Söyüdlü hadisəsinin ildönümü ilə bağlı şəhərə şüarlar yapışdıran fəalın evinə polis gəlib

Yayımlandı: 22 İyun 2024 12:30

Sara Rəhimova: “Mənim qanun pozuntusu hesab ediləcək əməlim yoxdur”

İctimai fəal Sara Rahimovanın yaşadığı mənzilə polis gedib, onu axtarıb.

Bu barədə Meydan TV-yə Sara Rəhimova özü məlumat verib.

Bildirib ki, iyunun 21-də paytaxtın müxtəlif yerlərində Söyüdlü hadisələrinin ildönümü ilə bağlı şüarlar yapışdırıb, etiraz ediblər.

“Həmçinin biz xeyli ekoloji problemləri olan, insan haqlarının pozulduğu, siyasi, ictimai və peşə fəaliyyətinə görə səbəbsiz həbslərin mövcud olduğu bir ölkədə “COP29” İqlim Dəyişmələri Konfransının keçirilməsinə etiraz edirik!”, – deyə o vurğulayıb. Sara Rəhimova bildirib ki, onun qeydiyyatda olduğu ünvanla, yaşadığı ünvan eynidir, ailəsi ilə yaşayır:

Evə gələn polis əməkdaşı özünü təqdim etmədən valideynlərimdən mənimlə bağlı məlumat almaq istəyib. Valideynlərim harada olduğumu bilmədiklərini söyləyiblər. Söhbət həyətdə olub, evə daxil olmayıblar. Valideynlərim deyir ki, bir neçə polis əməkdaşı gün ərzində məhəlləmizdən getməyib. Hava qaralandan sonra onların gedib-getmədiyindən xəbərləri olmayıb. Mən də dünəndən evə getmirəm, fərqli yerdə qalıram”.

Sara Rəhimova deyir ki, onun qanun pozuntusu hesab ediləcək əməli yoxdur. Güman edir ki, bu, ictimai fəaliyyətilə bağlıdır:

Foto: Sara Rəhimovanın şəxsi arxivindən screensotdur

“Dünən bir il öncə baş verən Söyüdlü hadisələrinə və “COP 29” iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı şəhər mərkəzində etirazımızı bildirmişdik, həmçinin sosial şəbəkələrdə paylaşım etmişdik. Düzdür, mən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvüyəm, lakin bu hadisənin ona əlaqəsi olmadığını düşünürəm. Məncə, sırf etirazlarımızla bağlıdır”.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının hazırda həbsdə olan 4 üzvü var. Onlar siyasi məhbus kimi tanınır. Polisin Sara Rəhimovanı nə səbəbə axtarması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.

COP (conference of the parties – tərəflərin konfransı) iqlim dəyişikliyi ilə bağlı konfransa bu il Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edəcək. Tədbirin ilin sonunda keçiriləcəyi gözlənilir. 2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsinə və bunun əhaliyə mənfi təsirinə etirazını bildirmişdi. Polis etiraza müdaxilə etmiş, sakinlər saxlanılmışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button