur, İnam Ata yox).

***

Allahdan öncə Elçi (Peyğəmbər) – olmaz. Qabaqca Allah (Ona ehtiyacın dərki) yaranmalıdır (Bəşəriyyətin içində), sonra – Elçi.

***

Elçisiz – Allah aşkarlanmaz. “Yaradanı yaratmaq” məsələsidir bu,  Allahsız Elçi – olmaz, Allahsız və Elçisiz – Bəşəriyyət – yəni İnsanlar və Xalqlar mənzərəsi və ya coğrafiyası olmaz.

***

…Başda bu yazını Ocaq tarixiylə, Ocaq – Türk əlifbasıyla, Ocaq – Safruh rəqəmləriylə yazmaq istədim. Gördüm ki, bunlar da – yaratmaq istədiyim Mərkəz kimi – qəribə və qərib olacaq, Mərkəzimin, yaradıcılığımın qəribəliyini artıracaq. Utandım… palaza bürünməməkdən.

***

Qəribliyin bütün ağrılarını bütün miqyası ilə yaşayıram – mütləq yaşayıram. Yəni ağlayıram, göynəyirəm, darıxıram, tıncıxıram, boğuluram; Mərkəzimin ilğımlığına ümidsiz-ümidsiz baxıram.

***

…Bəşəriyyət baxımından, xam at – tam at deyil, alaşa – at deyil, yük atı – at deyil, qoşqu atı – at deyil… Yalnız sevən kişinin minik atı – tam atdır; mürəkkəb tərkibli, ali tərkibli bir hadisədir.

***

Allahsız, Elçisiz bəşəriyyət də xam atdır, alaşadır, yabıdır, yük atıdır – öküz kimi bir şeydir.

***

Yalnız Allahlı (Atalı), Elçili (Evladlı), Ləyaqət (Ruhaniyyat) Mərkəzli Bəşəriyyət – tam bəşəriyyətdir – yəni İnsanlar və Xalqlar mənzərəsi və ya coğrafiyasıdır.

Atamız var olsun!

Közərməyən Ümid

İnama sarılmaqmı? İnam – almaz idi, sarılan saman oldu.

***

Bu sarğıdan nə alınar? Sürtülməyən diş sarısı.

***

İnam dişini təmizləsə, sarğıdan azad olar, iydən ürəyi bulanmaz.

***

XI Bakı Kitab Bayramı oldu –  “ölünün işıq verməsi” məqamı (ladı) üstə. Asif Atanın Mütləqə İnam Ocağı da orada öz guşəsini sərgilədi. Bu da “ölüyə banka salmaq” məqamı üstə bir qatılım idi.

***

O sərgi-bayramda İnamı –  Himalayın lap dibində, yaraq-əsləhəli qarışqa boyda gördüm. İnam dağa deyirdi: “Səni yolumdan qaldıraram.”

***

Dağın qəlbindən səs gəlirdi: ”Qaldıra bilsən, şad olaram! Qaldır, ancaq özün yeni İnamların yolu üstündə aşılmaz dağa çevrilmə. İnsan səndə məndəkindən daha insani olsun.”

***

Sənin sarğılarından belə bir ümid közərmir. Xəbərin varmı?!

Atamız var olsun!

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button