Spiker, “Baxmayaraq ki, biz Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıyıq. Amma sözümüzü deməliyik” -dedi

milli-meclis422.06.2013
Milli Məclis Avropanın ən mötəbər qurumuna qarşı sərt bəyanat qəbul etdi
Oqtay Əsədov: «Avropa Parlamentinin bizə nəyisə diqtə etmək ixtiyarı yoxdur, elə bizim Milli Məclis kimi bir qurumdur”

Milli Məclisin dünən keçirilən iclası Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı son qətnaməsinin müzakirəsinə həsr edildi. İclasə sədrlik edən Oqtay Əsədovun təklifi ilə AP Azərbaycanla bağlı qətnaməsinin müzakirəsi ilə ilə bağlı məsələ gündəliyə daxil edildi. Spiker bildirib ki, Avropa Parlamenti artıq bir neçə dəfədir ki, Azərbaycan əleyhinə bu cür qətnamələr qəbul edir: “Baxmayaraq ki, biz Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıyıq. Amma sözümüzü deməliyik. Bir qrup deputatın qərəzli mövqeyi nəticəsində Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilir. Avropa Parlamentinin bizə nəyisə diqtə etmək ixtiyarı yoxdur. Bizim Milli Məclis kimi bir qurumdur”. Deputat Musa Quliyev AP-ni tənqid etdi. Onun sözlərinə görə, həbs edilən Ilqar Məmmədova bağlı qətnamə qəbul olunması bu qurumun qeyri-ciddi olduğunu göstərir: “İlqar Məmmədov əvvala iğtişaşlarda iştirak edib. Onun istintaqı aparılır. Avropa Parlamenti həqiqəti əks etdirmir. İlqar Məmmədov kimdir axı, ona görə, bu qətnaməni qəbul edirlər. Onun nə lider kimi siyasi imici, nə də partiyalılığı yoxdur. Onu prezidentliyə namizəd kimi qələmə verirlər. Onun namizəd kimi statusu yoxdur. Məntiqsiz və absurd bir qətnamədir. İlqar
Məmmədov və onun kimi provokatorlar Avropa Parlamentində olanlarin layihələridir. Bu adamlar Azərbaycana təzyiqlər etmək üçün seçilir”.

Siyavuş Novruzovdan Novella Cəfəroğluna dəstək 

“Avropa Parlamentinin qətnaməsi heç bir hüquqi əsas söykənmir və Azərbaycana qarşı qərəzli mövqeni ifadə edir. Bu gün istintaqı başa çatmayan adamlarla bağlı belə bir qətnamə doğru deyil. Bəlkə bunlar terror aktı həyata keçirmək istəyiblər. Niyə araşdırmanın nətciəsini gözləmirlər”. Bunu isə YAP-çı deputat Siyavuş Novruzov söyləyib: “Hansı ölkədə belə şey var, tələb edirlər ki mitinqə icazə verin. Avropa Parlamenti Azərbaycan əleyhinə çıxışları yolverilməzdir. 20 ildir ki, bizə qarşı qərəz var var. Azərbaycanın başladığı layihələrin uğurlarını görmürlər. Erməni lobbisinin əli var. Avropa Parlamentində nəinki, İlqar Məmmədovu tanıyırlar, heç İsa Qəmbəri də tanıyan yoxdur. Sadəcə bizə qarşı qəzərli münasibəti göstərirlər. Bu gün onların buradakı dostları olan “demokratlar” a baxın. Novella Cəfəroğlu 20 ildir ki, müsavatçıların hüqququnu qoruyur. Amma “Freedom House”un hesabatını tənqid etdiyinə görə, partiyadan qovurlar. Hanı bəs fərqli fikirlilik? Budurmu, azad fikirə münasibət?” Deputat çıxışında bildirib ki, Milli Məclisin xarici heyətlərlə işləyən deputatları fəal olmalıdır: “Gecə-gündüz təyyarədə yatıb-qalxırlar. Heç olmasa gedəndə o quruplarla işləsinlər”.

Asəf Hacıyev: “YAP qurultayından sonra bu qətnamə ortaya çıxdı”

Digər YAP-çı deputat Asəf Haciyev isə dedi ki, Azərbaycan hər dəfə bir ugurlara imza atandan sonra Avropadan Azərbaycana qarşı qərəzli sənədlər qəbul olunur: «Məncə bunun yeganə səbəbi YAP-ın qurultayı oldu. Bu qurultayda İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü”.

Azay Quliyev Leyla Yunusu sərt tənqid etdi 

Millət vəkili Azay Quliyev Avropa Parlamentini tənqid edənlər sırasında oldu. O, bu qətnamənin qəbulunda Azərbaycanda 52 QHT-nin rolunun olması barədə iddiaları da təkzib edib: “Guya deyirlər ki, 52 QHT mənbə rolunu oynayıb. Bu belə deyil. Leyla Yunus və ona yaxın olan şəxslərin dəstəyi olub. Leyla
Yunusun isə millətə-dövlətə aidiyyatı yoxdur. Bu adam onlarınruporudur. Bu gün Azərbaycan ideal ölkə olsa da o yenə tənqid edəcək. İlqar Məmmədovun prezidentliyə namizəd olması isə gülməlidir. O, parlament seçkilərinə az sayda səs almışdı. Avropa Birliyi Azərbaycana ikili standartlarını davam etdirir. Bu gün Ermənistana göz yumulur. Ermənistanda namizədi güllələdilər. ATƏT isə seçkiləri təriflədi. Bu gün Gürcüstanda baş nazir həbsdədir. Frankfurtda insanlara işgəncə verdilər. Amma bunlara göz yumulur”. AVP sədri Fəzail Ağamalı isə bildirdi ki, bu qətnamə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin yeganə ifadəsi deyil: “Bu qətnamə də növbəti iftiranın, qərəzin, böhtanın bir formasıdır, başdan ayağa siyasi konyunkturaya söykənmiş bir sənəddir. Qətnamənin mahiyyətində Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə ciddi şəkildə mane olmaq, bu və ya digər şəkildə həmin proseslərdə müxalifətin rolunu gücləndirmək, olmayan müxalifətə yeni nəfəs vermək və beləliklə Azərbaycanın müstəqil siyasətini həyata keçirən ölkə prezidentinə mane olmaq dayanır. Bu gün ən müxtəlif şəkildə Azərbaycanın müstəqil siyasətinə qarşı ciddi müqavimət, təhdidlər var”.

Hadı Rəcəbli: “Oqtay müəllim, siz imkan vermədiniz ki, İlqar Məmmədovu tutduraq…”

Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə İlqar Məmmədovun hələ çoxdan həbs edilməli olduğunu dedi. “Oqtay müəllim, siz imkan vermədiniz ki, onu tutduraq. O iki dəfə Milli Məclisi təqhir eləmişdi. Bu gün Avropa Parlamenti onu müdafiə edir. Avropa Parlamenti kimdir ki, bizim daxili işimizə qarışır. Bu qurum Azərbaycana qarşı qərəzini açıq göstərir. Biz öz mövqeyimizi ən sərt formada deməliyik”. Müzakirələrə yekun vurmaq istəyən Oqtay Əsədov deputat İqbal Ağazadənin etirazı ilə qarşılaşdı. İqbal Ağazadə təkidlə ona söz verilməsini tələb etsə də spiker buna məhəl qoymadı. Qarşılıqlı dioloqdan sonra Oqtay Əsədov: “Get, şikayət elə” deyə bildirib. Spikerin bu cavabından sonra İqbal Ağazadə iclas zalını tərk edib.
Müzakirələrdən sonra Avropa Parlamenti əleyhinə qətnamə səsverməyə çıxarıldı və qəbul olundu.

Pərviz Həşimli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button