“Söz adamı”nda Aydın Canıyev azad mətbuatdan danışır (II sonuncu hissə): “2003-cü ildəki İlham Əliyev indikindən çox fərqli idi”

Aydın Canıyev: “Çox az adamın əli yaxamda olacaq, amma mənim əllərim bizim regionun ağsaqqallarının yaxasında olacaq hər zaman”

Azərbaycan mətbuatında hər zaman “Söz Adamı” problemi olub. Və zaman-zaman bu adamları fərqli qiymətləndirməli olmuşuq. Kimi onlara “kapitan” deyib, mən də daxil olmaqla kimiləri “general”, amma hər zaman sözə xəyanət bu yarlıqları müəyyən edən əsas amil olub. Biz son illər nələri və kimləri görməmişik. Biz mətbuat kapitanlarının generallar qarşısında necə boyun bükərək əyildiklərini, sözü heç nəyə, ya da lap nəyəsə satdıqlarını gördük. Kapitanlar generallarla yaxınlaşdıqca, mətbuat ilkin missiyasından uzaqlaşmağa başladı. Təbii ki, elə də olmalı idi. Kapitan generalla bərabər səviyyədə danışa bilməz axı. Generalla ən azı generalın danışığı bəlkə nəyisə dəyişə bilər(di). Biz elə o zaman uduzduq ki, bizi təmsil edən “kapitanlar” danışmağa getdikləri generallara yenilib qayıtdılar. Sonra kollektivlərini, sonra bütünlükdə missiyalarını da özləri ilə götürüb apardılar.

Aydın Canıyev bu ölkənin ən dəyərli söz adamlarından biridir. Zaman-zaman baş redaktor olsa da, mən ona hər zaman görkəmli qələm adamı, əsl və əsil söz xiridarı kimi baxmışam. Təəssüf ki, imkanlarım heç bir zaman bir (və ya bir neçə) yazarı tamamilə qəzetimə bağlayacaq müqavilələr bağlamağa əl verməyib, amma hər zaman Aydın Canıyevi siyahıda birinci görmüşəm. Yəni mənim imkanlarım iddialarıma cavab versəydi, Aydın Canıyev ilk yazar olacaqdı ki, imzası yalnız mənim qəzetimdə görünəcəkdi və başqa da heç bir yerdə görünməyəcəkdi. Mən ona o qədər dəyər verirəm.

Bunun da səbəbi var. Əslində, bu ölkənin söz bazarında Aydın Canıyev qədər məsuliyyətsiz, bəzən sözünə güvənilməyən, çox zaman da məni haqlı-haqsız tənqid edən başqa bir yazar da tanımıram. Zaman olub ki, atdığı addımlardan mən yerin dibinə girmişəm. Bu hal illərlə davam edib. Məni çox zaman zərbə altında qoyub Aydın Canıyev. Elə son həbsində də ən çox zərər çəkən “Xural” qəzeti olub, mən olmuşam, amma bu, Aydın Canıyevin hamıdan yaxşı yazması və çox istedadlı yazar olması gerçəyini gözlərimdə dəyişdirməyib. Hər zaman da özümü, redaktorları qınamışam. Axı, içi mən daxil olmaqla, hansımız ona gərəkən şəraiti yaratdıq ki, o, öz yaradıcılıq məhsulları ilə ölkəni tanış etmədi. O başqa məsələdir ki, Aydın Canıyev ona bütün lazım olan şəraiti yaratsan, gözlənilən yazar olacaqmı? Düşünürəm ki, birmənalı cavab vermək olmaz. Və… ən əsas səbəb odur ki, Aydın Canıyev çox istedadlı yazardır və onu bir məkana bağlamaq bu səbəbdən çox çətindir. Aydın Canıyev o yazarlardandır ki, konkret Oxucusu var və bir neçə yazıdan sonra onun Oxucuları onu axtarıb tapa bilirlər.

Bir zamanlar rəhmətlik “Məkan” qəzetində Aydın Canıyevin mənə, “Vətəndaş həmrəyliyi” qəzetində isə mənim ona məktublarım dərc olunardı. Mənalı bir layihə idi. Ölkə mətbuatının vəziyyətini masaya yatırır, yazışırdıq. Ona “Baş redaktorları utandıran adam” yazmışdım. İndi də o qənaəti daşıyıram. Aydın Canıyev bu ölkənin ən yaxşı və ən güclü yazarlarından biridir. Qoltuqları qarpızlanmasa, hətta birincidir də deyə bilərəm.

Əvvəlcə “Xural”ın “Media Generalı” layihəsinin videovariantını bərpa etmək istədim. Sonra düşündüm ki, hanı o generallar? Onların çoxu indi heç yefreytor səlahiyyətlərini belə daşımırlar. Son illər Mətbuat Şurası və KİVDF-nin də qatqıları ilə mətbuat generallarına “məişət işləri” gördürürlər. Təəssüf ki, belə oldu və bu səbəblə də “Söz Adamı” layihəsini meydana gətirdik. Bu, yeni layihədir və burada Aydın Canıyev birinsi qonaqdır – “Baş redaktorları utandıran adam!”

Onunla “Söz Adamı” videolayihəsində görüşdük. Maraqlı müsahibə alındı məncə. Daha maraqlı da ola bilərdi, amma Aydın Canıyev də müdrikləşib. İndi onun da bəzi maraqları formalaşıb və bu səbəblə zənnimcə, detallı danışa bilmədik. Aydın Canıyev mediada baş verənləri öz baxış bucağından təqdim edib. “Napoleon deyib ki, mənə 4 qəzet verin, mən istənilən ölkədə çevriliş edim” desə də, əxlaq kriteriyaları pozulduğunu, jurnalistikanın əxlaqsız bir şeyə çevrildiyini iddia edir. Daha pessimist düşüncələri var: “Azərbaycanda jurnalistika olmayacaq.” Ona görə də “julik saytlar” və “julik qəzetlər”in mətbuatı korladıqlarını iddia edir…

Və daha qəribəsi odur ki, indiki hakimiyyətin mətbuat siyasətini sanki təqdir edir. Bəlkə qınamaq da olmaz. Bu istedadlı jurnalist bir normal iş yeri tapa bilmir. Yazdığı, ya da yazmaq istədiyi yerlərdə o qədər şərt qoyulur ki qarşısına, yazmağı mümkün olmur. Azərbaycan mətbuatının qaydalarını müəyyənləşdirən adamlar onun haradasa işləməyinə mane olurlar. Əməkdaşlıqlarının müddəti çox az olur. Ya peşəkarlıq meyarlarına cavab vermirlər, ya da mövzu qısıtlaması onu mediadan aralı salır. Hə, bir də çox vacib bir amil daha var. Özü demiş, indi Azərbaycanın mətbuat siyasətini müəyyənləşdirən adamlar daha qayda tanımırlar, onlar hətta ölkədə on illər boyu tanınan “brend”lərə də əl və dil uzadırlar. İndi artıq ölkədə “Azadlıq” qəzeti yoxdur, müstəqil bir media orqanı fəaliyyət göstərmir. Tam bir mətbu xaos!

Bax, vəziyyətin belə bir zamanında “Söz Adamı”nın ilk qonağı müstəqil jurnalist Aydın Canıyevdir. Onu dinləmək hamınız üçün çox maraqlı olacaq…

Əvəz Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button