SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları

İstanbula və boğazlara sahib olmaq Rusiyanın çoxdankı arzusu idi

Avropada müharibə bitmək üzrəykən, 1945-ci il martın 19-da SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov Türkiyə Cümhuriyyətinin səfiri Səlim Sarperi görüşə dəvət etdi. Görüş zamanı Molotov səfirin nəzərinə çatdırdı ki, sovet hökuməti bu yaxınlarda müddəti bitəcək “Dostluq və hücum etməmək haqqında” sovet-türk müqaviləsini yeniləmək fikrində deyil.

Nazirin fikrincə, sözügedən müqavilə İkinci dünya müharibəsi zamanı baş verən dərin dəyişikliklər nəticəsində yeni şəraitə uyğun deyil və əsaslı şəkildə təkmilləşdirilməlidir. Səlim Sarper sovet tərəfinin mövqeyini təcili surətdə öz hökumətinə çatdıracağını bildirdi.

Türkiyənin xarici işlər naziri Hasan Saka aprelin 4-də sovet səfiri Sergey Vinoqradovu qəbul edərək öz hökumətinin mövqeyini açıqladı. Bildirildi ki, rəsmi Ankara sovet-türk dostluğuna əhəmiyyətli təsir göstərən həmin müqaviləni yüksək qiymətləndirir. Nazir hər iki tərəfin maraqlarına uyğun olan və ciddi şəkildə təkmilləşdirilən yeni müqavilə imzalamaq üçün sovet tərəfinin təkliflərini diqqətlə nəzərdən keçirəcəklərini söylədi.

“Dostluq və hücum etməmək haqqında” sovet-türk müqaviləsi 1925-ci ildə Parisdə imzalanmışdı. Onun müddəti 1931-ci ildə beş illik, 1935-ci ildə isə 10 illik uzadıldı və 1945-ci il noyabrın 7-nə kimi qüvvədə idi. Ankara müqavilənin uzadılacağına, hətta tərəflər arasında hərbi ittifaqın bağlanılacağına ümid edirdi, Moskvanın mövqeyi isə heç də xoş sürpriz olmadı.

Baş nazir Şükrü Saracoğlu Almaniya üzərində qələbə münasibətilə İosif Stalinə yazdığı məktubda münasibətləri yaxşılaşdırmaq üçün sovet liderinə xeyli mədhiyyələr yağdırdı, hətta ona “şəxsən sadiq” olduğunu yazdı. Stalinin bir sətirdən ibarət quru cavabı isə heç də ümidverici olmadı.

Nəhayət, iyunun 7-də Sovet İttifaqının nə istədiyi aydın oldu. Bir daha Sarperi qəbul edən Molotov yeni sovet-türk müqaviləsinin imzalanması üçün şərtləri açıqladı: a) tərəflər arasında 1921-ci il müqaviləsinə görə Türkiyəyə verilən Qars və Ərdəhan vilayətləri geri qaytarılmalıdır və bununla da haqsızlıq bərpa olunmalıdır; b) Qara dəniz boğazlarına (Bosfor və Dardanell) iki dövlət birgə nəzarət edəcək; c) boğazlarda SSRİ-nin hərbi-dəniz bazası yerləşdiriləcək.

Səlim Sarper 1921-ci il müqaviləsinin sovetlərə zorla qəbul etdirilmədiyini, əslində haqsızlıq yox, haqsızlığın bərpası (XVI əsrdən Osmanlı dövlətinin tərkibində olan Qars və Ərdəhan 1877-1878-ci illər müharibəsində Türkiyənin məğlubiyyətindən sonra Rusiyaya verilmişdi) olduğunu, bunu Leninin özünün etiraf etdiyini vurğuladı. Səfir nəhəng əraziyə malik SSRİ-nin bu kiçik torpağa ehtiyacı olmadığını, əvəzində bütün türk ictimai fikrinin rəğbətini itirəcəyini söylədi.

İyunun 18-də Molotov və Sarper yenidən görüşdülər. Səfir sovet tələblərinin qəbuledilməz olması barədə öz hökumətinin mövqeyini açıqladı. Molotovun Türkiyə ilə 1921-ci ildə imzalanan müqaviləni həmin ilin rus-polyak müqaviləsilə müqayisə etməsi səfirin etirazına səbəb oldu. Sarper bildirdi ki, Polşa ilə müqavilə müharibədən sonra imzalanıb, Türkiyə isə o zaman Rusiya ilə müharibə etməyib. Zatən müqavilənin də adı “Dostluq və qardaşlıq haqqında” idi. Beləcə tərəflər ortaq məxrəc tapmadan ayrıldılar.

***

İstanbula və boğazlara sahib olmaq Rusiyanın çoxdankı arzusu idi. Uzun müddət cənub dənizlərinə çıxışı olmayan Rusiya 1686-1700-cü illərin Osmanlı-Rusiya müharibəsindən sonra Azov qalasını tutaraq eyniadlı dənizə çıxış əldə etdi. Bununla belə, Qara dənizdə gəmiçilik və boğazlardan keçmək hüququ yox idi. Üstəlik I Pyotrun uğursuz Prut yürüşündən sonra Azov da itirildi.

1735-1739-cu illərdəki növbəti osmanlı-rus savaşı nəticəsində Azov yenidən ruslara qaytarıldı. Bununla belə, Rusiya Qara dənizdə donanma saxlaya bilməzdi və burada türk gəmiləri vasitəsilə ticarət etməli idi. Yalnız 1768-1774-cü illər müharibəsindən sonra imzalanan Kiçik Qaynarca sülh müqaviləsi rusların ticarət gəmilərinə Qara dənizdə üzmək və boğazlardan sərbəst keçmək hüququ verdi. Bu hüquq sonrakı illərdə qarşılıqlı münasibətlərdən asılı olaraq Osmanlı tərəfindən gah tanındı, gah rədd edildi.

1833-cü ildə sultan II Mahmud öz vassalı, Misir paşası Mehmet Əli ilə mübarizə üçün Rusiyadan yardım istəməli oldu. Bu yardımın müqabilində imzalanan Hünkar İskələsi müqaviləsi Rusiyaya boğazlarda xüsusi imtiyaz tanıyırdı. Belə ki, müqavilənin gizli maddəsinə əsasən Rusiya hər hansı bir Avropa ölkəsi ilə müharibə edərkən hərbi gəmiləri boğazlardan sərbəst keçə bilərdi, qarşı tərəfin gəmiləri isə Qara dənizə buraxılmamalı idilər.

Müqavilənin bu şərti gizli olsa da, Osmanlı sarayında pul qarşılığında xeyli xəbərçi saxlayan İngiltərə və Fransa tezliklə xəbərdar oldular və kəskin etiraz etdilər. Bununla belə, müqavilə qüvvədə qaldı. Onun səkkiz illik müddəti bitəndən sonra İngiltərə, Fransa, Osmanlı, Rusiya, Avstriya və Prussiya boğazların statusu barədə London konvensiyasını imzaladılar. Bu sənədə görə, boğazlar sülh dövründə bütün ölkələrin hərbi gəmiləri üçün bağlı elan edilirdi. Türkiyə özünün iştirak etdiyi müharibə zamanı isə istədiyi kimi istifadə edə bilərdi.

Rusiyaya qarşı İngiltərə, Fransa və Osmanlının birlikdə apardıqları Krım müharibəsindən sonra imzalanan Paris sülhü boğazlarla bağlı hərbi gəmilərə qoyulan qadağanı bir daha təsdiq etdi. Üstəlik, Qara dənizdə hərbi donanma saxlamaq qadağan olundu. Rusiya və Osmanlı hər biri yalnız sahil mühafizəsi üçün 10 yüngül hərbi gəmi saxlaya bilərdilər. Belə vəziyyət Rusiyanın bölgədə təsirini xeyli sarsıtdı. Ancaq bu status-kvo çox çəkmədi.

1871-ci ildə Rusiyanın tələbi ilə Londonda çağrılan daha bir beynəlxalq konfrans Qara dənizdə hərbi donanmaya qoyulan qadağanı ləğv etdi. Rusiya da, Osmanlı da burada istədikləri sayda hərbi gəmiyə malik ola bilərdilər. Boğazlardan hərbi gəmilərin keçidi yenə qadağan idi, yalnız Türkiyəyə dost bildiyi ölkələrin hərbi gəmilərini buraxmaq hüququ verildi.

Birinci dünya müharibəsi zamanı Rusiyanın nail olmaq istədiyi əsas hədəflərdən biri də boğazlara özünün sahiblənməsi idi. Zatən 1915-ci ildə İngiltərə və Fransa müharibədə qalib gəldikdən sonra İstanbul və boğazların Rusiyaya verilməsinə razı oldular. Lakin Rusiyada hakimiyyətə gələn bolşeviklərin Mərkəz dövlətlərilə separat sülh bağlayaraq müharibədən çıxmasına görə bu razılaşma həyata keçmədi.

Mustafa Kamal paşanın rəhbərliyilə aparılan Qurtuluş savaşının qələbəsindən sonra imzalanan Lozanna sülh müqaviləsinə əlavə konvensiya Bosfor və Dardanell boğazlarının hərbsizləşdirilməsini, yəni sahil istehkamlarının ləğvini nəzərdə tuturdu. Sülh dövründə və Türkiyənin iştirak etmədiyi müharibə zamanı bütün dövlətlərin icarət və hərbi gəmiləri boğazlardan sərbəst (xırda istisnalarla) keçə biləcəkdilər. Türkiyə savaşa qoşulardısa, boğazlardan bitərəf ölkələrin gəmiləri keçə bilərdi. Boğazlara nəzarət üçün beynəlxalq komissiya yaradılacaqdı.

Ankara 1930-cu illərdə beynəlxalq vəziyyətin gərginləşməsindən istifadə edərək boğazların statusunu öz xeyrinə dəyişə bildi. İsveçrənin Montrö şəhərində 1936-cı ildə imzalanan yeni konvensiyaya görə, Türkiyənin boğazlar üzərində suverenliyi tam bərpa olundu və hərbiləşdirmək icazəsi verildi.

Konvensiyaya görə, sülh dövründə Qara dəniz sahillərində yerləşən ölkələr Türkiyəni öncədən xəbərdar etməklə istənilən hərbi gəmilərini boğazlardan keçirə bilərdilər. Digər ölkələrin Qara dənizdə öz hərbi gəmilərini saxlamaq hüquqları xeyli məhdudlaşdırılırdı. Yalnız kiçik suüstü gəmilər Qara dənizə keçə və 21 gün qala bilərdilər. Onların ümumi tonnajı 30 min tondan çox ola bilməzdi.

Müharibə vaxtı Türkiyə bitərəf qalardısa, boğazlar bütün ölkələrin hərbi gəmiləri üçün bağlanırdı. Türklər müharibədə iştirak edərdilərsə və ya özünü müharibə təhlükəsi qarşısında sayardılarsa, boğazlardan istədikləri kimi istifadə edə bilərdilər. Ticarət gəmiləri isə sülh və müharibə dövründə (Türkiyə bitərəf olduğu təqdirdə) boğazlardan məhdudiyyətsiz keçə bilərdilər.

Sənədi Böyük Britaniya, Fransa, SSRİ, Türkiyə, Bolqarıstan, Rumıniya, Yuqoslaviya, Yunanıstan, Avstraliya və Yaponiya 20 illik müddətə imzaladılar (1938-ci ildə İtaliya da qoşuldu). Əgər bu müddətin bitməsinə 2 il qalana qədər tərəflərdən kimsə onu denonsasiya etmək istəyini açıqlamasa, qeyri-müəyyən müddətə qədər uzanacaqdı. Həmçinin, sənədin 29-cu maddəsi tərəflərə hər 5 ildən bir müqaviləyə dəyişiklik edilməsi barədə məsələ qaldırmaq hüququ verirdi.

***

Əvvəlki rejimlə müqayisədə Montrö şərtləri Sovet İttifaqının maraqlarına daha uyğun idi. Buna baxmayaraq, Stalin rus çarlarının siyasətini davam etdirərək boğazları öz nəzarətinə keçirmək barədə düşünürdü. 1939-cu ildə Almaniya ilə “Hücum etməmək haqqında” müqavilə imzalamaqla dost münasibətləri yaradan Moskva bundan da boğazlar məsələsində yararlanmaq istəyirdi.

1940-cı ilin noyabrında Vyaçeslav Molotovun Berlin səfəri zamanı alman tərəfi sovetlərə Almaniya, İtaliya və Yaponiya ilə birlikdə “Dördlər paktı” imzalamağı və Şərq yarımkürəsini bu dörd dövlətin nüfuz dairələrinə bölməyi təklif edirdi. Amma SSRİ-nin Mehvər ölkələrinə qoşulmaq üçün irəli sürdüyü bəzi şərtlər Almaniya üçün qəbuledilməz oldu, onlardan biri də boğazlarda hərbi-dəniz bazası yaratmaq istəyi idi.

İkinci dünya savaşının gedişində dönüş yarandıqdan və antihitler koalisiyasının qalib gələcəyi ehtimalı artandan sonra SSRİ yenidən boğazlar barədə düşünməyə başladı. Böyük üçlüyün (Çörçill, Ruzvelt, Stalin) 1943-cü ilin payızında Tehranda keçirilən konfransında mövzuya səthi toxunuldu. İngilislər və amerikalılar buna nəinki etiraz etmədilər, hətta Çörçill özü Türkiyənin müharibəyə qoşulmamasının onun boğazlar üzərindəki hüququna təsirsiz ötüşməyəcəyini söylədi.

Stalin və Çörçillin iştirakı ilə 1944-cü ilin oktyabrında Moskvada keçirilən görüşlərdə, eləcə də Böyük üçlüyün 1945-ci ilin fevralında Yaltada baş tutan konfransında da boğazlar məsələsi müzakirə edildi. Stalin Montrö konvensiyasını çağdaş şəraitə uyğun olmadığını və dəyişiklik gərəkdiyini söyləyirdi. Etiraz etməyən Çörçill sovet tərəfinə konkret təkliflərini hazırlamağı məsləhət gördü.

Nasizm üzərində qələbədən bir müddət sonra, iyulun 17-də Almaniyanın Potsdam şəhərində müttəfiq liderlərin son konfransı keçirildi. Aprel ayında vəfat edən Ruzveltin əvəzinə yeni prezident Harri Trumenin iştirak etdiyi toplantıda boğazlar məsələsi daha ətraflı müzakirə olundu.

Həmin vaxt Molotov-Sarper görüşləriartıq baş tutmuşdu və Ankara da həm ABŞ-ı, həm də İngiltərəni durumdan hali etmişdi. Trumen administrasiyası məsələyə olduqca sakit reaksiya vermiş, hətta dövlət katibinin müavini Cozef Qryu sovetlərin ərazi iddialarını təhdid deyil, dostca alış-veriş kimi dəyərləndirmişdi. Türk səfiri Hüseyin Baydur buna “sovetlər Boston və San-Fransiskonu istəsəydilər, bunu dostca bir müzakirə olaraq dəyərləndirərdinizmi?” kimi reaksiya verdi.

İngiltərə isə sovetlərin boğazlarla bağlı istəklərini Çörçillin əvvəllər verdiyi razılıqdan kənara çıxdığı qənaətində idi. Moskva və Yaltada söhbət Montrö konvensiyasının bəzi şərtlərinin dəyişdirilməsindən gedirdi. İndi SSRİ-nin Türkiyədən istədikləri isə həmin konvensiyanın tamamilə ləğv edilməsi və boğazlarda özünün hegemon olması demək idi. London Türkiyəyə qarşı ərazi iddialarını da yolverilməz sayırdı.

Potsdam konfransı günlərində sovet mətbuatı Türkiyənin müharibə illərində yürütdüyü siyasəti yanlış tərzdə təqdim edən materiallar dərc edirdi. Bu materiallara görə, Ankara SSRİ-yə qarşı düşmən, Almaniyaya yönəlik isə dost siyasət yürüdüb. Halbuki Tehran konfransında Stalin özü Türkiyəni Böyük Britaniyanın müttəfiqi, ABŞ və SSRİ-nin isə dostu adlandırırdı.

Konfransda Türkiyə məsələsi ilk dəfə iyulun 22-də Çörçill tərəfindən qaldırıldı. Baş nazir boğazlar məsələsinin yalnız Türkiyə və SSRİ arasında deyil, Yaponiya istisna olmaqla Montrö müqaviləsini imzalayan bütün dövlətlərin iştirakı ilə həll edilməli olduğunu söylədi. O, həmçinin, sovetlərin ərazi iddiaları ilə yanaşı Bolqarıstanda xeyli qoşun saxlamalarından, sovet mətbuatında yazılanlardan türklərin əndişə keçirdiyini bildirdi.

Çörçillin fikirlərinə sovet tərəfindən Stalinin təklifilə Molotov cavab verdi. O, yenə də 1921-ci il müqaviləsini ədalətsiz olduğunu, türklərin Rusiyanın ağır vəziyyətindən sui-istifadə etdiklərini bildirdi. Boğazlar məsələsinin yalnız Türkiyə və Rusiya arasında həll edilməsinin isə ilk dəfə olmadığını söyləyərək Hünkar iskələsi müqaviləsini xatırlatdı. Çörçill həmin müqavilə ilə tanış olmaq üçün vaxt istədi. Trumen isə problem üzrə fikrini bildirməyə hazır olmadığını, sovet təklifləri üzərində düşünəcəyini söylədi.

Ertəsi gün Moskvanın mövqeyini Stalin özü şərh etdi. O, ərazi iddialarının hərbi ittifaq müqabilində qaldırıldığını söylədi: “Əgər Türkiyə sərhəd xəttini düzəltmək istəmirsə, ittifaq məsələsi qapanır”. Boğazların indiki rejimini isə Stalin Sovet İttifaqı üçün “dözülməz” adlandırdı: “Belə çıxır ki, İngiltərənin dəstəklədiyi kiçik dövlət böyük dövlətin boğazından yapışıb və ona keçid vermir”. Stalin həmçinin Türkiyənin hərbi zəifliyini önə sürərək onun boğazları təkbaşına qorumağa qadir olmadığını, buna görə də boğazlarda sovet bazasının zəruriliyini iddia etdi.

Növbəti çıxış edən Trumen beynəlxalq daxili su yollarının bütün dövlətlər üçün açılmasına tərəfdar olduğunu bildirdi və müvafiq təkliflər layihəsini tərəflərə təqdim etdi. Prezident ərazi məsələsinin isə SSRİ və Türkiyənin ikisinin həll etməli olduqlarını söylədi. Bu fikirdən məmnun olan Stalin boğazlarla bağlı ABŞ layihəsini nəzərdən keçirmək üçün vaxt istədi və tərəflər başqa məsələlərin müzakirəsinə keçdilər.

Ertəsi gün isə sovetlər layihəni qəbul etmədilər. Moskva boğazların hamıya açılmasını deyil, özünün burada hegemon olmasını sitəyirdi. Qısa müzakirədən sonra məsələ yenə təxirə salındı. Stalin belə bir qənaətə gəldi ki, öz istəklərini zəif Türkiyəyə qəbul etdirmək daha asandır, nəinki ABŞ və Böyük Britaniyaya. Buna görə də Türkiyə məsələsi konfransda daha müzakirə olunmadı.

***

Ankara Potsdamda gedən müzakirələrdən xeyli narahat idi. Türklər böyük dövlətlərin 1938-ci ildə Münhendə Çexoslovakiyanın taleyini özündən xəbərsiz həll etdiklərini xatırlayaraq, eyni şeyin Potsdamda Türkiyə ilə bağlı da baş verəcəyindən qorxurdular. Amma konfransın yekun sənədlərində boğazlar mövzusuna toxunulmaması yaxşı əlamət sayılırdı.

Bununla belə, sovet təhdidləri ilə başabaş qalan türklər üçün növbəti il olduqca ağır keçdi. Sovet mətbuatında Türkiyə əleyhinə məqalələr fasiləsiz dərc olunurdu. Gürcü və erməni mətbuatında ərazi iddialarını əsaslandıran yazılar yer alırdı. Hətta onlar arasında rəqabət belə başlamışdı. Hər biri Türkiyədən alınacaq torpaqlardan bacardıqca pay qoparmağa çalışırdı.

İddia olunan ərazi 26 min kv km-dən ibarət idi. Moskva hesab edirdi ki, bunun 20500 kv km-i Ermənistana, 5500-ü isə Gürcüstana çatmalıdır. Gürcülər bununla razılaşmayaraq həmin ərazilərin təxminən bərabər bölünməli olduğu fikrini müdafiə edirdilər. Üstəlik, gürcü iddiaları Trabzon, Rizə, Giresun, Ordu ərazilərinə qədər uzanırdı.

Sovet hökumətinin bu siyasəti Türkiyədə ona qarşı münasibətin kəskin dəyişməsinə səbəb oldu. İctimai fikirdə Atatürk dövründən yürüdülən bitərəflik, bütün ölkələrlə normal münasibətlərə nail olmaq siyasətinin əvəzinə Qərblə yaxınlaşmaq istəkləri üstünlük təşkil etdi. Sovet İttifaqı ilə dostluq münasibətlərini təbliğ edən Tan qəzetinin redaksiyası 1945-ci ilin dekabrında basqına məruz qaldı və yayımını dayandırmalı oldu.

1946-cı ildən etibarən beynəlxalq vəziyyət Türkiyənin xeyrinə dəyişməyə başlayır. Artıq keçmiş Baş nazir olan Uinston Çörçill Türkiyəyə qarşı iddialara da toxunduğu məşhur Fulton nitqində Sovetlərin getdikcə artan ekspansiyasının qarşısını almağa çağırır. ABŞ özü də bir il sonra “Trumen doktrinası” adını alacaq və SSRİ-ni “durdurmağı” ehtiva edən siyasətə üstünlük verməyə başlayır.

Türkiyənin Vaşinqtondakı səfiri vəzifəsində çalışarkən vəfat edən Münir Ertegünün nəşi böyük ehtiramla “Missuri” hərbi gəmisində İstanbula gətirildi. “Missuri” İkinci dünya müharibəsinin rəsmən bitdiyi yer idi: məhz onun göyərtəsində Yaponiyanın təslim aktı imzalanmışdı. Cənazənin bu gəmi ilə gətirilməsi ABŞ-ın Türkiyənin yanında olduğuna eyham idi.

***

Montrö müqaviləsinə beş ildən bir dəyişiklik etmək hüququna istinad edən sovet hökuməti 1946-cı il avqustun 7-də öz tələblərini irəli sürdü: 1) Boğazlar hər zaman ticarət gəmilərinə açıq olmalıdırlar; 2) Boğazlar Qara dəniz ölkələrinin hərbi gəmilərinə hər zaman açıq olmalıdırlar; 3) Boğazlar xüsusi hallar istisna edilməklə Qara dəniz ölkəsi olmayan ölkələrin hərbi gəmilərinə qapalı olmalıdırlar; 4) Boğazları idarə edəcək komissiya yalnız Qara dəniz ölkələrindən təşkil olunacaq; 5) Boğazların müdafiəsində Sovet İttifaqı Türkiyə ilə birlikdə iştirak etməlidir.

Nota ilə əlaqədar ABŞ dövlət katibinin müavini Din Açeson öz rəhbəri Ceyms Birnsə göndərdiyi qeydlərdə yazırdı: “Biz hesab edirik ki, əgər Sovet İttifaqı guya boğazların müdafiəsi üçün Türkiyəyə qoşun yeridə bilsə, bundan ölkə üzərində nəzarəti ələ keçirmək üçün istifadə edəcək”.

Kremlin Türkiyə ilə bağlı planlarının elan etdiyindən artıq olduğunu o zaman Yuqoslaviyanın Moskvadakı səfiri Popoviçin öz hökumətinə göndərdiyi məlumat da sübut edir. Səfir bu məlumatda Molotovla görüşü zamanı sonuncunun Türkiyənin Avropa ərazilərindən və Egey dənizi sahillərindən məhrum ediləcəyini söylədiyini xəbər verirdi. Molotov bunu slavyan xalqlarının gələcəyi üçün lazım olduğunu iddia edirdi.

Sovet notasına ilk etiraz avqustun 19-da ABŞ-dan gəldi. Vaşinqton boğazların yenə də Türkiyənin mühafizə etməli olduğunu bildirirdi. İki gün sonra rəsmi London öz münasibətini açıqlayaraq sovet tələblərinin dördüncü və beşinci bəndlərinə etiraz etdi. Avqustun 22-də isə Ankara həmin bəndlərin Montrö konvensiyasının 29-cu maddəsində nəzərdə tutulan dəyişikliklər olmadığını, konvensiyanın ləğvini ehtiva etdiyini vurğuladı. Halbuki həmin sənəd 20 il müddətində qüvvədədir, – deyə türk hökuməti bildirirdi.

Qeyd etmək lazımdır ki, sovet hökuməti nota verməklə eyni zamanda Türkiyə sərhədlərinin yaxınlığında əzələ nümayiş etdirərək hərbi hazırlıqlar görməyə başlamışdı. ABŞ buna da adekvat cavab verərək içində aviadaşıyıcının da olduğu gəmilər qrupunu avqustun 16-da Aralıq dənizinə göndərərək Türkiyəyə qarşı mümkün təcavüzə seyrçi qalmayacağını göstərdi.

Sovet hökumətindən növbəti nota sentyabrın 24-də gəldi. Yuqoslaviya səfirinə türkləri Avropadan qovmaq lazım gəldiyini söyləyən sovet hökuməti bu notada Türkiyənin Sovet İttifaqına etibar etməməsini təhqiramiz sayırdı. Notada boğazların birlikdə mühafizəsinin Türkiyənin də maraqlarına uyğun olduğu iddia edilirdi, çünki “sovet-türk müdafiə tədbirləri daha effektli olacaq, nəinki təkcə Türkiyənin”.

Sovet notasına yenə də ABŞ və İngiltərə daha tez cavab verdilər, hər ikisi oktyabrın 9-da. Vaşinqton da, London da sovet iddialarını yenə də əsassız sayırdılar. Oktyabrın 18-də isə Ankara öz mövqeyini açıqlayaraq SSRİ-nin öz müdafiə hüququnun niyə Türkiyə ərazisində və Türkiyənin suverenliyinə qəsd edərək həyata keçirməli olduğunu soruşurdu.

Nəticədə sovet iddiaları dalana dirəndi. O zaman atom bombasına malik ABŞ yeganə dövlət idi və Moskva bunu nəzərə almaya bilmirdi. Montrö konvensiyasına dəyişiklik üçün yeni konfrans çağırmaq da perspektivli görünmürdü. Çünki xatırlanan 29-cu maddəyə görə, konvensiyanın prinsipial şərtlərini yalnız yekdilliklə dəyişmək mümkündür. Aydın məsələdir ki, Moskva belə yekdilliyə ümid edə bilməzdi.

***

İosif Stalin İkinci dünya müharibəsindən sonra öz qüvvəsinə həddindən artıq arxayın olaraq beynəlxalq vəziyyəti, eləcə də türklərin öz suverenliyini qorumaq əzmini düzgün qiymətləndirmədi. Buna görə də ciddi məğlubiyyətlə üzləşdi. Sovet-türk münasibətlərindəki “əsəb savaşı” 1946-cı ildən sonra səngisə də, Kreml yalnız Stalinin ölümündən sonra, 1953-cü ilin mayın 30-da həm ərazi iddialarından, həm də boğazlarla bağlı mövqeyindən geri çəkildiyini açıqladı. Montrö konvensiyasında göstərilən 20 illik müddət 1956-cı ildə başa çatanda da denonsasiyası istənilmədi və beləcvə, avtomatik qeyri-müəyyən müddətə uzadıldı.

Bununla belə, sovet iddiaları Türkiyə ilə münasibətlərə ciddi xələl gətirdi və onun Qərbyönümlü dövlətə çevrilməsinə səbəb oldu. Ankara ABŞ-ın qoyduğu şərt nəticəsində təkpartiyalı sistemdən imtina etdi. Bundan sonra demokratik dövlət kimi Trumen doktrinası çərçivəsində kömək göstərildi.

1947-ci ildə ABŞ prezidenti Türkiyəyə yardım haqqında qanunu imzaladı. Bu qanun kredit, borc, hədiyyə şəklində maliyyə yardımını, məhdud sayda ABŞ hərbçilərinin müşavir şəklində göndərilməsini, türklərə təlim keçirilməsini, müxtəlif xidmətlərin göstərlməsini, informasiya mübadiləsini nəzərdə tuturdu. Türkiyəyə ayrılan ilk 100 milyon dolların 48 milyonu orduya, 26 milyonu hərbi aviasiyaya, 15 milyonu hərbi donanmaya, qalanı isə strateji yolların təmirinə və infrastrukturun yaxşılaşdırılmasına yönəlməli idi.

Sovet təhdidləri Türkiyənin özünü də hərbi sahəyə xeyli vəsait ayırmağa vadar etdi. Nəticədə 1946-1948-ci illərdə ölkənin qızıl ehtiyatı 210 tondan 144 tona qədər azaldı. ABŞ hökuməti həm də Marşall planı çərçivəsində 1948-1951-ci illərdə Türkiyə iqtisadiyyatına 137 milyon dollar məbləğində vəsait ayırdı.

Türkiyə 1950-ci ildən Koreya müharibəsində ABŞ-ın ən yaxın müttəfiqi kimi iştirak etdi. Qərbyönümlü siyasətin kulminasiyası isə ölkənin 1952-ci ildə NATO hərbi alyansına üzvlüyü oldu.

1957-ci ildə Kommunist partiyasının plenumunda Nikita Xruşşov Stalinin Türkiyəyə qarşı siyasətinin kəskin və emosional tənqid etdi: “Almanları məğlub etdik. Başlar gicəlləndi. Türklər dostdurlar, yoldaşlar. Yox, gəl nota yazaq, dərhal Dardaneli verəcəklər. Belə axmaqlar olmur. Dardanel Türkiyə deyil, orada dövlətlərin düyünü var…Bu səfehlik idi. Nəticədə dost Türkiyəni itirdik, indi orada Amerika bazaları var və bizim cənub ərazilərimizi hədəf altında saxlayırlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button